Zamin HACI
zaminhaci@gmail.com
HIRDALANDAKI MANYAK
Başımız əsgər ölümləri, Uqo Çavesin rəhmətə getməsi, hörmətli cənab prezidentin Xorvatiya səfəri kimi mövzulara qarışdı, çox ciddi bir hadisə diqqətdən kənarda qaldı. Halbuki əhəmiyyətinə görə planetar hadisə idi.
Yeri gəlmişkən, mən bilmirəm biz niyə bu Xorvatiyanın adını ruslardan təsirlənərək yazırıq. Yaraşan hal deyildir. Qardaş Anadolu türklərindən örnək alaraq biz də Hrvatıstan yazmalıyıq. Xorvatla hrvat arasında böyük fərq var. Birinin kökü “xor” sözüdür, yəni, kiməsə xor baxmaq, xalqın sərvətini oğurlamaq. İkinci halda isə söz “hır”dan yaranıbdır. Yəni ki, hırla zırın fərqini bilən keçmiş yuqoslaviyalıya hırvat deyilir. Cənab prezidentə uğurlu səfər diləyərək qayıdaq öz qoyunlarımızın yanına.
Demək, keçən həftə Baş Prokurorluq yanında (bu idarə prokurorluq binasının dal tərəfindədir – Z.H.) Korrupsiya Qarşı Mübarizə İdarəsi Xırdalanda – bu da ruscadır, biz bu şəhərimizin adını Hırdalan yazmalıyıq – bir dəhşətli, qorxunc, qəddar, manyak, qaniçən, Allahsız, kitabsız, vəhşi, ermənisifət, əkrəməylisliyosunlu – epitetlər çoxdur, hələlik burda duraq – cinayətkarı yaxaladığı haqda cəmiyyətə məlumat verdi. Bu, bağça müdirəsi olan bir qadın idi. Qadın hansısa altını batıran uşağın valideynindən 60 manat rüşvət almışdı.
Guya uşaq bundan sonra altını batırmayacaqmı? Ümumiyyətlə, nə üçün müdir arvad xeylağı olanda ona “müdirə” deyilir? Bəyəm bizdə rus dilindəki kimi qadın, kişi, orta cins sözlər vardır? Kimin, nəyin adının axırına “ə” hərfi artırılsa avtomatik qadın cinsindən olurmu? Məsələn, qadın polis polisə, prokurorluğun zənən əməkdaşları prokurorə, o cümlədən, icra hakimiyyətində işləyən arvadlar icraə (yaxud icarə) adlandırılmalıdırmı? Xahiş edirəm, dilçilər buna cavab versinlər. Bu da dilimizin adı nədir tipində çətin sual deyil ki?
Bəli, müdirə valideyndən rüşvət alaraq Azərbaycan tarixinə adını qara hərflərlə yazdırmışdır. Ən son olaraq respublikamız ərazisində belə ağır cinayət miladdan öncə (m.ö.-ö-ö kimi də oxunur) qeydə alınıb, bu haqda yunan tarixçisi Strabon “Tarixi-rüşvət-kitabi-həyat” əsərində yazıbdır. Orda deyir ki, bir nəfər Biləcəri sakini Makedoniyalı İsgəndərə 50 manat rüşvət verərək uşağını əsgərlikdə yaxşı yerə saldırmaq istəyirmiş.
İndi biz o bağça müdirəsinə nə cəza verək? Bəyəm sənin maaşın azlıq eləyir? Nə üçün xalqın uşağından pul alırsan, axı çörəyini-suyunu, hətta bağçadakı qorşoka (ruscadır, dilimizdə horşok yazılır) qədər – Bakı icra hakimi Hacıbala müəllim göndərir!? Get soruş, gör Hacıbala müəllim indiyə qədər 60 qəpik rüşvət alıbmı? O heç 6 qəpik də rüşvət almamışdır! Utanmaz insan! 60 manat rüşvət olarmı? Bu cür xırdaçılıq edirsiniz ki, torpaqlarımız da geri qayıtmır.
Hüquq-mühafizə orqanlarından aldığımız məlumata görə, həmin xırdalanlı xırdaçı bağça müdirəsinin başqa dəhşətli cinayət əməllərində əlinin olub-olmadığı yoxlanılmış, nəticədə bir çox qapalı cinayətlərin üstü açılmışdır:
Bu qadının 2009-cu ilin oktyabrında bir uşağın valideynindən 4 nömrəli 2 ədəd pampers aldığı, lakin bu haqda Baş Prokurorluğa heç bir məlumat vermədiyi üzə çıxmışdır;
2011-ci ilin aprelində müdirə Xırdalan yaxınlığında uşaqlarına 70 milyon dollara villa alıb Dubayda sənədləşdirmişdir;
Daşkəsəndəki Çovdar qızıl yatağının, o cümlədən, Panamadakı ofşor şirkətlərin bu qadının ərinə məxsus olduğu şübhələrinə ciddi ehtimallar əsas yaradaraq qanımızı qaraldır və nifrət edirik.
Hələlik bu qədər. Xırdalan cinayətini diqqətdə saxlayacağam, yenilik olan kimi oxuculara məlumat verəcəyəm.