Medianews.az
“ƏGƏR SİYASİ LİDERLƏR AMBİSİYALARINI AŞA BİLMƏSƏLƏR..."
93 baxış

“ƏGƏR SİYASİ LİDERLƏR AMBİSİYALARINI AŞA BİLMƏSƏLƏR..."

Zəfər Quliyev: “Rayonlarda olanda EL üzvlərinə tapşırdıq ki, İctimai Palatanın yerli bölmələri ilə sıx əməkdaşlıq etsinlər”
“Xalq artıq konkret insana görə mübarizəyə qoşulmur”

Martın 20-22-də EL hərəkatının üzvləri bölgələrdə görüşlər keçirib. Səfərin məqsədi həm EL-in yerli bölmələrinin təsis toplantılarında iştirak etmək, həm də regionlardakı ümumi durumla tanışlıq olub. Hərəkatın təşəbbüs qrupunun üzvü Zəfər Quliyevlə söhbətimizdə həm səfər təəssüratlarından, həm də EL-in yaxın gələcək üçün planlarından danışdıq.

- Zəfər bəy, səfəriniz hansı bölgəyə idi? Neçə rayonda oldunuz?

- Şirvan və şimal-qərb bölgəsinə səfər etdik. Bəllidir ki, martın 18-də EL hərəkatı təşəbbüs qrupunun ilk iclasında bayram günlərində bölgələrə səfərlər haqqında qərar qəbul etmişdik. Çünki hərəkatın yerli bölmələri bizə çoxsaylı dəvətlər göndərirdi. Martın 20-də qruplara bölünərək bölgələrə çıxdıq. EL hərəkatının lideri Eldar Namazov qərb bölgəsinə, mən, Köçəri Nağıbəyli və Rəhim Bağırov Şirvan zonasına getdik. Üç gün İsmayıllı, Göyçay, Qəbələ, Ağsu, Ucar, Zərdabda olduq, səmərəli görüşlər keçirdik. Yerli sakinlərlə geniş spektrli söhbətlər apardıq. Səfər etdiyimiz rayonlarda artıq təşəbbüs qrupları var idi, təsis toplantıları da bizim iştirakımızla keçirildi. Yerli ziyalıların böyük dəstəyini gördük. Getdiyimiz bütün rayonlarda xeyli insanın EL-ə maraq göstərdiyinin şahid olduq. Diqqətçəkən o idi ki, vətəndaşlar yalnız maraqlanmaqla kifayətlənmir, eyni zamanda aktiv fəaliyyətə hazır olduqlarını bildirirdi. Demək olar, bütün rayonlarda aparıcı müxalifət partiyalarının - mən AXCP və Müsavatı nəzərdə tuturam - yerli bölmələrinin rəhbərləri də bizim görüşlərdə aktiv iştirak edirdilər. Hər iki partiya EL-in əsas müttəfiqlərindəndir, yerlərdə belə uğurlu əməkdaşlıq gələcək işbirliyi üçün də yaxşı zəmin yaradır. Görünən o idi ki, hər kəs hərəkatın güclənməsində maraqlıdır.

- Qəbələ Azərbaycanda ən çox diqqət ayrılan rayonlardandır. EL orada necə qarşılandı?

- Qəbələnin şəraiti digər rayonlardan fərqlidir. Bəllidir ki, orada insanların məşğulluq problemi digər bölgələrə baxanda nisbətən həll olunub. Həyat turizm sektoruna görə nisbətən canlıdır. Ancaq Qəbələdə keçirdiyimiz görüş gözləntilərimizdən daha artıq oldu. Rayonun çox sanballı insanları yığıncağımıza qatıldı, xeyli insan rəsmən yerli komitədə fəaliyyətə başladığını elan etdi. Bu insanların arasında AXC hakimiyyəti illərində rayonda rəhbər vəzifədə işləyən şəxslər, köhnə hərəkatçılar da var. Ən diqqətəlayiq cəhət isə bütün görüşlərdə köhnə hərəkatçılarla tamamilə yeni, bu vaxta qədər siyasi proseslərə aktiv qoşulmayan gəncliyin sintezinin yaranması idi. Gənclər açıq deyirdi ki, ölkədə, dolayısı ilə öz həyatlarında köklü dəyişikliklər etmək niyyətində qərarlıdırlar. Bu vaxta qədər siyasi proseslərə qoşulmamalarının səbəbi isə öz sözləri ilə desək, inamsızlıq olub. Ancaq indi ölkədəki demokratik güclərin seçki dönəmi ilə bağlı strategiyasından məmnundurlar. Əhali müxalifət qüvvələrinin birlik, bərabərlik şəraitində seçkilərdə qələbə çalacağına böyük ümidlər bağlayır. Siyasi səhnəyə yeni daxil olan EL hərəkatı ilə də bağlı böyük gözləntilər var.

- İsmayıllıda da olmusunuz. Yanvarın 24-də baş verən üsyandan sonra əhalidə bir çəkingənlik hiss etdinizmi?

- Qətiyyən. Çoxları yanvar olayından sonra baş verən həbslərin əhalidə xof yaradacağını düşünürdü. Ancaq İsmayıllıda bunu qətiyyət hiss etmədik. Bəli, əhali ehtiyatlı idi. Bu da, məncə, olduqca normaldır. Onu da deyim ki, İctimai Palatanın İsmayıllıda çox güclü yerli bölməsi var. EL-in də artıq burada yerli bölməsi yaradılıb, strukturlaşma gözlədiyimizdən də sürətlə davam edir. Məni bu görüşlərdə ən çox təsirləndirən insanların səmimi vətəndaş mövqeyi sərgiləməsi idi. Onlar açıq deyirdilər ki, İctimai Palata da, EL də, demokratik dəyişikliklər istəyən digər real siyasi qüvvələr də bir araya gəlməlidir. Vətəndaşlar özləri bizdən sürətlə seçki prosesinə hazırlaşmağı tələb edir. Göyçayda demokratik təfəkkürlü insanların bəlkə də çoxdan belə möhtəşəm görüşü keçirilməmişdi. Göyçayda bizi sanki hazır komanda gözləyirdi. Çox mübariz insanlar gördüm. Buna uğur qazanacağımızın təminatı kimi baxıram.

- Siz danışdıqca belə təəssürat yaranır ki, müxalifətin birlik modeli sosial sifariş nəticəsində heç bir xüsusi səylər göstərmədən təbii şəkildə yaranmaqdadır...

- Tam razıyam. Hətta çıxışlarımızda da bildirdik ki, rayonlarda müttəfiq partiyaların elektoral bazasına hər hansı formada təsir göstərmək fikrindən uzağıq, əksinə, yeni qüvvələri cəlb etməyi düşünürük. Ancaq müxalifət partiyalarının üzvləri bildirdilər ki, EL-in fəaliyyətini alqışlayırlar, rayon səviyyəsində hər cür dəstəyə hazırdırlar. Burada bir incə məqam var idi, onu bir neçə rayonda hiss etdim. Bir çox silahdaşlarımız belə fikir irəli sürdü ki, əgər seçki prosesində liderlər birlik məsələsinə hər hansı formada əngəlləsələr, ambisiyalarını aşa bilməsələr, rayonlardan mərkəzə birgə mübarizə ilə bağlı basqı göstərilsin, konkret tələblər irəli sürülsün. Xalq artıq konkret insana görə mübarizəyə qoşulmur. Bunu səfər boyu dəfələrlə şahidi olduq. Söz yox ki, Rüstəm İbrahimbəyovun nüfuzu böyükdür, Eldar Namazova münasibət çox pozitivdir, rayonlarda müxalifəti təmsil edən insanların, eləcə də EL-ə qoşulan şəxslərin böyük nüfuzu var. Bunlar çox önəmlidir.

- Milli Şura ideyasına münasibət necədir?

- Çox yaxşı. İndi kommunikasiya imkanları inkişaf edib, hər kəs internetdədir, ölkədə nə baş verirsə, maraqlı şəxslər dərhal xəbər tutur. Ona görə də vətəndaşlar bütün prosesdən xəbərdardır. Biz EL üzvlərinə də tapşırdıq ki, İP-in yerli bölmələri ilə sıx əməkdaşlıq etsinlər. Mən proseslərə dar çərçivədən yanaşılmasının tərəfdarı deyiləm. Çünki ola bilər biz seçkiyə bir platformadan, vahid komanda şəklində gedəcəyik. Əgər Milli Şura ideyası reallaşsa, bu, bütün demokratik qüvvələrin birliyinə imkan yaradacaq. İnsanlarımız da nikbindir. Hesab edirlər ki, geri çəkilmək, gözləmək mümkün deyil, 2013-cü il seçkilərində ölkədə demokratik dəyişikliklər mütləq başlanmalıdır. Vətəndaşları son illər mübarizədən çəkindirən yalnız inamsızlıq olub. İnam böyük enerjidir.

- Milli Şuranın yaranması ilə bağlı yaxın günlərdə hansı addımlar atılacaq?

- Danışıqlar, məsləhətləşmələr davamlı olaraq gedir. Aprelin əvvəlində bu məsələnin geniş müzakirə ediləcəyini gözləyirəm. Təxmini formata gəlincə isə Rüstəm İbrahimbəyov son müsahibəsində də bildirmişdi ki, Milli Şura Müsavat Partiyası, AXCP və EL hərəkatının bazasında yaradılmalıdır. Bunu çox məntiqli yanaşma hesab edirəm. Bu sıraya REAL hərəkatını da aid etmək olar. Hərəkatın lideri İlqar Məmmədov həbsdədir, eyni zamanda hərəkatın nüfuzu gənclər arasında artır. Ancaq sərhəd müəyyən etmək fikrində deyilik. Çünki Milli Şura bütün cəmiyyəti təmsil etmək iddiasındadırsa, orada aparıcı ziyalılar, nüfuz sahibləri hamısı iştirak etməlidir. Milli Şura kollektiv üzvlük prinsipi ilə qurulmur. Siyasi partiyalar, ictimai birliklər kvota ilə təmsil olunmalıdır. Məncə, say məsələsi o qədər də prinsipial deyil. Bu 50 də ola bilər, 45 də, 60 da. Əsas məsələ odur ki, formalaşma məsələləri ilə bağlı prinsipial razılıq olunsa, artıq onu yaratmaq lazımdır. Çünki seçkilərə artıq o qədər də uzun müddət qalmayıb. Məncə, bu, çox cəlbedici bir projedir. Uğurla həyata keçirilsə, Azərbaycana həm seçki proseslərinə ciddi təsir etmək olar, həm də seçkidən sonrakı proseslərdə aparıcı rolu həyata keçirə bilər. Milli Şura ideyasının cəlbediciliyi ondadır ki, o, sadəcə, seçki dönəminə yönəlik deyil. Milli Şura daha çox keçid dövrləri üçün yaradılır. Seçkidən sonra bir il, iki il bütün vacib islahatlar həyata keçirilənə qədər xalqın iradəsini ifadə edən legitim qurum olmalıdır. Bu məsələ beynəlxalq qüvvələrlə işbirliyi üçün də böyük avantaj yaradır. İndiyədək beynəlxalq qüvvələrin Azərbaycan müxalifəti ilə əməkdaşlığına mane olan real səbəblər sırasında müxalifətin pərakəndəliyi öndə olub. Ancaq Milli Şura yaransa, bu, o deməkdir ki, Azərbaycanda hakimiyyətin artıq real alternativi var.

musavat.com

 

 

Bizə qoşulun