Ürək xəstəliklərindən sonra bərpa prosesi təkcə dərman və tibbi nəzarətlə məhdudlaşmır, bu mərhələdə insanın sosial və emosional mühiti də mühüm rol oynayır.
Medianews.az Foodinfo.az-a istinadən xəbər verir ki, Kanadalı alimlərin apardığı araşdırma güclü və dəstəkləyici ailə münasibətlərinin ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bildiyini göstərib.
Xüsusilə infarkt və ya digər ürək-damar xəstəlikləri keçirmiş insanlar üçün bu amilin önəmi daha böyükdür. Tədqiqat nəticələrinə görə, sağalma prosesinə yalnız xəstə deyil, onun həyat yoldaşı və ya partnyoru da cəlb olunduqda müalicənin nəticələri xeyli yaxşılaşır. Alimlər bildirir ki, belə yanaşma xəstənin tövsiyələrə əməl etməsini asanlaşdırır və motivasiyanı artırır.
Araşdırmada vurğulanır ki, ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır. Ənənəvi reabilitasiya proqramları adətən yalnız pasiyentə yönəlir. Lakin aparılan yeni analiz göstərib ki, cütlüklərə əsaslanan yanaşma daha effektiv nəticə verir.
Təhlil edilən araşdırmaların 77 faizində sağlamlıqla bağlı davranışlarda müsbət dəyişikliklər qeydə alınıb. Belə ki, partnyorlar birlikdə daha sağlam yeməklər hazırlayıb, fiziki aktivliyi dəstəkləyib və dərmanların vaxtında qəbuluna nəzarət ediblər. Bu isə müalicənin ümumi uğuruna birbaşa təsir göstərib.
Tədqiqatın aparıcı müəllifi, Ottava Universitetinin Ürək İnstitutunun psixoloqu Hizer Tallok qeyd edib ki, ürək xəstəlikləri bəzən cütlükləri bir-birinə daha da yaxınlaşdırsa da, çox vaxt münasibətlər üçün ciddi sınağa çevrilir. Onun sözlərinə görə, illər ərzində aydın olub ki, infarkt yalnız bir insana deyil, bütövlükdə cütlüyə təsir edən hadisədir.
Mütəxəssislər bu yanaşmanın səhiyyə sistemi üçün də faydalı olduğunu bildirirlər. Çünki xəstənin partnyoru çox zaman oxşar risk faktorlarına — qidalanma vərdişləri, stress səviyyəsi və həyat tərzi — malik olur. Birgə reabilitasiya həm fiziki, həm də psixoloji sağlamlığı yaxşılaşdırır, eyni zamanda münasibətlərin keyfiyyətini yüksəldir.
Alimlər vurğulayır ki, məhz bu amillər uzunmüddətli bərpa və ürək sağlamlığının qorunması üçün həlledici rol oynayır. Araşdırmanın nəticələri Kanadanın Kardiologiya jurnalında dərc olunub.