
Əli Kərimli normal seçki mühiti olmadığından hələ prezidentliyə namizədliyini irəli sürməyə tələsmədiyini bəyan edib. “Azadlıq” radiosunda çıxışında Əli Kərimli seçki planları barədə danışarkən bildirib ki, rəhbərlik etdiyi partiya seçkiyə hazırlıqlarını davam etdirməklə yanaşı demokratik düşərgənin bir araya gəlməsi istiqamətində də çabalar göstərir. Əli Kərimli deyib ki, Azərbaycanda normal seçki mühiti olmadığından demokratik seçkidən söhbət gedə bilməz.
Seçki ilə bağlı mövcud qanunvericilik, hakimiyyətin mürtəce siyasəti seçkinin demokratik olacağına təminat vermir: “Ona görə də biz hesab edirik ki, bütün səylər seçki mühitinin dəyişdirilməsinə, demokratik seçki şəraitinin yaradılmasına yönəlməlidir. Bunun da yolunu kütləvi aksiyalar vasitəsilə təzyiqlərin artırılmasında və bundan istifadə edərək beynəlxalq təzyiqləri artırmaqda, dəyişiklik istəyən demokratik cəbhənin bir araya gəlib böyük bir güc yaratmasında görürük. Yalnız belə bir böyük birlik xalqa o mesajı verə bilər ki, aktivləşmək və seçki mübarizəsinə qoşulmaq lazımdır. Normal seçki mühiti olmadığından hələ prezidentliyə namizədliyimi irəli sürməyə tələsmirəm. O fikirdə deyiləm ki, burada normal seçki mexanizmi var və bu ölkədə seçkinin taleyi adi prosedur qaydalarla müəyyənləşir. Namizədliyini irəli sürəcəksən, seçkiyə gedəcəksən və seçki komissiyaları da sənin qələbəni təmin edəcək. Bu düstur bizdə işləmir. Ona görə də mən namizəd olmağa tələsmirəm. Çünki hesab edirəm ki, əvvəlcə həmin o demokratik seçki şəraitinin təmin olunması və böyük birlik naminə daha böyük çalışmalar olmalıdır. Demokratik seçki mühiti yaransın, o zaman situasiyaya baxacağıq. Əgər doğrudan da ölkədəki əhəmiyyətli ictimai-siyasi qüvvələr məqsədəuyğun hesab edəcəklər ki, mən namizəd olum, Azərbaycanın xilası üçün bu daha doğru yoldur, o zaman mən namizəd olacam. Lakin yenə də həmin o böyük birlikdə belə qənaət formalaşacaq ki, Azərbaycanın xilası, demokratiyanın qələbəsi üçün mən yenə də güzəştə getməliyəm, mən ona da tabe olacam”.
E.SEYİDAĞA