İranlı kinematoqraflar Azərbaycanda yeni teleserialların çəkilişinə başlamışlar.
“Aydın” və “Çaqqal nəfəsi” adlanan həmin seriallarda Azərbaycanın tanınmış aktyorları rol almışlar.
Filmlərin hazırlanması üçün İranın məşhur kinematoqrafçıları – Babək Şirinsifət, Mehdi Pərizad və digərləri Azərbaycana dəvət olunmuşlar. “Aydın” və
“Çaqqal nəfəsi” adlı çoxseriyalı filmlərin çəkilişləri tamamlandıqdan sonra yerli telekanalların birində nümayiş olunacaqdır.
Serialları çəkən “Kaspi Global” istehsalçı şirkətinin rəhbəri Şamxal Həsənli bildirmişdir ki, “Aydın” filmi Cəfər Cabbarlının məşhur “Aydın” pyesinin motivləri əsasında hazırlanır. Filmin ssenarisi üzərində Nərgiz Bağırzadə çalışır. Hazırda filmin aktyor heyətinin seçimləri aparılır.
Şirkət rəhbəri onu da əlavə etmişdir ki, “Çaqqal nəfəsi” adlı ikinci serialda Əməkdar Artist Qurban İsmayılov, Gülzar Qurbanova, Rasim Cəfərov və digər tanınmış aktyorlar rol almışlar. Ekran əsərində tanınmış teleaparıcı Səxavət Nur da debütünü etmişdir.
Kriminal melodram janrında olan serialın əsas ana xətti bir neçə paralel süjet üzərində qurulmuşdur. Film iki qadının taleyindən bəhs edir. Təsadüfi bir qətl törətdiyi üçün həbsxanaya düşmüş Nərgiz adlı gənc həbsxanadan çıxdıqdan sonra başına gələnlər və keçmişdə biznes fəaliyyəti ilə məşğul olmuş, lakin kimlərsə tərəfindən şərlənib həbsxanaya saldırılan Gülarə adlı yaşlı qadının öz günahsızlığını sübut etmək yolunda apardığı mübarizə yer almışdır.
Filmin ssenari müəllifi İlqar Fəhmidir. Seriala musiqini iranlı bəstəkar Hamid Sabet yazmışdır.
İranlı kinematoqrafçılar Azərbaycan tamaşaçısına bu ilin sentyabrında Nizami Kino Mərkəzində nümayiş olunan “Su başında durmuşuq, çinarla mən” tammetrajlı sənədli filmindən tanışdır. “Azərbaycanfilm” kinostudiyası və “Obafilm” Prodüser Mərkəzinin birgə istehsalı olan film Qarabağ müharibəsi nəticəsində yurd-yuvasından məcburi köçkün düşmüş insanların taleyindən bəhs edir. Ekran əsəri on il bundan əvvəl çəkilmiş “Sıfır saatının qatarı” sənədli filminin davamı kimi lentə alınmışdır.
azertag.com