İstanbulda ölən məşhur qadın dekabrın 26-da üç dəfə keçinibmiş
Türkiyə həkimləri və hüquq-mühafizə orqanları onun vəfat etdiyini rəsmən təsdiqlədi; ölkədən gizli yolla qaçan keçmiş kitabxana direktoru qonşu ölkədə xəstəxanaya saxta kimliklə müraciət edibmiş;
Dekabrın 28-də yerli medianın əsas xəbərlərindən biri Azərbaycan Beynəlxalq Universitetinin(ABU) keçmiş rektoru Elşad Abdullayevlə eks-deputat Gülər Əhmədova arasındakı “mandat bazarlığı”ndakı vasitəçi Sevinc Babayevanın ölümü ilə bağlı oldu. Səhər saatlarından etibarən ailə üzvləri, konkret olaraq oğlu Ayxan Məmmədovla qardaşı onun dünyasını dəyişdiyi xəstəxanada olub.
Rəfiqəsinin İstanbuldakı evində vəziyyəti ağırlaşıb və...
İlkin xəbərlər ondan ibarət oldu ki, S.Babayevanın vəziyyəti İstanbulda evində qaldığı rəfiqəsigildə birdən-birə ağırlaşıb. Məlumata görə, ev sahibəsi qonağının vəziyyətinin pisləşdiyini gördükdə təcili tibbi yardım çağırıb və Sevinc Babayeva İstanbulun özəl hospitallarından birinə çatdırılıb. Amma həkimlərin səylərinə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb.
Musavat.com-un apardığı ilkin araşdırmalara görə, S.Babayevanın meyidi İstanbuldakı “Medicana İnternational” adlı klinikada olub. Bu məlumatı S.Babayevanın oğlu Ayxan Məmmədov Türkiyədəki Azərbaycan diplomatlarına verib.
Dünən günün ilk saatlarında Ayxan Məmmədovun anasının cənazəsini gətirmək üçün Türkiyəyə getməsinə icazə verilməsə də, sonradan icazə verilib.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov isə musavat.com-un əməkdaşı Mahir Məmmədliyə açıqlamasında deyib ki, “Medicana İnternational” xəstəxanasında Sevinc Babayeva olduğu bildirilən qadın dünyasını dəyişib. Lakin qadının üzərində onun şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb. Azərbaycanın baş konsulu hazırda xəstəxanadadır: “Sevinc Babayevanın oğlu və dayısı da burdadır. İstanbul hüquq-mühafizə orqanlarının nümayəndələri də gəliblər. Bizi xəstəxananın baş həkimi müşayiət edir. Bir qədər sonra meyitə baxış keçiriləcək və onun Sevinc Babayevaya məxsus olub-olmadığı təsdiqlənəcək”.
Günorta saatlarında isə S.Babayevanın öldüyü xəstəxanadan reaksiyalar gəlməyə başladı. İstanbulda yerləşən “Medicana İnternational” klinikasının mətbuatla iş üzrə səlahiyyətlisi Sibel Göksu “Media forum” saytına açıqlamasında Sevinc Babayevanın ölüm xəbərini təsdiqləyib. Amma o, əlavə məlumat verə bilməyəcəyini deyib.
“Ürək xəstəsi idi, spazmalardan əziyyət çəkirdi”
Ötən gün günorta saat 14 radələrində isə artıq S.Babayevanın meyidinə də baxış keçirilib. “Biz indi dünyasını dəyişmiş azərbaycanlı qadının üzərində ilkin müayinə və baxış keçirdik. Bu prosesdə Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və mərhumun qohumlarından biri də iştirak etdi”. Bunu APA-nın “Medicana İnternational” xəstəxanasında olan Türkiyə müxbirinə İstanbulun Böyük Çəkməcə rayonunun prokuroru Fuad Arı deyib. O, bildirib ki, ilkin baxış zamanı ölən qadının Azərbaycan vətəndaşı Sevinc Babayeva olduğu müəyyənləşib. Lakin xəstəxanaya müraciət edən zaman onun üstündə hər hansı sənəd olmayıb.
