Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia ilə görüşüb.
Akademiyadan Medianews.az verilən məlumata görə, AMEA-nın Rəyasət Heyətində baş tutan görüş zamanı İsa Həbibbəyli Azərbaycan ilə Albaniya arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib. Akademik iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb, bu çərçivədə Azərbaycanla Albaniyanın elmlər akademiyaları, akademik qurumları arasında əlaqələrin qurulmasının və bu istiqamətdə əməkdaşlıq müqaviləsinin imzalanmasının məqsədəuyğun olacağını bildirib.
Səfir Besart Kadia isə ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin elmi-mədəni sahədə də genişləndirilməsinin vacibliyinə toxunub. O, Azərbaycan elminə və mədəniyyətinə böyük maraq göstərdiklərini vurğulayaraq, akademiyalar arasında əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib.
Görüş zamanı akademiyalararası əməkdaşlıq müqaviləsinin mətninin hazırlanaraq tərəflərlə razılaşdırılması qərara alınıb.
Çıxışlardan sonra akademik İsa Həbibbəyli qonağa Azərbaycanın tarixinə həsr olunmuş kitab hədiyyə edib. AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olan qonaqlara onun tarixi barədə ətraflı məlumat verilib.