Medianews.az
Tutunu xilas edəkmi?
153 baxış

Tutunu xilas edəkmi?

Elşad PAŞASOY
epashasoy@yahoo.com
 
“Tutu bizim batalyonda olub. Sonradan özü də ağır yaralandı. Bəzilərindən fərqli olaraq bu qadın Qarabağ döyüşlərində doğrudan da böyük fədakarlıqlar edib”. Bu sözlər döyüşçü dostumuz Rey Kərimoğlunun dediklərindədir. Son günlər ağır xəstəliklə çarpışan və “Tutu” deyə çağırılan keçmiş döyüşçü-şəfqət bacısı Rüxsarə Cumayeva haqda soruşanda dedi.

Rey başqa xatirəsini də danışdı. Dediyinə görə, Əlillərin Bərpa Mərkəzində müalicə alanda orda indi Binəqədidə yaşayan Şahin adlı keçmiş döyüşçü ilə rastlaşıb: “Hərə başına gələnlərdən danışırdı. Şahin də deyirdi ki, Ağdərə döyüşləri zamanı ağır yaralanıbmış, ona ilkin tibbi yardımı göstərib ölümün caynağından qurtaran Tutu olub...”
Söhbət həmin Tutudan gedir, neçə müddətdir ayaqları tutulan, Qarabağ müharibəsinin 2533 qadın döyüşçüsündən biri olan Tutudan. Hansı ki, bu ayaqlar onu vaxtilə Qarabağa aparmışdı, 4 il cəbhədə oldu, onlarla əsgəri xilas etdi, bu günsə... Bu gün o, 12 yaşlı yeganə qızının taleyi naminə ayağa qalxmaq, yaşamaq, ona analıq borcunu axıradək vermək üçün hər birimizdən nicat gözləyir.
Bəs biz nə edirik? Axı onun səhhətində yaranan problemlər Qarabağ savaşının nişanəsidir. Başqa vaxt deyirik Qarabağ bizim dərdimizdir, ölərəm əldən əgər getsə vətən, nə bilim, Qarabağı heç kimə güzəştə getmərik. Elə bir Qarabağ döyüşçüsünün həyatına olan laqeydliyimiz Qarabağa laqeydlik deyilmi?
Tutu xanımın iflic bəlasından xilası üçün Türkiyədə əməliyyat lazımdır, buna görə də 28 min manat tələb olunur. Necə olur ki, bir nazir balası türk müğənnisi Əbru Polada 20 min manatlıq çanta alır, ancaq Qarabağ döyüşçüsünə 20 min tapılmır? Tutu xanımın müalicə xərcləri məmurların orta ziyafətdə ödədiyi cib xərcliyindən qat-qat azdır, tum puludur. Necə olur müğənnilərə sponsorluq eləməyə pul tapılır, ancaq Tutu xanıma yox?
Bu qınaqlardan Azərbaycanın milyarderlərinə də pay düşür. O milyarderlərə ki, onların sorağı “Forbes”dən gəlir. Milyardları olan, Cenifer Lopesə, Şakiraya “uf” demədən böyük paralar xərcləyən milyarderlərimiz niyə bir azərbaycanlı qadının fəryadını eşitmir? Axı o, anadır, keçmiş döyüşçüdür, soydaşımızdır. Düşmən də olsa, deyək. Xankəndi aeroportunun açılması xəbərini eşidən kimi erməni mənşəli amerikalı milyarder Eduardo Ernekyan aeroporta təyyarə hədiyyə edəcəyini dedi. Bizim milyarderlər ölkəsinə, soydaşlarına niyə xəsisdir? Düzdür, ara-sıra yaxşı xəbərlər də eşidirik. Ancaq yataq xəstəsi olan Tutu xanımın taleyi göz qabağındadır. Bir azərbaycanlı xanımını xilas etmək çoxmu çətindir? Sadəcə ayıbdır, mətbuat 3 ildir bu qadının fəryadını yayır, açılmış bank hesabı hələ də boşdur...
Elə bizim Neft Şirkəti Elton Conun, Rihannanın Bakıdakı konsertlərinə xərclənən pullardan 5-10 min də bu qadının müalicəsinə ayıra bilməzdimi? 100 deputat 280 manatdan atışsa, Tutu xanımın müalicə xərci toplanar. Ölkədə doğrudanmı 28 min nəfər vətənpərvər, qarabağsevər yoxdur ki, hərəsi 1 manatdan yığsın, ya 56 min nəfər yoxdur ki, hər biri 50 qəpik qoyub bu xanımı xəstə yatağından ayağa qaldırsın? Yəni bu qədərmi laqeyd olmuşuq?
Hacıbala Abutalıbov “Gül bayramı” ilə bağlı sarayın qabağında İlandağın maketini düzəltdirir, dediyinə görə, keçən ildən iki-üç dəfə artıq güllər gətirtdirəcək xaricdən. Milyonlar deməkdir. Hansı ki, Bakı meri onun şəhərində yaşayan bir qadının xilası naminə gülləri bir az kəm gətirə, ona yardım göstərə bilərdi. Gülə diqqət verən mer bircə anlıq düşünə ki, bu ananın evində gül kimi bir qız böyüyür və 12 yaşında anasını bu halda görüb göz yaşına boğulur hər gün...
Elə Hacıbala müəllimin yasaq elədiyi aksiyalarda tutulan gənclərin cərimələrinin ödənilməsində çox yaxşı bir dəstək tədbiri oldu. Bəlkə Tutu xanımı xilas etmək üçün millət olaraq “5 qəpiklik” aksiyası keçirək?! Düzdür, bu, ən azı Qarabağdan, keçmiş döyüşçüdən ayıbdır, ancaq bir insanın həyatını xilas edəriksə, eybi yox.
O gün prezident sərəncamı ilə 1941-45-ci il müharibə veteranlarına, onların ailə üzvlərinə və arxa cəbhədə çalışanlara birdəfəlik yardım olaraq 9 milyon manat ayrıldı. Olsun, onlar da bizimdir. Nə olsun ki, Qarabağ uğrunda yox, sovetlər yolunda döyüşüblər?! Ancaq köhnə veteranlara milyonlar ayrılanda heç olmasa Qarabağ döyüşçüləri də yada salınmalıdır. Bu gün Qarabağ veteranı 33 manat pensiya alır. Tutu xanım necə müalicə olunsun?

Bizə qoşulun