
Yenə xəyal qırıqlığı yaşansa...
Hakim partiya öz namizədini, nəhayət, rəsmən elan elədi. Bəzi gözləntilərə rəğmən, iddiaçının ismi əslində ciddi şübhələr doğurmurdu. Hərgah, nəzəri baxımından iqtidar “qırmızı xətti” nəzərə alıb seçkilərədək əsas namizədini dəyişə də bilər. Bənzər praktika 10 il öncə olub. Eyni gündə müxalifət düşərgəsinin əsas təmərküzləşmə və güc mərkəzi sayılan Demokratik Qüvvələrin Milli Şurası isə vahid namizədini elan edə bilməsə də, kolliziyasız-filansız birinci toplantısını keçirə bildi və hələlik yalnızca sədri seçməklə siyasi meydana daxil olmaq üçün pasport aldı.
Milli Şuranın vahid və ya əsas namizədi məsələsi ilk iclasda həllini tapmadı. Bu da təəccüblü olmadı. Zira, hakimiyyətdən fərqli olaraq müxalif düşərgə yekcins deyil. Konkret olaraq MŞ-də isə kifayət qədər fərqli ideoloji spektrlərə malik qüvvələr, şəxslər təmsil olunub.
Ancaq MŞ təsisçilərinin əsas məramı, hədəfi özlərinin bəyan etdiyi kimi, qarşıdakı seçkilər hesabına ölkədə avtoratirzmdən demokratiyaya dinc keçidə nail olmadısa, o zaman məntiqlə vahid (əsas) namizəd məsələsində maksimum qısa zamanda anlaşma əldə edilməlidir ki, düşərgənin məhdud maliyyə, inzibati, media resursları ləngimədən işə düşsün. Paralel olaraq bu məsələdə gözləmə mövqeyi tutan bəzi neytral iqtisadi, biznes dairələri də öz işini bilsinlər. Nəhayət, Qərb, azad dünya Azərbaycana münasibətini korrektə eləsin.
Belə bir anlaşma qaçılmazıdır. Əks təqdirdə, Şuranın yaranmasının anlamı xeyli bəsitləşəcək. Bir də ki, “su qaba düşdü, oldu içməli”. Əgər dünənədək az qala bir-birinin qanını içməyə hazır olanlar indi vahid hədəf naminə vahid təşkilat, vahid komanda halına gəliblərsə, demək, vahid namizədi müəyyən eləməyə də özlərində güc tapa bilərlər və bilməlidirlər. Əks halda, təkrar edirik, tarixdə bu qurumun təmtəraqlı adından savayı heç nə qalmayacaq. Sevinən isə Azərbaycanı uçuruma doğru aparanlar olacaq.
İdeoloji ziddiyyətləri yoluna qoymaq da öncəliklə elə onların - millətin öndə gedən və böyük məsuliyyət altına könüllü girənlərin görəvidir, Azərbaycan xalqının yox. Xeyli dərəcədə öz taleyinə laqeyd durumda olan xalqı növbəti dəfə məyus və ümidsiz duruma salmaq, sonuncu xəyal qırıqlığına uğratmağın qəti zamanı deyil.
Xalqın yek istəyi, sifarişi müxalifətin maksimum vahid cəbhədən və mövqedən çıxış edərək, iqtidara qarşı uğurlu və ağıllı koalisiya yaratması, effektli formada opponentlik eləməsidir. Uğurlu taktikanı seçmək də yenə müxalifətin missiyasıdır. Bu yöndə ona səbir və çeviklik diləməkdən savayı əlimizdən heç nə gəlmir.
Ancaq hamı bilir ki, Milli Şura 129 nəfərdən ibarət olsa da, bu qurumun taleyini cəmi 4-5 nüfuzlu şəxs həll edir və edəcək. Çünki yerdə qalanlar məhz onların (liderlərin) ətrafında cəm olanlardır. Demək, tarixi anlaşmanın yolunu da ləngimədən onlar tapmalıdırlar. Əgər vahid namizəd olmayacaqsa, vahid güc mərkəzi, vahid komanda da olmayacaq, çəkici eyni zindana vurmaq mümkünsüz hala gələcək. Bu isə o deməkdir ki, demokratik qüvvələr seçkiyə növbəti dəfə də kasad maliyyə, inzibati, təbliğati resursları parçalanmış durumda gedəcək...
Qarşıdakı seçkilərin müxalifət liderləri üzərinə qoyduğu bir mühüm missiya da var. Məsələ ondadır ki, hakimiyyət tərəfdən hazırkı prezidentin namizədliyinin üçüncü dəfə irəli sürülməsi beynəlxalq hüquq və demokratik ənənələrə zidd hesab edilir və ölkənin imicinə zərərdir. Bu zərəri yalnız önümüzdəki seçkilərin azad və ədalətli keçirilməsi kompensasiya edə bilər. Demirlərmi ki, son söz xalqındı? Olsun da. Yetər ki, xalqın öz iradəsini sərbəst şəkildə ifadə eləməsinə maneələr yaradılmasın.
Milli Şura bu maneələri aradan qaldırmaqda unikal və çox mühüm tarixi şansa malikdir. Vaxt qapını döyür...