Medianews.az
ƏLİ ƏSƏDOV İŞ ADAMININ ŞİRKƏTİNİ ZORLA ƏLİNDƏN ALIB
302 baxış

ƏLİ ƏSƏDOV İŞ ADAMININ ŞİRKƏTİNİ ZORLA ƏLİNDƏN ALIB

Prezidentin köməkçisinin adı biznes qalmaqalında hallanır; o, dünyaca məşhur Fransa şirkətinin təmsilçiliyini, yerli biznesmenin isə obyektini ələ keçirməkdə suçlanır; hətta Ali Məhkəmənin qərarı da saya salınmır...

Azərbaycanda çoxdan qüvvədə olan qanun var: vəzifə sahibləri ilə şərikliyi olan bir çox iş adamlarının yolları sonradan həbsxanalardan keçir. “Yeni Müsavat”ın redaksiyasına müraciət edən Fəxrəddin Məmmədovun qardaşı Baba Məmmədov da belə iş adamlarından biridir. “Əli Əsədovu şərikliyimizə kimi də tanıyırdım. Onun rəhmətlik atasının yasında da iştirak etmişdim. Qardaşım Babanın da onunla tanışlığı vardı. Ümumi tanışımız Babək Muradla danışıqlardan sonra belə qərara gəldik ki, şirkətin 40 faizi bizdə, 30 faizi Babək Muradda, 30 faizi də Əli Əsədova olacaq. Danışdıq, onlar da razılıq verdilər. 2006-cı ilin iyununda bizim ”İnficorp" şirkətinin təsisçisi olduğu “Nal auto”nun 30 faizini Babək Muradın, 30-nu Əli Əsədovun bacısı Şərəbanu Atakişiyevanın adına rəsmiləşdirdik. Əli Əsədov əvvəlcə özünün 30 faizlik payını Hikmət adlı köməkçisinin adına rəsmiləşdirmək istəyirdi, sonra qəfildən fikrini dəyişdi, bacısının adına rəsmiləşdirdi. Nəhayət, 2007-nin yanvarında Həsən Zərdabi küçəsi, 78-də Fransanın “Reno” avtomobillərinin satışını həyata keçirən avtosalon açıldı" - bunları Fəxrəddin Məmmədov deyir.

 

Onun sözlərinə görə, avtosalonda işlər qaydaya düşəndən sonra Əli Əsədovla Babək Murad cığallıq ediblər: “Qardaşım Baba Məmmədov sovet vaxtı Nərimanov Rayon Komsomol Komitəsinin I katibi olub. Moskvada Xarici Ticarət Akademiyasını bitirib, Fransanın Nitsa şəhərində MBA diplomu alıb. ”İmprotex" şirkətində işləyib. Hazırda hakimiyyətdə olan bir çoxları ilə sovet dövründə birgə işləyib. Babək Murad da elə o vaxt qardaşımla birgə Mərkəzi Komitədə işləyib. 2000-ci ilə kimi biz şərikli ofşor şirkətimiz olan “İnficorp”u yaradıb işləməyə başladıq. “Azfen”, bp kimi şirkətlərə mal-material satırdıq. Həmin il düşündük ki, avtomobil biznesinə girişək".

 

F.Məmmədov bildirir ki, qardaşı Fransanın “Reno” şirkəti ilə danışıqlar aparıb. Az sonra “Reno” Azərbaycanda təmsilçiliyinin açılmasına razılıq verib: “2005-ci ilin dekabrında ”Nal auto"nu qeydiyyatdan keçirdik. Təsisçisi 100 faiz “İnficorp” idi. “Reno” ilə müqavilə bağlayandan sonra gördük avtomobil şirkətinə böyük vəsait lazımdır. Buna görə də şərik axtardıq. 20 ildən artıq qardaşımla dostluq edən Babək Murad da o vaxtlar ofisimizə gəlib-gedirdi. Ona dedik ki, belə iş var, tək gücümüz çatmır. Babək dedi ki, prezidentin köməkçisi Əli Əsədov varlı adamdır, birgə təhsil alıblar, onunla dostdur. Gedib ona şərikliklə bağlı müraciət edəcək".
Şikayətçi deyir ki, belə də olub. Ə.Əsədov şərik olmağa razılıq verib: “Qardaşım Bakının mərkəzindəki evini 100 min dollara satdı və həmin pulu rəsmi olaraq ”İnficorp"un adından “Nal auto”nun hesabına yatırdı. Əli Əsədovla Babək Murad isə 550 min dollarıq vəsaiti qeyri-rəsmi olaraq şirkətə qoydular. 2007-nin əvvəlində Zərdabi, 78-dəki avtosalona Fransadan ilk partiya avtomobil gəldi. Hər ay 20-30 maşın gəlirdi, satış da artırdı. Babək Murad ofisdə oturub bütün biznesə nəzarət edirdi. Görürdülər ki, şirkət hər gün daha artıq qazanc gətirir. Bir maşının satışından qazanc 2 min dollar idi. 2-3 ilə şirkətin özünün qiyməti 50 milyon dollara çatacaqdı. Açıq demirdilər, amma hiss edirdik ki, bizi biznesdən uzaqlaşdırmaq istəyirlər. Bunun üçün bəhanə uydurdular. 2007-ci ilin oktyabrında ittiham gəldi ki, şirkətin pullarını yemisiniz. İttihamları da bu idi ki, guya 24 maşını satıb pulunu kassaya verməmişik. Halbuki o pulları özlərinin razılığı ilə satdığımız maşınlara texniki xidmət göstərəcək avtoservisin tikintisinə yönəltmişdik. Səhmdarların yığıncağını keçirib qardaşımı şirkətin sədrliyindən qeyri-qanuni yolla uzaqlaşdırdılar. Belə olduqda “İnficorp”un adından onları məhkəməyə verdik.

                                                                    

Xahiş etdilər ki, məhkəmədən iddiamızı geri götürək, aramızda söhbət edək. Götürdük və bizi aldatdılar. Babək Murad və Əli Əsədovun bacısı Şərəbanu Atakişiyevanın adından prokurorluğa müraciət olundu. Prokurorluqda pulların servisə yatırılmasını sübut edə bilmədik. Çünki rəsmi sənədləşmə yox idi. Babək Muradla Əli Əsədov da bunu gözəl bilirdilər. 2008-ci ilin martında qardaşımı tutdular. Qardaşımın adından mayda məhkəməyə müraciət etdik. Nəsimi Rayon Məhkəməsi qərar verdi ki, qardaşımı qanunsuz olaraq işdən çıxarıblar. Sentyabrda Apelyasiya Məhkəməsi də həmin hökmü təsdiq edən qərar verdi".

F.Məmmədovun sözlərinə görə, elə həmin ay qardaşı Baba Məmmədov Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə şərti cəzaya məhkum olunub: “Düşünürdülər ki, qardaşımı həbs etdirib üzərinə məhkumluq qoydurmaqla bizi yolumuzdan çəkindirəcəklər, qurduğumuz biznesi onlara pay verib çıxıb gedəcəyik. Bu adamlar şəriklik də edə bilmədi. Vəzifələri, vəzifələrindən irəli gələn imtiyaz və üstünlükləri var deyə varlanmaq üçün hər cür haqsızlığa getməkdən çəkinmirlər. Prezidentin köməkçisi məhkəmə qərarını da saya salmaqdan imtina edir. Hakimiyyətin rəhbərliyində təmsil olunan Əli Əsədov və Babək Murad məhkəmənin qardaşımın vəzifəsinə bərpa olunması ilə bağlı qərarını qəbul etmirdilər. Qərarı Ali Məhkəmə də təsdiqlədi. Bundan sonra qərarın icra olunması üçün məhkəməyə müraciət etdik. 2009-cu ilin mayında məhkəmə icraçıları Babək Muradı ofisdən çıxarıb bizə təhvil verdi. Bir ay işləyəndən sonra Yasamal Rayon Məhkəməsi qərar verdi ki, ofis bizdən alınsın. Bu məhkəmə həmin qətnaməni çıxaranda çoxlu qanunsuzluğa yol verilib. Bizi cavabdeh kimi tanısalar da məhkəməyə dəvət olunmamışıq. Bu qətnaməni əsas tutub Yasamal Rayon Məhkəməsinin icraçıları bizi ofisdən çıxardı, bütün sənədlərimizi, möhürü aldılar. Elə həmin gün qardaşımı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırıb yenidən həbs etdilər”.

