
Psevdoalim istehsalı dayanır?
Azərbaycanda məmurların elmi ad alması qadağan olunubmuş. Bunu mediaya Elmlər Akademiyasının müxbir üzvü, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib. Səbəb də odur ki, məmurlar vəzifələrindən faydalanaraq dissertasiya şurasına hücum çəkir, öz dissertasiyalarını asanlıqla müdafiə edirmişlər. Klassik sərkərdələr əbəs yerə deməyiblər ki, ən yaxşı müdafiə hücumdur.
Yeni qaydaya görə, artıq elmi ad almaq istəyən məmur vəzifəsi ilə vidalaşmalıdır. Yəni nazir, prokuror, rəis, hakim və sair bu kimi mühüm vəzifələrdə çalışan kadrlar hüquq elmləri namizədi və ya doktoru olmaq istəyirlərsə, gərək vəzifələrindən istefa versinlər, gəlib elmiş işçi olsunlar və vədə başında müdafiə eləsinlər.
Razılaşaq (istəməyən razılaşmasın) ki, heç bir ağlı başında hakim, prokuror və rəis bu işə qol qoymaz. O səbəbdən ki, hüquq elmləri namizədinin və ya doktorunun 1 ayda qazandığı pulu vəzifələri yuxarıda göstərilən kadrlar 3 saniyənin içində qazanır.
Sual çıxır: bəs elədirsə, gəlirli, mənfəətli postlarda çalışan şəxslər nədən elmi ad almaq, alim olmaq istəyirlər? Cavab gəlir: ad-sana, perspektivə, prestijə görə. Ola bilər, gələcəkdə bir mühüm posta iki namizəd olar, biri elmi adı olan alim, digəri adi bürokrat, sizcə, seçimlərdə kim qalib gələr? Əlbəttə ki, elmlər doktoru olan, üstəlik, mühüm vəzifələrdə çalışmış şəxs.
Hələ sovet vaxtlarından qədirbilən xalqımız elmlər namizədi və ya doktoru olan vəzifəli adamlara - nazirlərə, raykomlara, icraiyyə komitələri sədrlərinə böyük hörmət qoyurdu. Söz-sözü gətirəndə adamlar sifətlərinə ciddi ifadə verib deyirdilər, filankəs elə-belə kadr deyil ey, alim adamdır. Hətta bir ara raykomların hamısı elmlər namizədi olmağa dadanmışdılar, sonradan bu ənənə zəiflədi, dissertasiya müdafiə eləməyin yerinə, onları Ali Partiya Məktəbinə oxumağa göndərirdilər. Onlar da rayona qayıdıb camaatı elmi şəkildə basırdılar üzüm və pambıq plantasiyalarına.
1993-cü ilin bu vaxtları əski sovet hökuməti ölkəmizdə başqa ad altında, ancaq daha eybəcər şəkildə bərpa olunandan sonra məmurların elmi ad alması ənənəsi də bərpa olundu. Onların əksəriyyəti ləngimədən ikinci (bəziləri birinci) ali təhsil aldı, bir çoxu dissertasiya müdafiə etdi, elmlər namizədi, doktor oldular. İş o yerə çatdı ki, iki eşşəyin arpasını bölərkən referentlərinin köməyindən istifadə edən bəzi məmurlar və deputatlar da elmləri doktoru oldular. Onların arasında elələri var ki, öz adlarını balaca hərflə yazırlar, vəzifələrinin adını böyük hərflə. Elə bilirlər belə düzdür.
Yenə sual çıxır: bəs onlar elmi işləri necə yazırlar, necə müdafiə edirlər? Kim deyir ki, yazırlar. Heç kəlmə də yazmırlar. Yazdırırlar. Pullarını verirlər, elmi iş yazmaq üzrə ixtisaslaşmış alimlər onların əvəzindən nəsə bir şey uydurub yazır, dissertasiya şəklinə salıb məmurlara verirlər, bunlar da lazımi adamlara göndərib rəy alırlar, sonra lazımi komissiyaya yollayır, guya ki, müdafiə edirlər.
Deyilənə görə, elmi iş yazmaq üzrə ixtisaslaşmış alimlər də neçə vaxtdır xaltura eləməklə məşğuldurlar, ortaya bir-birinin surəti olan “əsər”lər qoyur, elmi ad almaq həvəsinə düşmüş məmurlara sırıyırlar. Neyləsinlər? “Dinsizin öhdəsindən imansız gələr”, “Donuzdan bir tük çəkmək də qənimətdir” və sair və ilaxır.
İndi nəyə görəsə hökumət bu haqq-hesabın qarşısını alır. Deyəsən, YAP funksionerlərinin içində elmi ad almayan qalmayıb. Görəsən, elmi ad almaq marafonu kimə və necə mane olurmuş ki, yalnız 20 ildən sonra bu cür böyük elmi saxtakarlığa son qoyulur?
Deyirlər, Rusiyada da beləymiş, bir neçə il əvvəl ruslar analoji addım atıblar, psevdoalim-məmur istehsalını dayandırıblar.
Necə deyərlər, çox xub. Bəs indiyədək elmlər namizədi və ya doktoru olanların aqibəti necə olacaq. Onların elmi adları ləğv olunacaq, yoxsa onlar sabah deputatlığa namizəd olanda, adlarının qarşısından “hüquq elmləri doktorudur” yazaraq, özlərini elektorata “alim adam” kimi təqdim edə biləcəklər?
Bircə pis iş o olacaq ki, dissertasiya yazmaqla dolanan alimlərin əli aşağı düşəcək.