Prokuror bildirib ki, hələlik xəstənin ölüm səbəbi bəlli deyil: “Həkimlərin verdiyi məlumata görə, o, uzun müddət ürək xəstəsi olub, ürək ağrılarından və spazmlardan əziyyət çəkib. Lakin onun məhz bu xəstəlikdən öldüyünü demək hələlik tezdir”.
F.Arı qeyd edib ki, S.Babayevanın cənazəsi sabah İstanbulda ədliyyə tibb ekspertizasında müayinə olunacaq: “Yalnız bundan sonra prokurorluq onun ölümünün dəqiq səbəbini açıqlayacaq”.
Prokuror S.Babayevanın Türkiyədə harada qaldığı, bu ölkəyə necə daxil olduğu barədə sualların da araşdırılacağını qeyd edib.
Xəstəxanadan APA-nın Türkiyə müxbirinə bildirilib ki, S.Babayeva dekabrın 27-də təcili olaraq, ürək tutması ilə xəstəxanaya müraciət edib: “O deyib ki, əvvəlcə başqa xəstəxanaya müraciət edib, amma orada onu qəbul etməyiblər. Təcili olaraq bura gəldi və bir az sonra da ürək tutmasından dünyasını dəyişdi”.
APA-nın müxbirinin məlumatına görə, S.Babayevanın oğlu Ayxan Məmmədov da xəstəxanada olub. Mərhumun meyitinə baxış keçirilməsi prosesində iştirak edən qohumu da məhz o olub. Oğlundan başqa, Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və konsulluğun digər əməkdaşları da xəstəxanada olublar.
Xəstəxanada məryəm solmaz adı ilə qeydiyyatdan keçib
Türkiyə polisi də bu ölümlə bağlı araşdırmalara başlayıb. “İstanbul polis və prokurorluğunun böyük heyəti "Medicana İnternational" xəstəxanasında Sevinc Babayevanın ölümü ilə bağlı araşdırma aparır". Bu barədə APA-nın Türkiyə bürosunun əməkdaşı məlumat verib.
Məlumata görə, prokurorluq işçiləri artıq S.Babayevanın xəstəxanada olan oğlu ilə ilkin söhbət aparıblar.
Araşdırma zamanı S.Babayevanın xəstəxanadakı qeydiyyatının hansı ad və soyadla rəsmiləşdiyi də məlum olub. S.Babayeva xəstəxanada Məryəm Solmaz adı ilə qeydiyyatdan keçib.
Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov da APA-ya açıqlamasında S.Babayevanın xəstəxana sənədlərinin Məryəm Solmaz adına rəsmiləşdirilməsi barədə eşitdiyini bildirib: “Amma onun öz üzərindən heç bir sənəd çıxmayıb. Onu xəstəxanaya kimin gətirdiyini də bilmirik. İndi bu məsələləri prokurorluq araşdırır. Biz sadəcə, özümüzə aid olan məsələlərlə məşğul olduq”.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti də S.Babayevanın xəstəxanaya başqa ad və soyadla daxil olması barədə məlumat yayıb. DİN və Baş Prokurorluğun əməkdaşlarından ibarət qrup Türkiyəyə ezam olunub.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov isə günorta saatlarında Musavat.com-a bildirib ki, S.Babayeva olduğu bildirilən qadının nəşinə baxış keçirilib. Sevinc Babayevanın oğlu və dayısı meyitin ona məxsus olduğunu təsdiqləyib. Baş konsul deyib ki, ölümə ilkin səbəb kimi ürək çatışmazlığı göstərilir. Sabah meyit ekspertizadan keçiriləcək və bundan sonra ölümün dəqiq səbəbi məlum olacaq. Ekspertizadan sonra Sevinc Babayevanın nəşi ölkəsinə göndərilmək üçün oğlu və dayısına təhvil veriləcək.
Xəstəxananın rəsmi məlumatı - S.Babayeva dekabrın 26-da ölüb
Sevinc Babayevanın öldüyü İstanbul “Medicana İnternational” xəstəxanası onun ölümü ilə bağlı rəsmi məlumat yayıb. "BBC Azərbaycanca"ya daxil olan məlumatı təqdim edirik:
“26.12.2012 tarixində, 112 vasitəçiliyi ilə Esenyurt Dövlət Xəstəxanası Təcili Xidmətində aparılan 39 yaşındakı sayın Meryem Solmaza, orada CPR tətbiq edilib. Buna baxmayaraq ümumi vəziyyətində dəyişiklik olmayan xəstə, sıx baxıma ehtiyac duyulması səbəbi ilə 112 təcili yardım ilə klinikamızda sövq edilmişdir.
