Gəncə sakini, 1969-cu il təvəllüdlü Fuad Bədəlov 1992-1994-cü illərdə gedən hərbi əməliyyatlarda iştirak etməsinə baxmayaraq, hələ də "müharibə veteranı" statusu ala bilmir.
Milli.Az xəbər verir ki, vətəndaşın sözlərinə görə, döyüşlərdə iştirakını və yaralanmasını təsdiqləyən bütün sənədləri Müdafiə Nazirliyinin müvafiq komissiyasına təqdim edib, amma illərdir müraciətinə cavab yoxdur.
Bədəlov Ağdərədə 14 əməliyyatda iştirak etdiyini, Qaradağlı kəndində yaralandığını və bu səbəbdən döyüşdən çıxmalı olduğunu bildirib. O, komissiya katibi Elbrus Mehdixanovdan soruşsa da, narazılığına səbəb olan cavab ala bilməyib.
Müdafiə Nazirliyinin mətbuat xidməti isə bildirib ki, vətəndaşın 26 mart 1994-cü ildən əvvəl və sonrakı dövrlərdə xidmətini təsdiqləyən sənədləri varsa, onları Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə təqdim etməsi xahiş olunur.