Yeni elmi araşdırma göstərir ki, şəkərli içkilərin azaldılması xüsusilə yeniyetmələrin psixoloji sağlamlığına müsbət təsir göstərə bilər.
Medianews.az xəbər verir ki, bununla bağlı alimlər araşdırıblar.
Tədqiqat nəticələrinə görə, qazlı içkilər, şəkər əlavə olunmuş meyvə şirələri və enerji içkilərini tez-tez qəbul edən yeniyetmələrdə təşviş (anksiyete) əlamətləri daha çox müşahidə olunur. 2000–2025-ci illər arasında dərc edilmiş araşdırmaların təhlili zamanı doqquz işdən yeddisində şəkərli içki istehlakı ilə təşviş səviyyəsi arasında əhəmiyyətli əlaqə aşkarlanıb.
Məlumata əsasən, yüksək miqdarda şəkərli içki qəbul edən gənclərdə təşviş pozuntusu diaqnozu qoyulma ehtimalı 34 faiz daha yüksəkdir. Bununla belə, alimlər birbaşa səbəb-nəticə əlaqəsinin sübuta yetirilmədiyini, təşviş yaşayan yeniyetmələrin də şəkərli içkilərə daha çox meyl göstərə biləcəyini bildirirlər.
Mütəxəssislər gündəlik sərbəst şəkər qəbulunun 30 qramdan artıq olmamasını tövsiyə edir. Qeyd olunur ki, bir banka qazlı içki belə bu həddi aşa bilər. Alimlər su, süd və ya şəkərsiz içkilərin seçilməsinin həm fiziki, həm də psixoloji sağlamlıq üçün daha faydalı olduğunu vurğulayırlar.
Medianews.az