Medianews.az
Zəngəzur dəhlizi ilə Çindən yüklər Londona neçə günə çatdırılacaq?
85 baxış

Zəngəzur dəhlizi ilə Çindən yüklər Londona neçə günə çatdırılacaq?

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizinin də şübhəsiz inşa ediləcəyini bildirib.

İqtisadı deputat Vüqar Bayramov məsələ ilə Medianews.az-a açıqlama verib.

O qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidinin təmin edilməsi tələbini dəfələrlə səsləndirib: “Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan edi. Və bu, artıq reallaşmaqdadır.

Zəngəzur dəhlizinin Azərbaycan ərazisində işlər tamamlanmaq üzrədir. Dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi isə cəmi 40 kilometrdir. Bu o deməkdir ki, işlərin intensivləşdiyi halda dəhlizin daha qısa zamanda istifadəyə verilməsi mümkündür”.

Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək və ötürmə qabiliyyəti nə qədər olacaq?

Suala cavab olaraq V.Bayramov qeyd edib ki, 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhfə verəcək: “Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyin qiymətləndirmələrinə görə, Zəngəzur dəhlizi 2030-cu ilədək istifadəyə veriləcək. Bu dəhliz vasitəsilə Çindən yüklər Londona cəmi 18 günə çatdırıla biləcək. 10 illik proqnoza əsasən, dəhliz 50 milyard dollar gəlir gətirəcək və hər il 60 mindən çox əlavə iş yerinin yaradılmasına töhfə verəcək”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun