Famil CƏFƏRLİ
Müxalifət harada toplansın?
Zeynəb Xanlarovanın parlamentin iclasında dediyi söz adamın ağlına batır. Zeynəb xanım deyir bu gün Prezident Administrasiyasında elə adamlar var ki, təxribat yaradırlar, sonra da bunu müxalifətin üstünə atırlar. Zeynəb xanım and da içib: “Vallah, müxalifət bunların yanında yalandır…”
Deməli, belə. Demə, hakimiyyətin içində oturub təxribat eləyənlər və bunu sonradan müxalifətin üstünə atanlar var (adam bu yerdə yerini isladıb bunu nəvəsinin üstünə atan babaları xatırlayır). Bunu elə hakimiyyətdəkilərin özləri də bilir. Onları elə özləri də tanıyırlar. Bəs onlar kimlərdir? Tələsmə, onların kimliyinə sonra qayıdarıq. Heç qayıtmıram da. Guya bilmirsən kimdir?! İcra başçılarının birbaşa müdiri Zeynal Nağdəliyevdir…
İndi görək bizim həşəmətli yappi hökuməti 30-40 müxalifətçinin bir yerə toplaşmasından niyə belə bərk ürkür, onların toplantılarına vəhşicəsinə basqın edir.
Özünüz də görürsünüz ki, yappilər yanvardan bəri neçə belə ağılsızlığa (başqa söz tapmadım, daha doğrusu, tapdım, amma çox yumşaq oldu deyə yazmadım) yol verib. Müsavat başqanı İsa Qəmbərin Lənkərana 13 yanvar səfəri zamanı rayonun girəcəyində başqana biabırçı daş-kəsəkli, əmudlu-toppuzlu, nizəli-qılınclı, ərsin-çapacaqlı (bunlar mağara adamlarının, ibtidai qəbilələrin əmək alətləri və silahlarıdır) hücumu xatırlayırsınızmı? Deyilənə görə, bunu eşidən Şimali Koreya lideri də əvvəlcə uğunub. Sonra dərin fikrə gedərək aşkar qibtə hissi ilə deyib ki, belə ağıllı metod nə əcəb heç mənim də ağlıma gəlməyib…
İsa bəy yanvarın 27-də Lənkərana ikinci dəfə getmək istədi. Amma yappilər yenə də ağlasığmaz ağılsızlıq (başqa söz tapmadım, daha doğrusu, tapdım, amma çox yumşaq oldu deyə yazmadım) etdilər. Başqanın yolunu bu dəfə Lənkərandan xeyli uzaq olan Cəlilabadda daş-kəsəklə, əmud-toppuzla, nizə-qılıncla, ərsin-çapacaqla (bunlar mağara adamlarının, ibtidai qəbilələrin əmək alətləri və silahlarıdır) kəsdilər. Ona hücum etdilər, səfərini əngəllədilər. İsa bəy kimi abırlı adam bunların bu abırsızlığının qabağında ta nə etməli idi ki?! Deyilənə görə, Belarus lideri Lukaşenko bunu eşidəndə əli üzündə qalıb ki, vay dədə, bunlar lap ağını çıxarıb ki…
Hələ bunlar nədir ki?! İsa Qəmbər kimi güclü liderlərdən qorxduqlarını bilirdik. Demə, yazıqlar lap qorxaq imişlər. Hətta əyalət müxalifətçilərindən də ürkürmüşlər. Artıq rayonlarda ayrı-ayrı yerli fəalların şəxsi evlərində yığışan sıravi müxalifətçilərin toplantılarına da qəfil quldur basqınları baş verir. Məsələn, son bir ayda AXCP üzvlərinin Sabirabad və Şəkidə iki belə toplantısı yappi basqınına məruz qalıb. İcra başçısının, rəis-prokurorun müdrik rəhbərliyi altında toplaşan bir sürü ünsür – işverən, üzəduran, toyuq oğrusu, suka-muka daş, çapacaq, ərsin, mamont sümüyü, kösöv, paya və s. müasir silahlara sarılaraq vətəndaşın evinə həyasızlıqla soxulmuşdu. Milli mentalitetə bərk-bərk bağlı olan yappilər bu zaman heç nədən, heç “gəmiyə minib gəmiçi ilə dava etmək olmaz” atalar sözündən də utanmayaraq rəşadətlə döyüşmüş, müxalifət üzərində inamlı qələbə qazanmışdı. Ura! Yaşasın yappilər!
Deməyim budur ki, yappilər meydanlar, küçələr, parklar, çayxanalar nədir e, hətta öz evlərinin həyətini də müxalifətçilərin üzünə bağlayır. Bəs nə etməli? AXCP sədri Əli Kərimli deyir ki, bölgələrdə tədbirlərinin keçirilməsinə yasaq qoyulduğu üçün toplantılarımızı məcburən Gürcüstanda keçirəcəyik…
Məncə, Əli bəy bir az tələsir. Ayrı üsulları da sınaqdan çıxarmaq lazım idi. Əgər onlardan kar aşmasaydı, hə, Gürcüstana, lap elə İrana, Belarusa, hətta Şimali Koreyaya da getmək olardı. İranla Belarus bizdən demokratik ölkədir. Yəni xaricdə toplaşmaq axırıncı çıxış yoludur. Mənim təklifim belədir ki, əyalət müxalifətçiləri toplantılarını toylara salsalar, bundan heç kim şübhələnməz. O arada “Bəyin oğurlanması”ndakı kimi böyük toyu olmasa, bir uşaq tapıb ona sünnət toyu çaldırmaq olar. Ad gününü də bəhanə etmək mümkündür.
Adam bundan da qorxur. Amma işdi-şayəd, yappilər belə məişət məclislərini də pozmağa bəhanə tapsa, onda ayrı variant var. Bütün əyalət müxalifətçiləri Astara-Bakı, yaxud da tutaq ki, Ağstafa-Bakı qatarının bir vaqonuna bilet götürür. Başlayırlar yol getməyə. Vaqondaca müşavirə keçirirlər, ürəklərini boşaldırlar. “Qatarda” tamaşasındakı kimi, arın-arxayın danışırlar. Bu da olur müşavirə…
Qatar söhbəti nağddır. Nağdəliyev ona müdaxilə, məmurlar isə ağılsızlıq eləyə bilməz. Nəqliyyatda 200 milyon manatlıq intellektual idarəetmə söhbəti var…
P.S. Hər iki halda kinokomediyalarımızdan misal gətirdim. Ta neyləyək?! Yappilərin ağlı ucbatından ölkə çox komik vəziyyətə düşüb.