Famil CƏFƏRLİ
familceferli2@gmail.com
Yappilərin gülünc günü
Yappilər özlərini son vaxtlar çox gülməli aparır. Hərdən mənə belə gəlir ki, bunlar olub-qalan ağıllarını da itirib. Hərəkətləri hərdən adama elə təsir bağışlayır ki, sanki nədənsə bərk qorxublar. Danışıqları, sözləri-söhbətləri hərdən də elə təəssürat yaradır ki, bunlar öz aralarında harınlıq çempionatı keçirirlər.
Harınlıqla ağılsızlığın sintezindən ibarət söhbət və hərəkətləri isə lap məzəlidir. Məsələn, Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevin son söhbətinə baxın. Nə sırf ağılsızlıqdır, nə də xalis ağılsızlıq. İkisinin cəmidir. Adam gör nə deyir. Deyir ki: “İsa Qəmbər hansı əsasla Cəbrayıl sakinləri ilə görüşmək istəyir? Axı onun Cəbrayıl rayonunda heç bir dayağı, tərəfdarı yoxdur. Gəlsə də döyüləcək, biabır olub qayıdacaq”.
Hələ bunu bir qırağa qoyaq ki, dövlət hakimiyyətini təmsil edən bir məmurun (belələrinə baxanda adamın o dövlətə də, o hakimiyyətə də yazığı gəlir) belə bəyanat verməsi cinayətdir, qanunlara tüpürməkdir. Bunu isə qırağa qoymayaq. Adam, sən vətəndaşın, rayon sakininin sahibisənmi, o, sənin əmlakındırmı ki, kiminlə danışdığını, görüşdüyünü səninlə razılaşdıra? Nə bilirsən rayonda İsa Qəmbərlə görüşmək istəyənlər yoxdur? Adam, İsa Qəmbərin dayağı yoxdursa, onunla görüşə heç kim gəlməyəcəksə, bəs sən niyə olmayan şeydən belə bərk qorxursan? Belə danışmazdan əvvəl nə yemişdin ki, belə danışdın? Adam, nə bilirsən ki, gəlsə döyüləcək? Falçısan, baxıcısan, görücüsən, cindarsan?
Prezident Aparatına xırda bir sualım var: ölkədə 60-70 normal, ağlı başında adam tapıb ortaya çıxarmaq belə çətindirmi? Tövsiyəm də var: indən belə icra başçısı göndərəcəyiniz adamları həkimə yoxladıb xalqın arasına buraxın. Vətəndaşların salamat, təhlükəsiz yaşamaq hüququ konstitusiyada da latın əlifbası ilə yazılıb.
Bunların başqa bir gülməli hərəkəti son vaxtlar əyalətə daraşmaqlarıdır. Hər gün azı iki-üç nazirin, komitə sədrinin bir rayonda xalqla görüşü, onların problemləri ilə maraqlanması xəbəri gəlir. Məsələ aydındır, bərk narahatdırlar, üsyan, etiraz, inqilab, aksiya ehtimallarından möhkəm çəkinirlər. Camaatın könlünü bu yolla almaq istəyirlər. Özü də bunun seçki ilə əlaqəsi yoxdur sanıram. Pis günə saldıqları camaatın qəfildən ayağa durmasından ehtiyat edirlər. Nədən qorxursunuz, yoldaş yappilər? Bəs dünənə qədər rayonların fısqırıq inkişafı haqda qırıldatmalarınız nə olsun?! Xalqın ayağına gedən harın nazirlərinizlə birgə çox məzəli görünürsünüz, yoldaş Əli Əhmədov.
Təkcə ölkənin içi deyil. Xaricdə də ağıllarına gələn gülməli, karikatur işlər görürlər. ABŞ-dakı səfirliyimiz “Maqnitski siyahısı”nın açıqlanmağa başladığı bu günlərdə bizim Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə məzəli bir işə başlayıb. Götürüb amerikalı gənclər arasında “Mən Azərbaycan barədə nə bilirəm?” mövzusunda esse müsabiqəsi elan edib. Müsabiqənin 10 qalibinə Azərbaycana bir həftəlik səyahət bileti veriləcək. Təbii ki, pulsuz.
Bunlar bu ağılla öz aləmlərində guya Azərbaycanı təbliğ edib tanıdırlar. Olsun, sözümüz yoxdur. Amma mən xatırlayıram ki, belə bir komik yazı müsabiqəsini bir neçə il əvvəl Özbəkistanda da təşkil eləmişdilər. Mövzu da eyni idi: “Mən Azərbaycan barədə nə bilirəm?” Bəs nəticəsi nə oldu? Heç nə. Özbək gənclər nələrsə qaraladılar, gəlib burada bir həftə yedilər-içdilər, qiymətli hədiyyələrini alıb getdilər. Odu-budu bu dəqiqə Özbəkistanda hansı əkəyə yaxınlaşıb “Azərbaycan” deyirsənsə, qəşş eləyib yerə yıxılır, baş-gözünə döyüb Siyavuşla bir ölkədə yaşamadığına görə taleyini lənətləyir…
Adam ona yanıb-yaxılır ki, ölkədə öz gənclərimizin bu qədər dərdi-səri ola-ola gənclər naziri millətin pullarını gör necə sarsaq şeylərə tozlayır də. Onu belə siyasi oyuncaqların faydalılığına kim inandırıbsa, bərk aldadıb. Çünki bu cızma-qaraların heç zada qram da xeyri yoxdur. Bəlkə hətta ziyanı var. Birdən olmadı elə, oldu belə, atası, anası, dostu haçansa Azərbaycanda olmuş, burada hər cür biabırçılığı görmüş gənc bir yanki o müsabiqəyə qatıldı. Adam nə yazacaq? Bakıda aeroportda çantası oğurlanan, gömrükdə 50 dollar “şirinlik” verməyə məcbur edilən, Bakıda bıçaqlanan, qarət olunan amerikalıların birinin yaxını o müsabiqəyə qatılsa, nə olacaq? Heç nə. Həm dünyada bir daha rüsvay olacaqlar, həm də pulları batacaq. Az olub belə şey?
O pullar heyifdir. Bu axmaqlığı dayandırmaq lazımdır. Amerikalılar Azərbaycanla bağlı hər şeyi WikiLeaks-dən yerli-yataqlı öyrəniblər.
musavat.com