
Gül gülləsi...
Rey Kərimoğlu
reykerim@gmail.com
Görəcəkli günlərimiz qabaqdaymış, nə bilək? Azərbaycan cəmiyyəti, Türk dünyası Xocalı soyqırımı əhvalında, hər gün bu müdhiş faciə ilə bağlı 3-4 tədbir keçirilir, çəkiliş pavilyonlarında xocalıların qoparılan yaralarının qaysağının acısını yaşayırıq...
Avropa, Amerika 1992-ci ilin 26 fevralında ermənilərin Xocalıda törətdiyi soyqırımı faktının ard-arda tanındığı bir vaxtda Türk dünyasının özünə arxa, dayaq, qürur yeri bildiyi Türkiyəmizin prezidenti Xocalı qatilini - Serj Sarkisyanı Ermənistan prezidenti seçilməsi münasibəti ilə təbrik edir! Hələ siyasi rəqibləri bir yana, heç erməni xalqının özünün belə prezident kimi tanımadığı bir vaxtda...
Düzü, çox üzüldüm bu xəbərə... Niyə biz bütün zərbələri ermənilərdən və digər düşmənlərimizdən gözləyərkən, sarsıdıcı zərbəni məhz özümüzdən - içimizdən alırıq? Nədir bunun səbəbi?
Axı hələ Avropanın özünün tanımadığı, kütləvi saxtakarlıqlarla, qanun pozuntusu ilə müşayiət olunan, rəsmi nəticələri tanınmamış seçkiləri belə tələskənliklə qardaş Türkiyəmizin tanıması, üstəlik Serji təbrik etməsi heç yaxşı deyil. Mən şəxsən, Rusiya, İran kimi dövlətlər tərəfindən Ermənistanda keçirilən biabırçı seçkini tanınmasını başa düşürəm, bu anlaşılandır. Ermənistan Rusiyanın forpostudur, siyasi vassalıdır, İransa ən yaxın müttəfiqidir. Eyni zamanda həm Rusiya, həm də İran elə Ermənistanda keçirilən seçki kimi bir seçki “texnologiyasına” malikdirlər. Bəs sənə nə düşüb, Türkiyəmizin dövlət başçısı?!
Cənab, Gül! Axı sizin təbrik etdiyiniz Sarkisyan bu günlərə təsadüf edən Xocalı soyqırımının iştirakçısı, bu qətliamın təşkilatçılarından biri olub. Olmazdımı ki, heç olmasa biz bu acı günlərimizi başa vurandan sonra “mübarək” təbrik mesajınızı Serjə göndərəydiniz?
Bir məsələ də çox maraqlıdır ey, vallah! Seçki öncəsi Sarkisyan Türkiyəni təhdid etdi, təhqir etdi! Amma əvəzində Abdulla Gül Türkiyəmizin Cümhurbaşqanı olaraq onu düşmənlərimizlə bərabər təbrik etdi! Yapmayın ya! Çox ayıb görünür bu kənardan! Yəni o boyda Türk dövləti Rusiyanın vassalından, əl boyda Ermənistandan, doğurdanmı, qorxur? Bu kənardan ona yaltaqlanma kimi görünür, cənab Gül. Bunu Türkiyəmizə heç yaraşdırmadım.
Bəlkə buna da şükür edək, hələ yaxşı ki, Abdulla Gül 26 fevralda - Xocalı soyqırımı günü Serji təbrik etmədi...
Amma, lütfən, gəlin cənab Gülün bu addımına siyasətdir deyə don geyindirməyək! Əslində elə ən böyük siyasət Xocalı soyqırımı ərəfəsində bunu etməmək idi.
Nəysə, görəcəkli günlərimiz varmış...
P.S. Əgər tale imkan versə, Lent.az-dakı xatirələrimi bitirsəm, bu kitab nəzərdə tutulan kimi nəşr olunsa, ilk kitabı mütləq Abdulla Gülə göndərəcəyəm. Əlbəttə, kiçik bir avtoqrafla...
lent.az