Medianews.az
Yazıçı Şərif Ağayar Rəşid Behbudovun ailəsindən
78 baxış

Yazıçı Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istədi

Musavat.com xəbər verir ki, yazıçı Şərif Ağayar sosial şəbəkələrdə böyük rezonans doğurmuş paylaşımından sonra Xalq artisti Rəşid Behbudovun ailəsindən və onu sevənlərdən rəsmi şəkildə üzr istəyib.

Xatırladaq ki, bundan əvvəl Şərif Ağayarın paylaşımında istifadə etdiyi bəzi ifadələr Rəşid Behbudovun xatirəsinə hörmətsizlik kimi qiymətləndirilmiş, sənətkarın ailə üzvləri, yaxınları və çoxsaylı pərəstişkarları tərəfindən kəskin etirazla qarşılanmışdı. Azərbaycan cəmiyyətində gündəmin kifayət qədər gərgin olduğu bir dövrdə bu məsələ geniş müzakirə obyektinə çevrilmiş, sosial şəbəkələrdə və mediada günlərlə davam edən ciddi polemika yaranmışdı.

Yaranmış ictimai reaksiyalardan sonra Şərif Ağayar mövqeyinə aydınlıq gətirərək üzrüxahlıq mətnini yayımlayıb. Yazıçı bildirib ki, qalmaqallı statusunda məqsədi heç vaxt Rəşid Behbudovu və ya onun sənətini aşağılamaq olmayıb:

“Məlum qalmaqallı statusumda heç də məqsədim xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb. Mən yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdım. Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı, o isə müğənninin özünə yox, səsinə aid idi.”

Şərif Ağayar etiraf edib ki, fikirlərinin bu qədər geniş ictimai rezonans doğuracağını və sənətkarın ailəsini, yaxınlarını, eləcə də onu sevənləri narahat edəcəyini gözləmirmiş. Onun sözlərinə görə, ifadələri seçərkən diqqətsizliyə yol verib:

“Mən insanları heç vaxt incitmək istəmirəm. Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm.”

Yazıçı həmçinin vurğulayıb ki, Rəşid Behbudova sənətkar kimi hələ gənclik illərindən yüksək qiymət verib və onun yaradıcılığı barədə dəfələrlə müsbət fikirlər səsləndirib, yazılar qələmə alıb.

“Ümid edirəm, indən belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar. Hamınıza sayğılarla…” – deyə Şərif Ağayar üzürxahlıq mətnində qeyd edib.

Qeyd edək ki, bu açıqlamadan sonra sosial şəbəkələrdə mövzu ətrafında müzakirələrin səngiməyə başladığı müşahidə olunur.

Bizə qoşulun