Medianews.az
Söyün Sadıqov Saakaşviliyə niyə zəng edib?
154 baxış

Söyün Sadıqov Saakaşviliyə niyə zəng edib?

“Putinin adamı” Azərbaycanda gözlənilən prezident seçkilərindən danışdı: “Bir çox siyasətçilər dövlətə öz biznesi və mülkiyyəti kimi baxır”; “Mən çox yaxşı bilirəm ki, əleyhimə yazanları kim və necə maliyyələşdirir”; S.Sadıqov Prezident Administrasiyasını da ittiham etdi...

Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “AzerRos”un keçmiş prezidenti Söyün Sadıqov Gürcüstan dövlət başçısı Mixail Saakaşvilinin Bakıya səfərindən sonra verdiyi qalmaqallı bəyanatla bağlı geniş müsahibə verib.

“Kavkazskaya politika” saytına (S.Sadıqov formal olaraq bu təşkilatın rəhbərliyindən getsə də, onun de-fakto rəhbərlərindən biri kimi qalır - red.) verdiyi müsahibədə o deyib ki, Saakaşvilinin Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyinə hazırlaşdığı barədə bəyanatı onun Bakıya səfəri zamanı razılaşdırılıb. “Bir halda da ki, dövlət başçısı bu cür təxribatçı bəyanat verir, indiki halda, o zaman onun müəyyən məqsədləri olur. Hansı məqsədləri? Çalışacağam izah edim” deyə, S.Sadıqov bildirib.
S.Sadıqovun bildirdiyinə görə, hazırda Gürcüstan prezidentinin mövqelərinin necə laxladığı hamıya məlumdur. Hələ məlum deyil ki, o bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə qədər öz postunda qala biləcək, ya yox. “Ona görə də heç kim, o cümlədən Saakaşvilinin özü bilmir ki, onun gələcəyi necə olacaq. Gürcüstan dövlət başçısı hazırda yaralı vəhşi kimidir və özünü dünya ictimaiyyətinin nəzərində saxlamaq üçün istənilən bəyanatla çıxış etməyə hazırdır. Onun ”Gürcüstanın Qardabani rayonundan olan hansısa milyarder Söyün Sadıqovun" və Vahid Ələkbərovun çevriliş hazırladığı barədə dedikləri Saakaşvilinin və bu “ciddi təhlükə” barədə onun qulağına pıçıldayanların xəstə təxəyyülün məhsuludur", - deyə, S.Sadıqov bildirib.

Keçmiş “AzerRos” prezidenti deyib ki, Saakaşvilinin bu bəyanatından sonra onun özünə zəng etməyə və vəziyyəti aydınlaşdırmağa çalışıb. Lakin bu mümkün olmayıb: “Ancaq əvəzində mən Gürcüstan prezidentinin yaxın ətrafından bir tanışımla danışa bildim, o mənə izah etdi ki, Saakaşvilinin Azərbaycana səfəri zamanı bütün bu məsələlər Azərbaycan tərəfi ilə Gürcüstan rəhbəri arasında müzakirə olunub. Mahiyyətcə gürcü prezidentə qəsdən Qardabani sakini olmuş Söyün Sadıqovun və ”LUKoil" şirkətinin prezidentinin Azərbaycanda çevriliş hazırladığını, Gürcüstanı muxtariyyətlərə parçalamaq istədikləri barədə yalan informasiyaları veriblər. Hətta Saakaşviliyə guya Borçalı muxtariyyətinin gələcək sərhədlərini müəyyən edən xəritəni də göstəriblər".
S.Sadıqov deyib ki, bu ilin payızında Gürcüstanda və Azərbaycanda prezident seçkiləri olacaq: “Və mən ümid edirəm ki, xalqlar özləri öz dövlətlərini kimin idarə etməli olduğuna qərar verəcəklər”. “Milyarderlər ittifaqı”nın əsas təşkilatçılarından olan S.Sadıqov Saakaşvilinin bəyanatını “Rusiyanın daxili işlərinə qarışmaq” adlandırıb. Onun sözlərinə görə, Gürcüstan prezidenti ölkələr arasında işgüzar və humanitar əlaqələri korlamaq istəyir. S.Sadıqov özünün əslən Qardabani rayonundan olduğunu, orada böyüyüb təhsil aldığını, anasının da hazırda orada yaşadığını deyib. O, “Borçalı muxtariyyəti” yönündə iş apardığı barədə yayılan informasiyaları özünə qarşı qarayaxma kampaniyasının növbəti hissəsi adlandırıb: “Mənim düşmənlərim tərəfindən ortaya atılan bu uydurma buna yönəlib ki, guya bunların arxasında Rusiya rəhbərliyi və şəxsən Vladimir Putin dayanır, bədxahların iddiasına görə, o, Söyün Sadıqovu qızışdırır”.
Bəs nəyə görə Saakaşvili məhz Azərbaycandan qayıdandan sonra danışdı? S.Sadıqov bu suala cavab olaraq deyib: “Hər şey çox sadədir. Onun səfərindən az əvvəl bu informasiyanı hakimiyyət məmurlarının, ölkənin birinci şəxslərinin nəzarət etdiyi Azərbaycan KİV-lərinə atdılar. İnformasiyalar həmin KİV-lər tərəfindən ”fırladıldı". Bu KİV-lərin adını da deyə bilərəm: vesti.az, day.az, lent.az, APA. Mən çox yaxşı bilirəm ki, onları kim və necə maliyyələşdirir , nəzarət edir. Mən məqalənin müəllifləri ilə söhbətləşdim, onlar mənə səmimi şəkildə etiraf etdilər ki, bu barədə göstərişi Prezident Administrasiyasından alıblar. Xalqın diqqətini aşıb-daşan daxili problemlərdən yayındırmaq üçün ona xaricdən, konkret olaraq Rusiyadan və onun vətəndaşlarından yönələn təhlükə barədə yalan məlumat atırlar. Bununla da iki ölkə və xalq arasında bağları qopartmaq istəyirlər".
S.Sadıqova görə, bunlar qorxudan irəli gəlir. Onun fikrincə, elə siyasətçilər var ki, öz ətraflarındakı adamların, müxalifət liderlərinin və müstəqil xadimlərin sui-qəsd sözləşməsindən qorxaraq daim panika içərisində yaşayır: “Onlara elə gəlir ki, ətraflarındakı hər kəs ölkədə çevriliş eləmək üçün hansısa planlar və intriqalar qururlar. Bir çox siyasətçilər dövlətə öz biznesi, mülkiyyəti kimi baxır. Həmin adamda belə möhkəm qənaət yaranır ki, ondan başqa heç kimin prezident olmağa haqqı yoxdur. Ona görə də hakimiyyəti itirmək qorxusu belə böyükdür. Bu qorxu həm Azərbaycan, həm Gürcüstan hakimiyyətlərinə xasdır, biz prezidentin şəxsində bu qorxunun şahidi oluruq”.
Xatırladaq ki, Saakaşvilinin qalmaqalı bəyanatına Azərbaycan hakimiyyətindən qarışıq reaksiyalar bildirilib. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri, Gürcüstan prezidentinin Bakıdakı protokol görüşlərində iştirak edən N.Məmmədov bildirib ki, Saakaşvilinin Bakıdan qayıdandan sonra bu cür danışması “təəccüblüdür”. Çünki Bakıda onunla belə müzakirələr aparılmayıb. Lakin YAP-dan deputat Eldar İbrahimov deyib ki, Saakaşvili boş yerə bu cür bəyanat vermir və Azərbaycan hakimiyyətinə qarşı Rusiya təhlükəsi doğrudan da ciddidir. Daha sonra Gürcüstan prezidentinin müşaviri Nino Kalandadze açıqlama verərək Söyün Sadıqovun fəaliyyətindən narahat olduqlarını, bununla belə, məsələnin Bakıda müzakirə edilmədiyini deyib. Ekspertlər, o cümlədən rusiyalı təhlilçilər isə bu qənaətdə idi ki, Saakaşvilinin bəyanatı onun Bakıda apardığı müzakirələrə əsaslanıb. Belə ki, Azərbaycan və Gürcüstan rəhbərləri Rusiyanın planları ilə bağlı əks-kəşfiyyatın məlumatlarını bölüşüblər. Ancaq ekspertlərə görə, Saakaşvilinin Bakıdan qayıdandan sonra bu barədə danışması Azərbaycan hakimiyyətinin marağında deyildi, çünki bu bəyanat Bakını əlverişsiz situasiyada qoyur. Belə görünür ki, S.Sadıqovun Saakaşvilinin bəyanatı ilə bağlı verdiyi sərt açıqlamalar Azərbaycan iqtidarından ona və Rusiyaya yönələn qarşılıqlı sərt reaksiyalara səbəb olacaq. Çünki Bakıda möhkəm əmindirlər ki, S.Sadıqov hər dəfə danışanda bunu Putinin göstərişi ilə edir...

 

 

 

Bizə qoşulun