Xəstə, xəstəxanamızın Reanimasiya Şöbəsinə (ICU) saat 16.56-da qəbulu edilmişdir. Xəstənin fiziki müayinəsi edilmiş, bütün hematolojik və biokimyəvi tədqiqləri, bütün tomoqrafik göstərmə nəticələri qiymətləndirilmişdir.
Xəstə süni tənəffüs cihazlarına bağlanmış, bütün həyati funksiyaları monitor edilmiş, ürəyinin işində çatışmazlıq görülməsindən dəstəkləyici dərmanlar başlanmışdır.
Tətbiq olunan bütün dəstək müalicəsinə cavab verməyən xəstənin saat 18.21-də ürəyi dayanmış, CPR tətbiqi ilə 4 dəqiqə sonra ürəyi normal ritminə dönmüşdür.
Ancaq saat 18.30-da xəstənin təkrar ürəyi dayanmış, CPR tətbiq olunmuş, 10 dəqiqə sonra təkrar ürəyi işlədilmişdir.
Bütün dəstəkləri artırılan xəstənin, saat 18.45-də ürəyinin təkrar dayanması üzərinə müdaxilə edilmiş, edilən bütün müdaxilələrə baxmayaraq saat 19.15-də xəstənin həyati funksiyaları dayanmış və xəstəmizi itirmişik.
Esenyurt Dövlət Xəstəxanasında məhkəmə hadisəsi olaraq qəbul edilməsi səbəbi ilə Respublika Baş Prokurorluğu ölümü ilə əlaqədar yarılma qərarı almışdır. Qəti ölüm səbəbi məhkəmə orqanları tərəfindən müəyyən edilir. Xəstəmizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirik".
Prokurorluq və daxili işlər nazirliyinin əməkdaşları da Trkiyəyə gedib
Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumatda bildirilib ki, xəstəxanadan verilən ilkin məlumata görə, həmin tibb müəssisəsinə başqa ad və soyadla daxil olmuş S.Babayeva ürək çatışmazlığından vəfat edib.
Azərbaycanın baş prokuroru xüsusi tapşırıq qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsi ilə Türkiyə Ədliyyə Nazirliyinə müraciət edərək, Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının ekspertizanın aparılmasında iştirak etməsi barədə məsələ qaldırıb və bu məqsədlə Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə Respublikasına ezam olunubar.
O, Bakıda da müalicə olunurmuş
“Mediaforum” saytı Sevinc Babayevanın 2012-ci ilin mart ayında Bakıda müalicə olunduğunu öyrənib. Saytın məlumatına görə, Sevinc Babayeva müalicəsini Mərkəzi Gömrük Hospitalında alıb. Məsələ ilə bağlı dekabrın 28-də “Mediaforum” saytı Mərkəzi Gömrük Hospitalına müraciət edib. Xəstəxananın invaziv kardioloqu Qalib İmanov məlumatı təsdiqləyib. Qalib İmanov deyib ki, Sevinc Babayeva ağ ciyər arteriyasındakı tromdan müalicə olunub.
“Mediaforum” saytı vurğulayır ki, burada söhbət 7 ay əvvəlki müalicədən gedir və bu xəbər Sevinc Babayevanın xəstəlikdən ölməsinin təsdiqi kimi qəbul olunmamalıdır.
Mərhumun yaxın qohumları bu hadisə ilə maraqlanmır
“Yeni Müsavat” S.Babayevanın əmisi oğlu ilə də danışıb. Adının mətbuatda çəkilməsini istəməyən qohumu deyib ki, onlar çoxdandır onunla bağlı məlumatlı deyillər və bütün əlaqələri də kəsilib: “Ölməsini də mətbuatda oxuduq. Allah rəhmət eləsin. Bundan artıq heç nə deyə bilməyəcəm”.
