Medianews.az
Hakimiyyətin ehtiyat namizədi varmı?
235 baxış

Hakimiyyətin ehtiyat namizədi varmı?

Azər Rəşidoğlu

“Bir cənub şəhərində anti-əyalət strategiyası”

 

Bank, sığorta, vergi, mədəniyyət və turizm, səhiyyə, maliyyə, təhsil kimi mühüm qurumlara nəzarət edən ikinci hakim ailə artıq siyasi spektrə də sahib çıxmaq üzrədir. Yeni Azərbaycan Partiyası rəhbərliyində də şərti olaraq “Bakı klanı” adlandırılan qruplaşmanın “səhmləri” əsaslı dərəcədə artıb. Partiyanın son qurultayında millət vəkili Mehriban Əliyevanın və AMEA prezidenti Akif Əlizadənin sədr müavinləri postu tutması təsadüfü hesab oluna bilməz. MTN, xarici işlər, mədəniyyət nazirliliklərinə təsiri olan “ikinci hakim ailə”nin adı daha bir təyinatla bağlı da hallanmağa başladı. General-mayor Fazil Quliyevin simasında daxili işlər nazirinin yeni müavininin təyin edilməsi “Bakı klanı”nı bu qurumu da öz nəzarətinə almaq niyyətinin xəbərçisi hesab oluna bilər.

Bir sözlə, ikinci hakim ailənin qarşısına minimum və maksimum planlar qoyduğu da bəllidir. Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun uzun müddətli siyasi sürgündən vətənə qayıdışının əsas təşəbbüskarı kimi çıxış edən “Bakı klanı” əslində siyasi iddia ilə çıxış etmək niyyətinin olduğunu nümayiş etdirmişdi. Sabiq prezidentin “ikinci hakim ailə”nin yanında yer alması Bakı-Şirvan elektoratının seçimini dəyişdirə bilər.

Beləliklə, ikinci hakim ailə YAP rəhbərliyi ilə yanaşı bir çox nazirlikləri öz nəzarətlərinə keçirtməklə iki hədəf uğrunda mübarizə apardıqlarını nümayiş etdirir. Birincisi, xarici və daxili amillər hazırkı dövlət başçısının üçüncü dəfə dalbadal prezidentliyinə qarşı daha açıq şəkildə təzyiqlər edərsə, hakim elita ehtiyat namizədlə çıxış edə bilər. İkincisi, eyni şəxs növbəti dəfə ölkə rəhbəri olarsa, “Bakı klanı”nın lideri yeni baş nazir kürsüsünü hədəfləyə bilər. Nəzərə alsaq ki, nazirlərin əksəriyyəti məhz adıçəkilən qruplaşmaya daxildir, Artur Rəsizadənin xələfi üçün yeni postda əyləşməyin xüsusi bir çətinlik yaratmayacağını ehtimal edə bilərik.

Növbəti hədəfdə isə 2015-ci ildə keçiriləcək parlament seçkilərində nəzarət zərfini əldə etmək iddiasında olan “Bakı klanı” 2018-ci ildə ölkənin yeni rəhbəri statusunu əldə etməyə daha yaxın ola bilər.

Vurğulayaq ki, baş verənlər “Bakı  klanı”nın “ikinci nəfəsidir”. 1990-cı ildə  Ayaz Mütəllibovun prezident seçilməsindən sonra bu qruplaşma revanş arzusunda olan Naxçıvan və Qərbi Azərbaycan klanını xeyli dərəcədə sıxışdırmağa nail olmuşdu. Lakin 1993-cü ildən başlayaraq, “Bakı klanı”nın mövqeləri əsaslı dərəcədə sarsıldı. Bu baxımdan, uzun illər gözləmə mövqeyi tutan bu qruplaşma ikinci hakim elitanın manevrlərində onlara yer verilməsindən məmnun qalmaya bilməzdi.

İkinci hakim ailə faktiki olaraq “Bakı klanı”nı dirçəltməklə yanaşı daha bir gediş edib. Ötən əsrin 90-cı illərində populyar olan “бакинцы  -  есть такая нация» (bakılı – belə bir millət var) nəzəriyyəsinin daşıyıcıları olan, hazırda dünyanın müxtəlif ölkələrində siyasi və mədəniyyət elitalarında yüksək səviyyədə təmsil olunan, Bakıda dünyaya gəlmiş insanları bir bayraq ətrafında birləşdirmək cəhdlərinin konturları cızılmaqdadır. Xüsusi millət kimi səciyyələndirilən “bakinets” heç də kökəncə bakılı və yaxud abşeronlu olmağı ehtiva etmirdi. Daha çox zadəganlara məxsus olan, kosmopolit, rusdilli bu təbəqənin içində ən müxtəlif  millətlərin nümayəndələri var idi və onları birləşdirən əsas dəyər Bakıda doğulub böyümələri, yaşamaqları idi. Bu zümrəyə mənsub olanların mühüm bir hissəsi artıq ölkədən getsə də, Bakı üçün xiffət çəkməkdə davam edirlər. Lakin burada bir dərin və incə məqam mövcuddur. Adıçəkilən təbəqənin müxtəlif nümayəndələri, o cümlədən şahmat üzrə dəfələrlə dünya çempionu, keçmiş bakılı Harri Kasparov “bizim tanıdığımız və sevdiyimiz Bakı artıq ölüb”, - deyə göz yaşı töküblər.   

Geniş əlaqələri və imkanları  olan bu insanlar onların düşüncələrini paylaşan, onları  xiffətdən azad edəcək bir simanın Azərbaycanda hakimiyyətə gəlməsi üçün hər cür yardım etməyə hazır ola bilərlər.

Ümumiyyətlə, “bakinets” amili yenidən Azərbaycan siyasi həyatında önəmli rol oynamağa başlayıb. Hamının “ən böyük bakılı” kimi tanıdığı, “Anti-əyalət strategiyası” ssenarisinin və “9-cu Xrebtovıy” (“Bir cənub şəhərində” filmi) hekayəsinin müəllifi, kinodramaturq Rüstəm İbrahimbəyovun Milli Şuraya sədr seçilməsi də deyilənləri sübut edir. Göründüyü kimi, istər iqtidar, istərsə də müxalifət eyni sosial bazanın dəstəyinə ümid edir.

Azərbaycanda siyasi münasibətlər sistemində  paradiqmaların dəyişməyə başladığı da göz önündədir. Hər halda, ikinci hakim ailə ilə Milli Şura rəhbərinin daha asan dil tapa biləcəyi də şəksizdir. Ən azı ona görə ki, onların danışacağı dil və seçəcəkləri mövzular baxımından ciddi problemləri olmayacaq...

musavat.com

Bizə qoşulun