İran məsələsinin gündəmdə olduğu bir zamanda Suriyada kürdlərin fəlakətli məğlubiyyəti ilə bitən qısa müddətli əməliyyat kürdlərin özü də daxil böyük əksəriyyət üçün gözlənilməz oldu.
Yanvarın 5-də paylaşdığım “İraq, Suriya, Türkiyə və İranın taleyi kimdən və nədən asılıdır?” başlıqlı məqalədə yazmışdım ki, “Kürdlər İraq, Suriya və Türkiyənin federallaşmasında əsas faktor olsalar da, proses göstərdi ki, kürdlərin müstəqilliklərini elan edərək bu ölkələri böləcək gücləri, resursları yoxdur. Buna görə də İran da daxil olmaqla Suriyadan Pakistana qədər uzanan coğrafiyanın gələcəyi Güney Azərbaycanın seçimindən asılıdır.”
Dekabrın 28-də İranda başlayan, təxminən 20 gün davam edən iri miqyaslı etirazların heç bir nəticə vermədən başa çatması, eləcə də Suriyada baş verənlər yuxarıdakı fikri təsdiq edir.
İranda baş verən etirazlar göstərdi ki, kürdlər etirazların tətikləyicisi, ən radikal hissəsi ola bilsələr də İranda siyasi elitanın və toplumun parçalanmasını təmin edəcək gücləri yoxdur. Əksinə, kürdlərin həddindən artıq radikallığı, ən əsası da imkanları ilə üst-üstə düşməyən iddiaları son min ildə İranın bütövlüyünü təmin edən Azərbaycan türklərini ehtiyatlı davranmağa, etirazlardan məsafə saxlamağa vadar edir. Kürdlərin Azərbaycan torpaqlarına iddiaları Güney Azərbaycanın siyasi, hərbi və biznes elitasını İranın bütövlüyündən yana çıxış etməsinə sövq edir. Bu da teokratik rejimin varlığını sürdürməsinə imkan verir.
Ermənilər imkanları ilə üst-üstə düşməyən iddiaları ilə Cənubi Qafqaza Rusiyanın təsir dairəsindən çıxmağa imkan vermirdilər. Buna görə 2020-ci ildə ağır məğlubiyyətlə üzləşdilər. Suriyada kürdlərin üzləşdiyi fəlakətli məğlubiyyət onların ermənilərin aqibətindən dərs çıxarmadığını göstərdi.
Azərbaycan cəmiyyətinə qardaş əli ilə sırınan bir fikir var ki, guya ABŞ, Böyük Britaniya və İsrail Azərbaycan torpaqlarının bir hissəsini də əhatə edəcək böyük Kürdüstan yaratmağa çalışırlar. Suriyada baş verənlər göstərdi ki, bu tamamilə çürük, heç bir əsası olmayan saxta tezisdir. Əgər ABŞ, Böyük Britaniya və İsrail imkan verməsəydi Əhməd əş-Şaara kürdlərə qarşı belə bir əməliyyat keçirə bilməzdi. Ümumiyyətlə, bu ölkələr istəməsydi Əhməd əş-Şaara iqtidara gələ bilməz, bu günə kimi həyatda qala bilməzdi.
İslam İnqilabı Keşikçiləri Korpusunun ən güclü hərbi birləşməsi olan “Qüds”ün komandanı Qasım Süleymanini, “Əl Qaidə” terror təşkilatının ələkeçməz lideri Üsamə bin Ladeni, son yüz ilin ən təhlükəli radikal islam hərəkatı olan İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadini, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyəni, “Hizbullah” lideri Həsən Nəsrullahı, İranın bir neçə generalını bir yerdə öldürən gücün Əhməd əş-Şaaranı öldürə bilməyəcəyini düşünənlər varsa, onları inandırmaq üçün politoloq deyil, psixoloq lazımdır.
Yeri gəlmişkən qeyd edim ki, İŞİD-in qurucusu Əbu Bəkr əl-Bağdadinin və ondan sonra İŞİD-in ikinci xəlifəsi olan Əbu İbrahim əl-Haşimi əl-Qureyşinin yerinin amerikanlara Əhməd əş-Şaara tərəfindən verildiyi haqqında iddialar, bu iddiaları əsaslandıracaq məqamlar var.
Kürdlər Suriyada məruz qaldıqları fəlakətli məğlubiyyətdən nə qədər tez dərs çıxarsalar, həm özlərinə, həm də öz müqəddəratını təyin etmə uğrunda mübarizə aparan bölgə xalqlarının mübarizəsinə bir o qədər fayda vermiş olacaqlar. Kürdlər anlamalıdır ki, onların öz müqəddəratını təyin etməsi Güney Azərbaycanın istiqlaliyyətinə bağlıdır.
ABŞ və İsrailin Mərkəzi Asiyaya yönəlik strategiyası, Böyük Britaniyanın “Qlobal Britaniya” strategiyasının uğuru önəmli dərəcədə Azərbaycanın güclü olmasına bağlıdır. Böyük Azərbaycan isə ABŞ və İsrailin Mərkəzi Asiyaya yönəlik strategiyasının, Böyük Britaniyanın “Qlobal Britaniya” strategiyasının uğurunun təminatı ola bilər. Ona görə də yaxın illərdə ABŞ, Böyük Britaniya və İsrail üçün Böyük Azərbaycanın yaranışı vazkeçilməz məsələyə çevrilməkdədir.
Suriyanın kürdlər üzərində tam və qəti qələbəsi də Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına ziddir. Əksinə, kürdlərin Böyük Azərbaycanla ərəb coğrafiyası arasında bufer dövlət olacaq güclü dövlətə malik olması Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına uyğundur. Bir əsr öncə Ermənistan və Gürcüstanın müstəqilliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün nə qədər gərəkli idisə, bu gün də kürdlərin, bəlucların, etnik ərəblərin öz müqəddəratını təyin etməsi Güney Azərbaycanın istiqlaliyyəti üçün o qədər gərəklidir. Ən önəmlisi, İŞİD-in qısa müddətdəki uğuru göstərdi ki, ərəb coğrafiyası böyük təhlükələrin mənbəyi olaraq qalır. Qətərin böyük pullar xərcləyərək apardığı təbliğat ərəb gəncləri arasında Əməvi imperiyası heyranlığı yaratmaqdadır. Bu isə yaxın illərdə hökmən böyük təhlükələr doğuracaq.
Postsovet məkanındakı bütün qeyri-rus xalqlar bir-birinin təbii müttəfiqi olduğu kimi, İslam coğrafiyasındakı bütün qeyri-ərəb xalqları və dövlətləri da bir-birinin təbii müttəfiqidir. İsrailin Azərbaycan üçün strateji önəmi ilk növbədə bununla bağlıdır.
Suriyada kürdlərin fəlakətli məğlubiyyəti ilk baxışda Türkiyənin zəfəri kimi görünür. Türkiyə son günlərə kimi İran, İraq və Suriyanı əhatə edən prosesdən kənarda qalmağı bacarmışdı. Ankara Suriya hakimiyyətinin kürdlərə qarşı əməliyyatını fəal sürətdə dəstəkləməklə bu prosesə daxil oldu. Bu prosesin Türkiyə üçün təsirlərinə növbəti yazıların birində aydınlıq gətirəcəm.
Xaqani Cəfərli,
politoloq