Medianews.az
Səs yazısını kəşfiyyat qrupu yayıb? –
83 baxış

Səs yazısını kəşfiyyat qrupu yayıb? – İDDİA

“Fikrimcə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında telefon danışığının mətbuata ötürülməsində Mərkəzi Kəşfiyyat İdarəsində Ağ Evin Ukrayna siyasətindən narazı qrupun əli var”. Bunu Medianews.az-a politoloq Elxan Şahinoğlu deyib.

O bildirib: “Prezidentlərin müşavirlərinin telefon danışığını hər iki ölkənin kəşfiyyat strukturları dinləyə bilərdi. Rusiya tərəfinin telefon danışığını mətbuata ötürməsi məntiqə zidd olardı. Çünki telefon danışığında Stiv Uitkoffun sözləri Kreml sahibinin maraqlarına uyğun olub. Belə olan halda Rusiya kəşfiyyat strukturları danışığın məğzini Qərb mətbuatına ötürməzdi. Yerdə qalır ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi. Böyük ehtimalla bu idarədə Prezident Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı hazırladığı 28 bəndlik plandan narazı qrup var və məhz bu qrup telefon danışığının təfərrüatlarını ABŞ mətbuatına ötürüb. Məqsəd Trampın ilkin variantda Ukraynanı təslimiyyətə sürükləyən planının reallaşmasının qarşısını almaq olub”.

E.Şahinoğlunun sözlərinə görə, ABŞ tarixində bu cür hallar yaxın keçmişdə də olub: “Prezidentin komandasındakı hansısa məmur Ağ ev rəhbərinin siyasətindən narazı qaldığına görə məxfi məlumatları mətbuata ötürməklə müəyyən proseslərin qarşısını almağa çalışıb”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun