Medianews.az
Tarixin ən böyük mundialı:
58 baxış

Tarixin ən böyük mundialı: Bu ilin dünya çempionatı nələri vəd edir?

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı əvvəlkilərdən köklü şəkildə fərqlənəcək. Turnir həm miqyasına, həm formatına, həm də coğrafiyasına görə tarixə düşməyə namizəddir. ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi mundialda favorit anlayışı əvvəlki illərlə müqayisədə daha qeyri-müəyyəndir.

Dünya çempionatı futbolun ən ali səhnəsidir. Dörd ildən bir keçirilən bu turnirdə planetin ən güclü milli komandaları bir araya gəlir və sonda yalnız biri futbolun ən nüfuzlu kubokunu başı üzərinə qaldırır. Son mundial 2022-ci ildə Lionel Messinin liderlik etdiyi Argentina millisinin qələbəsi ilə yadda qalıb. Həmin final oyunu isə artıq bir çoxları tərəfindən futbol tarixinin ən möhtəşəm qarşılaşması hesab olunur.

Ev sahibləri kimlərdir?

Şimali Amerika dünya çempionatına yad deyil. Sonuncu dəfə bu regionda mundial 1994-cü ildə ABŞ-da keçirilmişdi və həmin turnir ölkədə futbolun inkişafında dönüş nöqtəsi olmuşdu. Bu dəfə oyunların böyük əksəriyyəti, o cümlədən final matçı ABŞ-da baş tutacaq. Ümumilikdə 78 qarşılaşma bu ölkədə keçiriləcək.

Meksika isə tarixdə dünya çempionatına üçüncü dəfə ev sahibliyi edən ilk ölkə olacaq. Daha əvvəl 1970 və 1986-cı illərdə mundial təşkil edən Meksika bu dəfə 13 oyuna ev sahibliyi edəcək. Açılış matçı da futbol tarixinin əfsanəvi stadionlarından biri olan “Asteka”da keçiriləcək.

Kanada isə kişilər arasında dünya çempionatını ilk dəfə qəbul edəcək. Bu ölkədə də 13 qarşılaşma baş tutacaq. Xatırladaq ki, Kanada 2015-ci ildə qadınlar arasında dünya çempionatına ev sahibliyi etmişdi.

Turnirin formatı və miqyası

2026-cı il mundialı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. Bu dəyişiklik nəticəsində oyunların sayı 64-dən 104-ə yüksəlib. Format genişləndirilməsi həm müsbət, həm də mübahisəli məqamlarla qarşılanıb. Lakin bir fakt danılmazdır: bu, tarixdə ən böyük və ən genişmiqyaslı dünya çempionatı olacaq.

Favoritlər və iddialı komandalar

Bu mundialın ən maraqlı cəhətlərindən biri açıq favorit olmamasıdır. Bir neçə komanda turniri qazanmağa real namizəd sayılır. Lionel Messinin kapitanı olduğu Argentina titulunu qorumağa çalışacaq. Avropa çempionu İspaniya isə Lamin Yamalın liderliyi ilə yeni nəsil futbolçuların hesabına iddialıdır.

Fransa, Portuqaliya və İngiltərə kimi yığmalar da yüksək potensiala malikdir. Almaniya, Braziliya və Niderland kimi ənənəvi futbol ölkələri isə həmişə olduğu kimi böyük gözləntilərlə turnirə qatılacaqlar.

Sürpriz edə biləcək komandalar

Ev sahibi ABŞ millisi son dövrlər ciddi inkişaf mərhələsindədir. Maurisio Poçettinonun rəhbərliyi altında çıxış edən komanda Kristian Pulişiçin liderliyi ilə gözlənilməz nəticələr əldə edə bilər. Kanada yığması da gənc və istedadlı futbolçuların hesabına uğurlu çıxışa ümid edir. Afrika təmsilçiləri arasında Mərakeş və Seneqal xüsusi diqqət çəkir. Cənubi Amerikadan isə Kolumbiya və Ekvador kollektivləri təhlükəli rəqiblər hesab olunur.

Turnirin ulduzları

Dünya çempionatları həmişə böyük futbolçuların səhnəsi olub. Bu dəfə də ulduz bolluğu yaşanacaq. Kriştianu Ronaldu üçün bu turnir son mundial ola bilər. Kilian Mbappe, Osman Dembele, Harri Keyn, Cud Bellinqem, Vinisius Junior, Erlinq Holann, Məhəmməd Salah kimi futbolçular turnirin əsas simaları sırasında yer alır. Xüsusilə İspaniya millisinin gənc ulduzu Lamin Yamal və yarımmüdafiədə Pedri futbolsevərlərə xüsusi zövq vəd edir.

Azarkeş sayı və maraq

FIFA-nın proqnozlarına görə, 2026-cı il dünya çempionatı tarixdə ən çox azarkeşin canlı izlədiyi turnir olacaq. Artıq 2 milyondan çox bilet satılıb. Ümumilikdə 6,5 milyon azarkeşin stadionlarda olması gözlənilir ki, bu da 1994-cü il rekordunu xeyli üstələyəcək.

Açılış və final oyunları

Açılış matçı iyunun 11-də Meksikada yerləşən “Asteka” stadionunda keçiriləcək. Final görüşü isə iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatındakı “MetLife” stadionunda baş tutacaq. Beləliklə, dünya futbolunun zirvə qarşılaşması ilk dəfə Nyu-York ətrafında keçiriləcək./AZƏRTAC 

Bizə qoşulun