Medianews.az
DƏYİŞMƏYƏN CƏM
146 baxış

DƏYİŞMƏYƏN CƏM

Xalid KAZIMLI

samir_sari@mail.ru

DƏYİŞMƏYƏN CƏM

 

“Kölgə kabineti” silsiləsindən yayılan siyahılara biri də əlavə olundu. Bu dəfə siyahının tərtibçisi qismində görkəmli kino xadimi, son bir ildə hakimiyyətlə ciddi münaqişədə olan Rüstəm İbrahimbəyovun adı çəkilirdi.

 

Əslində yeni siyahı son aylarda parnik göbələyi kimi artan “kölgə kabinetləri”nə bənzəsə də, onlardan deyil. Bu siyahı bir müddət əvvəl Rüstəm İbrahimbəyov tərəfindən anonsu verilən Milli Şuranın potensial tərkibinə namizədlərin siyahısıdır.

Bu siyahı ilə köhnələrin əsas bənzər cəhəti odur ki, adları yazılanlar demək olar ki, eyni şəxslərdir. Müxtəlif ictimai-siyasi qurumları təmsil edən şəxslər bundan əvvəlki müxtəlif siyahılarda da yer alıblar.

Siyahının əsas fərqli cəhəti isə yerlərin məhdudluğu (cəmi 50 nəfər) və adları çəkilənlərin funksiyalarının müəyyən edilməməsidir.

Bundan əvvəlki siyahılarda adları çəkilən şəxslər arasında mühüm dövlət postlarının bölgüsü aparılırdısa, ən yeni siyahıda heç bir bölgü yoxdur. Bu sanki alternativ parlamentin tərkibidir.

Ancaq özündən əvvəlkilər kimi bu siyahını da kimlərin tərtib etdiyi qaranlıqdır. Hər halda, Rüstəm İbrahimbəyova ən yaxın şəxs, politoloq Eldar Namazov bildirib ki, nə onun, nə də İbrahimbəyovun bu siyahıdan xəbəri yoxdur. 

Bundan əvvəl Müsavat Partiyasının başqanı İsa Qəmbər də onların əvəzindən kölgə kabineti hazırlayanlara ironik mesaj göndərmiş, partiya özü isə heç bir siyahı tərtib etmədiyini bildirmişdi. 

Hərçənd “qonşudan geri qalmamaq” üçün “öz hökumət”lərini yaradan və bunu jurnalistlərin əliylə tirajlayan, daha sonra “bizim belə bir siyahıdan xəbərimiz yoxdur” kimi qeyri-səmimi bəyanatlar verənlər də vardı. 

Nə qədər təkzib olunsa da, Rüstəm İbrahimbəyov tərəfindən tərtib edildiyi iddia olunan siyahı - Milli Şura üzvlüyünə namizədlərin adlarının yer aldığı siyahı müşahidəçilərə daha inandırıcı görünür. 

Doğrudur, bütün hallarda olduğu kimi, “Milli Şuraya namizədlər”in tərkibinə də müəyyən etirazlar var və olacaq. Bu, qaçılmazdır. Heç cür ola bilməz ki, əlli nəfərin adı keçən bir siyahı yüz nəfərin yüzünün də təqdirini qazansın. Hətta həmin şəxslər eyni partiyanın üzvləri olsaydılar belə, həmin partiyanın üzvü olan yüz nəfərin hamısı tərəfindən bəyənilməzdi. 

Bu mövzuda danışan Eldar Namazov haqlı olaraq deyir ki, belə bir siyahını tərtib etmək kimlərə tapşırılsa, onlar da məhz bu tanınmış şəxslərin adını çəkərdi. 

Ancaq “Milli Şura üzvləri”nin siyahısında cəmiyyət tərəfindən qəbul edilən şəxslər daha çoxdur. Bu da güman ki, siyahının məhdudluğu ilə bağlıdır. Adları çəkilən insanlar nə qədər azdırsa, siyahının sanbalı bir o qədər artmış olur. Adamlar çoxalanda isə istər-istəməz ayrı-ayrı şəxslərə qarşı olanlar da kütləviləşir. 

Beləliklə, ortaya çıxır ki, mövcud hakimiyyətin real alternativi olan şəxslər adları siyahıda göstərilənlərdir və burada məşhur və köhnə riyazi aforizm yer alır: “Toplananların yeri dəyişsə də, cəm dəyişmir”.

Əsas məsələ isə məhz cəmləşməkdir. Siyasi mənsubiyyət etibarı ilə onlar indilikdə cəm şəkildə deyillər. Siyasi mənsubiyyət və ictimai mövqe etibarilə onlar fərqli düşərgələrdə olsalar da, bir-biri ilə yaxın münasibətlərə malik olanlar da var, bir-birilə münaqişədə, çəkişmədə olanlar da, bir-birini qəbul etməyənlər də. 

Ancaq belə bir ehtimal da güclüdür ki, zərurət yarandığı halda onlar bütün umu-küsü və ziddiyyətləri kənara qoyaraq vahid ideya ətrafında birləşə bilərlər. Hər halda, adı siyahıda göstərilənlərin böyük əksəriyyəti barədə bunu əminliklə demək mümkündür. 

Onsuz da əvvəl-axır bu şəxslərin çoxunun adı hansısa bir vahid siyahıda gedəcək. Mövcud hakimiyyətin bu şəxslərin tam əksəriyyətinə real münasibətini nəzərə alsaq, sarayda bu adamların çoxu “Arzuolunmayan şəxslər” siyahısındadırlar.

Bizə qoşulun