Medianews.az
HƏQİQƏTİ PULA BASDIRMAQ
131 baxış

HƏQİQƏTİ PULA BASDIRMAQ

Famil CƏFƏRLİ

familceferli2@gmail.com

HƏQİQƏTİ PULA BASDIRMAQ

 

Müdafiə Nazirliyi sanki vətəni müdafiə etmək, torpaqları qorumaq üçün deyil. Sanki onun fəaliyyəti barədə həqiqəti deyib-yazanlara, ya da elə faktın, həqiqətin özünə hücum etmək üçündür. Şəxsən mən kənar müşahidəçi kimi əsasən bunu görürəm. Belə şeylər çox təəssüf ki, çox tez-tez baş verir - ona görə...

Daha pisi odur ki, Müdafiə Nazirliyinin fikri-zikri cəbhə xəttində yox, Bakıdadır. Ordu ilə bağlı arzuedilməz hadisə olan kimi o dəqiqə hərəkətə keçirlər. Bu günlərdə daha bir əsgərimiz müəmmalı güllənin qurbanı oldu. Hələ də bilinmir ki, o, özünü vurub, yoxsa vurublar. Hər əsgər ölümü cəmiyyətin olub-qalan vicdanlı hissəsini az da, qısa müddətə də olsa qıdıqlayıb yuxudan ayıldır. Müdafiə Nazirliyi isə elə bundan qorxur. Düşünürlər ki, birdən bu, cəmiyyətin səbir kasasını daşıracaq axırıncı damla olar. Ona görə də başlayırlar ictimai diqqəti faktdan, həqiqətdən yayındırmağa çalışmağa.
Şəxsən mən son iki gündə Müdafiə Nazirliyinə istinadən yayılan iki xəbəri ictimai diqqəti əsgər Seymur Allahverdiyevin müəmmalı ölümündən yayındırmaq, üstəlik orduya guya böyük qayğı göstərildiyi barədə rəy yaratmaq cəhdinin məhsulu sayıram. El dilində buna “məclisə dovşan göstərmək” deyirlər. Çox primitiv taktikadır. Amma gör əl çəkirlər ki...
Nazirliyin əsgər itkisi həqiqətini ört-basdır eləməyə hesablanmış birinci xəbəri belə idi: “Bərdə hərbi birləşməsində bəzi hərbi hissələrin maliyyə xidmətlərində yoxlamalar aparılıb, ciddi pozuntular aşkara çıxarılıb, cinayət işi başlanıb və bəzi hərbçilər həbs edilib”.
Lap yaxşı. Çox gözəl. Korrupsiyaya şiddətlə nifrət edirik. Yaşasın YAP! Hamımız Siyavuş Novruzovla Ziyafət Əsgərovun ətrafında sıx birləşir və “Səs” qəzeti oxuya-oxuya müxalifətə nifrət edirik! İsa Qəmbər Lənkərana vizasız getdiyi üçün həbs edilməlidir! Bu antimilli ünsürlərə adamın ünsür deməyə də dili gəlmir. Bizim pulumuz çoxdur və s.
Amma konkret neçə hərbçi tutulub? Bu da alma-armuddur, mərcidir, qum dənəsidirmi ki, “bir neçə” şəkilli qeyri-müəyyən saydan istifadə edəsən? Bəs onların adı niyə açıqlanmır? Onlar dövlətin neçə qəpiyini, yaxud milyonunu oğurlayıb? Tək oğurlayıblar, yoxsa generallarla əlbir imişlər? Bu oğurluqda generalların da əli varsa, Müdafiə Nazirliyinə həmin puldan nə qədər pay çatıb? Oğurlanan pullara bitli əsgərlərimiz üçün isti corab alınacaqdı, alnına yazı yazılan vətənpərvər makaron, yoxsa üstünə təzə rəng çəkilmiş köhnə silah-sursat? Tutulan hərbçilər qarnını, boyun-boğazını piy basanlardandır, yoxsa girə bu dəfə də arıq-uruqlar, arxa-dayaqsızlar keçib? Bunlar niyə açıqlanmır? Bunlar da dövlət sirridirmi?
Bəs “bəzi hərbi hissələr” nə deməkdir? Konkret hansılardan söhbət gedir? Konkret demək, onların komandirlərinin adını çəkmək olmazmı? Ona görə ad çəkilmir ki, tutulanlar bir müddətdən sonra indulgensiya qaydasında təzədən pulunu verib vəzifəsinə rahat qayıda bilsinlərmi? Ümumiyyətlə, parolla danışmaq nə deməkdir? Erməni kəşfiyyatı heç nə qanmasın deyəmi belə edirsiniz?
Nazirliyin ikinci “dovşan-xəbəri” bu idi: “Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ayda 1 473 737 manat artıb. Martın 1-nə fondun manat hesabındakı vəsait 37 879 112 manat, dollar hesabındakı 205 791 dollar, avro hesabındakı 593 avro olub. Rus rublu ilə açılan hesaba isə vəsait daxil olmayıb. Artım yalnız manat hesabına yığılan vəsaitdə olub. Ümumən fondun hesabındakı vəsait bu il fevralın 1-nə 48 465 038 dollar təşkil edib...”
2002-ci ildə yaradılmış bu fonda son 10-11 ildə yığılan pul çox azdır. Son 10 ildə gül bayramlarına azı 100 milyon xərclənib. Yenə xeyli sual yaranır. Bu pul niyə xərclənmir, haçan xərclənəcək, ümumən xərclənəcəkmi? Xərclənsə, əsgərə xərclənəcək, yoxsa hansısa generalın da qəfildən oliqarxa, tikinti maqnatına, Dubayda, Mayamidə villa sahibinə çevrildiyini eşidəcəyik? Xərclənməyəcəksə, onu niyə yığır, fağır büdcə təşkilatları işçilərinin maaşından hər ay 1-2 faizi niyə tutursunuz? Bəs ilbəil artan şişman hərbi büdcə nə üçündür? Dövlətin pulumu yoxdur? Amma əminəm, haçansa deyəcəklər ki, fonda yığılan pula hərbi texnika aldıq. Kimdir araşdıran?!
Bunlar pulları ilə çox öyünür. Dollar, avro, rubl hesablarına buna görə pul gəlmir, pulumuzla lovğalandığımızı xaricdəki soydaşlarımız da görür. Amma Eduard Servus deyəndir, pulların çox səpildiyi yerdə təmizlik olmur. Bunu da biz görürük...

 

 

Bizə qoşulun