Elnur Məcidli: “Əlimizdə Sevinc Babayevanın başqa videoları da var”
Hazırda Fransada olan Elşad Abdullayevin sözçüsü Elnur Məcidli isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, S.Babayevanın ölümü ilə bağlı motivlər araşdırılmalıdır. E.Məcidli dedi ki, S.Babayeva onun ölümündə maraqlı olan şəxslərin klinikasında öldürülüb: “Cavan qadın olub. Onun qəfil ölməsi şübhəlidir, bu, qətldir. İlk video yayılandan iki gün sonra özü direktoru olduğu kitabxanadan əşyalarını yığmışdı. Və sonra da ölkəni tərk edib. Ona hər şey üçün şərait yaradıblar və sonra ölkədən kənarda bu işi həll ediblər”.
Müsahibimiz dedi ki, əllərində S.Babayevanın başqa videoları da var. Onun sözlərinə görə, yeni videolar bu ölümlə bağlı hər hansı detalın işıqlandırılmasına yardımçı olacaqsa, onu yayacaqlar.
Türkiyə mətbuatı Sevinc haqda “dünyanın axtardığı qadın” deyə bəhs etdi
S.Babayevanın ölümü Türkiyə mətbuatının da gündəmində olub. Türkiyənin “Hürriyət” qəzeti Sevinc Babayevadan yazıb. “Dünyanın aradığı qadın İstanbulda öldü” başlıqlı yazısında qəzet bildirib ki, İstanbulda Əsənyurdda bir evdə qalan Sevinc Babayeva gecə saatlarında səhhətində müəyyən problemlər yarandığından Əsənyurd Dövlət Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan azərbaycanlı qadın Bəylikdüzü Medicana Xəsətəxanasının reanimasiya şöbəsinə köçürülüb. S.Babayeva həkimlərin müdaxilələrinə baxmayaraq, gecə saatlarında keçinib. Babayevanın bədənində hər hansı zorakılıq izlərinə rast gəlinməyib. Sənədləşdirilmə işlərindən sonra ölüm səbəblərinin araşdırılması üçün Babayevanın meyitinin Ədliyyə Tibb qurumuna göndəriləcəyi öyrənilib.
Gülər Əhmədova hədələyir: “Onların əməlləri cəzasız qalmayacaq”
S.Babayevanın rəfiqəsi, mandat alverində adı hallanan sabiq deputat Gülər Əhmədova isə gunxeber.com-a açıqlamasında facebook sosial şəbəkəsinə tanımadığı şəxslərin müdaxilə etdiyini dedi. Onun sözlərinə görə, bunu maraqlı şəxslər edə bilər: “Mən xeyli vaxtdır ki, facebook-da yazı paylaşmıram, amma kimlərsə mənim səhifəmə daxil olub, adımdan statuslar paylaşır. Təəssüflər olsun ki, bəzi mətbuat orqanları da fikirləri dəqiqləşdirmədən işıqlandırırlar. Sevinc Babayevanın hansı səbəbdən ölməsi barədə məndə heç bir məlumat yoxdur. Onun ölümü ilə bağlı mənim adımdan sosial şəbəkələrdə yazılan statuslar isə "Xoruz baba" məsələsindən sonra aparılan təxribatın növbəti hissəsidir. Amma bu təxribatı aparanlar unutmasınlar ki, onların əməlləri cəzasız qalmayacaq".
Xatırladaq ki, daha öncə onun sosial şəbəkədəki statusunda S.Babayevanın zəhərlənib öldürülməsi barədə xəbər və YAP sədrinin birinci müavini Əli Əhmədovu qəsd edərək “Xoruz baba” şeiri paylaşmışdı.
Bu arada G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovdan ayrıldığı barədə yayılan söz-söhbətlərə sonuncudan cavab gəlib. Modern.az F.Əhmədovla əlaqə saxlayaraq onların ayrılması barədə yayılan söz-söhbətlərə aydınlıq gətirməyə çalışıb. F.Əhmədov bu barədə sualdan hiddətlənərək deyilənlərin şayiə olduğunu vurğulayıb: “Biz 27 ildir ki, ailəliyik, nə boşanma, nə ayrılma?.. Bizim böyük oğlumuzun 26 yaşı var. Bunlar nə uydurmalardır belə, yayırlar?”-deyə F.Əhmədov kəskin reaksiya nümayiş etdirib.
musavat.com