Bakı Konqres Mərkəzində keçiriləcək “Baku Energy Forum” (Bakı Enerji Forumu) çərçivəsində dünyanın müxtəlif ölkələrindən enerji sektorunun nümayəndələri bir araya gələcək.
Medianews.az xəbər verir ki, bu barədə “Baku Energy Week” (Bakı Enerji Həftəsi) və “TransLogistica Caspian” sərgisinə həsr olunmuş mətbuat konfransında çıxış edən Bakı Enerji Həftəsinin layihə rəhbəri Nailə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, bu il əvvəlki illərdən fərqli olaraq, Bakı Enerji Forumunun açılış mərasimi iyunun 1-də Bakı Ekspo Mərkəzində keçiriləcək. Açılışdan sonra forum iştirakçıları əsas panel müzakirələri və sessiyalar üçün Bakı Konqres Mərkəzinə yollanacaqlar.
Bakı Enerji Həftəsinin əsas və strateji enerji dialoqu platforması hesab edilən “Baku Energy Forum” iyunun 1-2-də Bakı Konqres Mərkəzində təşkil olunacaq. Forumda ümumilikdə 600-dək nümayəndənin iştirak edəcəyi gözlənilir.
Bildirilib ki, builki proqram çərçivəsində dünyanın müxtəlif ölkələrini və enerji sənayesinin fərqli istiqamətlərini təmsil edən 60-a yaxın spiker çıxış edəcək. Forumda qlobal enerji gündəliyinin əsas mövzuları, enerji təhlükəsizliyi, enerji keçidi, bərpa olunan enerji mənbələri və regional əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılacaq.
Forumun ilk gününün mühüm tədbirlərindən biri isə D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü olacaq. Görüş çərçivəsində üzv ölkələr arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin müzakirəsi nəzərdə tutulur.
Müşfiqə Bayramova
Medianews.az