Famil CƏFƏRLİ
familceferli2@gmail.com
Nazirlərin istirahəti
Kolumbiyada ibrətamiz bir hadisə olub. Oxudum, yappilərin hərəkətlərini yadıma saldım, açığı, çox dilxor oldum. Deməli, bu uzaq Latın Amerikası ölkəsində bir qadın yolla gedərkən qəza zamanı ağır yaralanmış şir balasını görüb. Heyvana yazığı gəlib, onu evinə aparıb, sağaldıb, sonra da zooparkların birinə verib.
Bunun üstündən 4 il keçib. Qadın yolunu şiri verdiyi zooparkdan salıb. Bəs bu dilsiz-ağızsız, şüursuz, vəhşi heyvan neyləyib? Xilaskarı olan qadını görən kimi onun üstünə atılıb və… anasını yalayırmış kimi əl-ayağını yalayıb. Bu, onun öz xilaskarına minnətdarlıq hissi idi.
İndi ətrafına bax. Azərbaycanı sovet imperiyasından, işğaldan xilas eləyən, ölkəni rus qoşunlarından təmizləyən, milli atributlarımızı (manat, ordu və s.) bərpa edən milli hakimiyyətə, yəni indiki müxalifətə olan münasibətə də bax. Çox adam heç o şir şüurunda da deyil. Onları bir vaxtlar xilas eləmiş adamları oturub-durub söyməmək üçün çox ağıl-kamal lazım deyilmiş demə. Şir qədər olmaq yetər. Amma çox vaxt heç onu da görmürük.
Bunu ölkəmizdəki durumu anlatmaq üçün yazdım. Durum isə doğrudan da qəlizdir. Səbəb də dediyim ağıl-kamal söhbətindədir. Bu ölkənin başına nə gəlirsə, o söhbətdən, o illətdən gəlir. Bunları görəndən sonra isə mənə bəzən elə gəlir ki, Azərbaycanda ağıla ehtiyac yoxdur. Ağır işdir…
Əgər ölkəmizdə ağılla işləsəydilər, namaz qılıb oruc tutan, üstəlik möminliyi, əxlaqi saflığı onu tanıyanların (elə tutanların da!) hamısına bəlli olan insanları narkoman adı ilə tutmağa qərar verərdilərmi? Hazırda ölkə həbsxanalarında bu cür gülməli narkotik ittihamı ilə həbsə atılan neçə dindar var, bunu bilirsinizmi?! Sayları onlarladır.
Bu, İslama sayğını təntənə ilə elan edən müsəlman ölkəsindəki real vəziyyətdir. Bəs bu siyasətdəki rasionallıq, ağıl-kamal hanı?! Barı bu da ağıllarına gəlmir ki, o dindarları məsələn, özəl fermadan toyuq oğurlamaq, ya da qonşu davası adı ilə tutsunlar. Buna yenə heç olmasa hər 10 nəfərdən 1-ni bəlkə də inandırmaq olardı…
Başqa işləri də belədir. Mən nazirlərin cəlayi-kabinet edilib rayonlara göndərilməsində də heç bir anlam tapa bilmirəm. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Şirvan, Sabirabad, Salyan, Saatlı, Neftçala və Biləsuvar sakinlərini qəbul edib onların şikayətini dinləməsi nəyi dəyişir axı?! O görüşdə cəmi 50 nəfərə yaxın sakin iştirak edib. 6 böyük rayona 50 nəfər! Yaxşı, narazılar elə bu qədərdir? Bəs qalan vətəndaşlar? Axı hamı narazıdır.
Digər tərəfdən, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri vətəndaşın məsələn, vergi, prokurorluq, məhkəmə, maliyyə, gömrük… orqanlarına dair şikayətlərini hansı əsasla dinləyib, qəbul və həll edib? Buna hansı bacarığı və səlahiyyəti var axı? Tam absurddur.
Özü də bu görüşdə sakinlərin şikayətlərinin əksəriyyəti əsasən aliment, övladlarının və yaxınlarının sağlamlıq, iş, mənzil və sosial problemləri ilə bağlı olub. Bu komitə bəyəm səhiyyə, məhkəmə işləri ilə məşğuldur? Tam komediyadır.
Daha bir maraqlı məqam. Bu şikayətlərin çoxu Hüseynovaya aid olmasa da o, şikayətləri aidiyyəti qurumlara çatdırmağa söz verib. Yaxşı, bəs Rabitə Nazirliyi, tərifli “ASAN Xidmət” hanı? Yoxsa onlar da ordu quruculuğu ilə, yaxud diplomatik fəaliyyətlə məşğuldur? Bəlkə Hüseynova rabitə naziridir, xəbərimiz yoxdur?! Tam multfilmdir.
Səhiyyə naziri Oqtay Şirəliyevsə Bərdədə Tərtər, Ağdam, Yevlax, Beyləqan, Füzuli, İmişli, Mingəçevir, Ağcabədi, Laçın, Xocalı, Xocavənd sakinlərini qəbul edib. Onda belə çıxır ki, səhiyyə ilə bağlı problemi olan lerikli vətəndaş da oturub fövqəladə hallar nazirinin onun rayonuna ezam olunacağı o xoşbəxt günü səbirsizliklə gözləməlidir. Yenə həmin komediya. Nəqliyyat nazirinin Quba sakinləri ilə görüşə gedib müavinləri ilə şəkil çəkdirməsi sayaq gülməli bir komediya…
Bütün bu görüşlər dövlət idarəçiliyindəki ağır, biabırçı vəziyyətin etirafı, ölkədə heç bir inkişaf və qanunçuluğun olmaması deməkdir. Bunun üstündən durub bazar günü Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafın yekunlarına dair iclasını keçirmək anlaşılmır. Ölkədə inkişaf varsa, nazirləri rayonlara niyə səpələyirsiniz? İnkişaf yoxdursa, bu, nə iclasbazlıqdır, nəyi yekunlaşdırmaq istəyirsiniz?
Adamın iş günü də, istirahət günü də dincliyi olmayan nazirlərə yazığı gəlir…
musavat.com