Medianews.az
Boşanmanın brifinq mərhələsi
199 baxış

Boşanmanın brifinq mərhələsi

 

 

Boşanmanın brifinq mərhələsi

 Əvvəllər başqa cür idi, adətən, arvadlar keçmiş ərlərinin dalınca qonşuya-qohuma gileylənərdilər, orda-burda danışardılar ki, onun ər boyunu yerə soxum, ailəsinə baxmırdı, qazandığını dərənin qancıqlarına yedirdirdi və sair və ilaxır.

Ancaq burada bir ədəb-ərkan da vardı. Boşanmış xanımlar ərlərinə qarşı brifinq keçirməzdilər, olsa-olsa, bir-iki jurnalistə dərdlərini deyərdilər - o da əgər ciddi haqsızlığa məruz qalıblarsa və nadir hallarda.

İndi vəziyyət dəyişib, yeni presedent əmələ gəlib. Bu dəfə kişilər çıxıb mətbuat konfransı keçirirlər. Biri deyir, arvad mənə baxmır, cibimə 20 manatdan artıq pul qoymur, o biri deyir, arvad mənə pul atıb və s.

Mən hələ sair məsələləri qoyuram bir tərəfə, telefon əlaqəsinin, araya girən üçüncü şəxslərin məsələyə aidiyyatı yoxdur. Söhbət ər-arvad münasibətlərinin ictimailəşdirilməsindən, hətta siyasiləşdirilməsindən gedir.

Sanki əgər bir adam tanınmış adamdırsa, onun səhər nə yeyib-içdiyindən tutmuş, ta hansı markalı maşın sürməsinə, mobil telefonuna zəng gələrkən hansı melodiyanın çalınmasına, hansı kurortda dincəlməsinə, övladını hansı xarici ölkədə oxutdurmasına, arvadına hansı bahalı zinət əşyası almasına qədər yüzlərlə bənzər xırdalıqların ictimaiyyətə dəxli var.

Bu dəbi əcnəbi şou-biznes reportyorları saldılar, beləcə də gedir. Ona görə də hazırda məşhur adamların ailə söhbətləri ölkə gündəminə çıxır, ictimailəşir, günlərlə müzakirə mövzusu olur.

Yaxşı ki, bu kimi ər-arvad savaşlarının biri xoşbəxt sonluqla, ingils dilini bildiyini göstərməyi sevən adamların sözü olmasın, “həpi end”lə qurtardı. Bir-iki gün əvvəl redakasiyanın mətbəxinə girəndə gördüm ki, Musa kişi ilə Təranə Qumral təbiətin qoynunda qabaq-qabağa, göz-gözə duruban romantik və saf sevgi barəsində nəsə oynaq bir mahnı oxuyurlar, aşpaz xanımlar da başlarını bulaya-bulaya onlara baxırlar. Tamaşaçıların onlara bu cür baxmasının sirri, əlbəttə ki, dərin yerlərdə deyildi, üzdəydi (sözün hər iki mənasında) və o anlama gəlirdi ki, rəhmətliyin uşağı, bu cür barışıb aşiq-məşuq olacaqdınızsa, qəzetlərdə, saytlarda, telekanalların efirində nə işiniz vardı və cəmi şəmkirli biznesmenlərin ailəsinə niyə dava saldınız.

İngilisdillilər demişkən, bu “ləv stori”nin tasa-pasası yatmamış, indi təzə anti-arvad brifinqi keçirən kişi peyda olub. İntəhası, bu hələ gendən gəlir, maddi söhbətlər eləyir, amma bu cür davam eləsə, o da biznesmen-konqresmen söhbəti edəcək. Düzdür, bir çoxları güman edir ki, bir kişinin mətbuat konfransı keçirərək, vaxtilə papağının yerə soxulduğu barədə jurnalistlərə dəlil-sübut təqdim etməsi halları çox alçaq bir işdir və bunu milyonda bir adam edər, amma burası da var ki, ortada presedent mövcuddur. Həm də keçmiş arvada qarşı mətbuat konfransı keçirməyə qol qoyandan sonra orada nə danışılması artıq detallardır.

Budur, son günlər adı eyzən ictimai-siyasi-hüquqi qalmaqallarda hallandırılan vəkil Aslan İsmayılov bildirir ki, sabiq ər bir ara ona müraciət edibmiş ki, tərəflər arasında barışıq üçün vasitəçi olsun. Vəkilin xoşməramlı cəhdləri alınmayıb. Onda o, sabiq ərə təklif edib ki, gəl, üzləşdiyin haqsızlıqla bağlı mətbuat konfransı keçir. Adam aradan çıxıb.

İndi belə çıxır ki, o vaxt o, özünün və keçmiş həyat yoldaşının adının xoşagəlməz qalmaqalda hallanmasını istəməyib. Bəs indi nə oldu? Bəlkə Musa-Təranə savaş-barışı tətikləyici rol oynayıb, o üzdən kişi gec də olsa ədalət axtarışına çıxıb?

Kim bilir? Hərçənd bəziləri deyirlər, bilirik, Züleyxaya (“Mehman” filmindəki söhbət) dil verən var. Yoxsa o, özbaşına belə bir haqq-hesaba qol qoymazdı.

Maraqlıdır, hökumət o adamdan tələb etsə ki, ailə həyatının daha böyük gizlinlərini açıqlasın, durub ikinci dəfə brifinq keçirəcək?

Mat qalmalı işdir. Hər halda, bu yaxşı örnək olmadı. Qorxasan, indən belə boşanan məşhur cütlüklər mütləq yollarını mətbuat konfransı zallarından salsınlar və ictimaiyyətə ərlik və arvadlıq borclarının necə vaxtlı-vaxtında ödənilməməsi barədə təfərrüatlı bilgi versinlər.

Həyat gündən-günə maraqlı, amma iyrənc xarakter alır.

Bizə qoşulun