 

Şikayətçi bildirir ki, məhkəmələrdə Ə.Əsədovun təzyiqini hiss ediblər: “Qardaşımı mənimsəmədə, dələduzluqda ittiham edib işi Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Əli Əsədovun məhkəmələrə təzyiqinə kimi proses bizim xeyrimizə gedirdi. Təzyiqdən sonra isə iş tam əks istiqamətə çevrildi. Bu məhkəmə qardaşımın 11 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar verdi. 
Ali Məhkəmə isə həmin cəzanı 10 ilə endirdi".
F.Məmmədov deyir ki, prezident köməkçisinin və digər şərikinin əməlləri ilə bağlı Ədliyyə və Fövqəladə Hallar nazirliklərinə müraciət ünvanlayacaq: “Yasamal Rayon Məhkəmə İcraçıları ofisi və sənədləri əlimizdən alandan sonra onlardan bu haqda sənəd istədik. Amma vermədilər. Mən il yarım ərzində Yasamal icraçılarına, Ədliyyə Nazirliyinə, şəxsən nazirin adına məktublar yazıb sənədlərin verilməsini tələb etmişəm. Amma o sənədləri mənə verən olmadı. ”Nal auto"nun Babək Murada verilməsi haqda bu gün də heç bir sənəd yoxdur. Qardaşımı həbs etdirəndən bir ay sonra Əli Əsədovla Babək Murad ofisi açıb orada işləyirlər. 2009-un dekabrında məhkəmə heç bir əsas olmadan qərar verdi ki, Babək Murad orada işləyə bilər. Şikayət verdim, proses 2011-ci ilin aprelinə kimi getdi. Lakin məhkəmədə aydınlaşdırılmadı ki, bizdən alınan sənədlər, möhür hansı əsasla Babək Murada verilib. Əlimizdə Ali Məhkəmənin qərarı var ki, qardaşım Baba Məmmədov şirkətin prezidentidir. Onlar isə Ali Məhkəmənin qərarını da saymır. Babək Murad bu gün faktiki olaraq hər yerdə yazır ki, prezident vəzifəsini icra edir. Bu isə şirkətin əsasnaməsinə ziddir. Ədliyyə nazirinə məktub yazıb xahiş edəcəyəm ki, bu qanunsuzluqlara son qoysun. Üstəlik onlar bu gün bizim birgə inşa etdirdiyimiz, lakin mərdimazarlıqları üzündən sənədləşdirə bilmədiyimiz “Nal auto”nun avtoservisini də qanunsuz olaraq işlədirlər. FHN-ə məktub yazıb orada müvafiq yoxlama aparılmasını xahiş edəcəyəm".
F.Məmmədovun sözlərindən aydın olur ki, şəriklərinin hərisliyi nəhayətdə şirkətin iflasına gətirib çıxarıb: “Təsisçisi olduğumuz ”İnficorp" “Nal auto”nun təsisçisidir deyə şirkəti ləğv edə bilmirlər. 2010-cu ildə istədilər ki, şirkəti ləğv edib öz şirkətləri ilə “Reno” arasında müqavilə bağlasınlar. Ölkə daxilində belə məsələlərə Əli Əsədova görə göz yumulur. Xaricdə isə belə deyil. Mən “Reno”ya məktub yazdım və dərhal onlarla əlaqələri kəsdilər. Bu gün Əli Əsədov və onun şəriki daha Azərbaycanda “Reno” sata bilmir".
REDAKSİYADAN: Yazıda səslənən ittihamlarla bağlı orada adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

musavat.com

Bizə qoşulun