Medianews.az
İran iqtisadiyyatının 47 İllik tənəzzül tarixi -
124 baxış

İran iqtisadiyyatının 47 İllik tənəzzül tarixi - Və yarım əsrlik xülya

İranda islam inqilabının əsas şüarı "Müstəqillik, azadlıq, islam respublikası" idi. İnqilabçılar ölkənin siyasətini və iqtisadiyyatını xarici güclərin, xüsusilə də ABŞ və Böyük Britaniyanın təsirindən tamamilə qurtarmağı əsas məqsəd kimi irəli sürmüşdülər. Şah Məhəmməd Rza Pəhləvinin mütləqiyyətçi diktaturasına və SAVAK-ın (gizli polis) təqiblərinə son qoyaraq cəmiyyətə sərbəstlik gətirmək onların ən böyük vədi idi.

İslam respublikası monarxiyanı birdəfəlik ləğv edərək, dövlətin bütün qanunlarının islam hüququna (şəriətə) əsaslandığı yeni bir sistem qurmağı hədəfləyirdi. İnqilabın baş verdiyi dövr soyuq müharibə illərinə təsadüf edirdi. İnqilabın ideologiyası həm ABŞ-ın (kapitalist Qərb), həm də SSRİ-nin (kommunist Şərq) hegemonluğunu rədd edirdi. Əsas ideal, heç bir qlobal bloka qoşulmadan, islam dünyasına liderlik edəcək müstəqil "üçüncü yol" siyasəti yürütmək idi. Yarım əsrlik dövrdə isə hər şey əksinə baş verdi, iqtisadiyyat tamamilə Qərb sanksiyalarından asılı vəziyyətə düşdü. SAVAK-ı ondan dəhşətli ETELAT əvəz etdi, islam hüququ isə imtiyazlı təbəqənin lehinə tətbiq edildi. İndi gözümüzün önündə yarın əsrlik xülyanın tarixi süqutunu izləyirik.

Bir zamanlar, Xomeyni inqilabından bir neçə il əvvəl güclü 20 iqtisadiyyatından biri olan İran, bu gün böyük bir süqutun tipik nümunəsidir. Əli Xameneinin rəhbərliyi dövründə 35-ci pilləyə qədər geriləyən, 2019-cu ildə isə tarixinin ən aşağı səviyyəsinə – 44-cü yerə düşən ölkə təkcə iqtisadi qüdrətini deyil, həm də qlobal təsirini itirib. Bu, onilliklər boyu davam edən sanksiyaların, ölkədə dərin kök salmış korrupsiyanın və səriştəsiz idarəetmənin birbaşa nəticəsidir.

2026-cı ilin yanvarı üçün məlum olan rəqəmlər Vaşinqtonun "maksimum təzyiq" siyasətinin real təsirini göstərir, hasilat gündəlik 81 min barel azalmışdı. Hətta Tehranın ən böyük və demək olar ki, yeganə sadiq müştərisi olan Çin belə neft alışını azaltmışdı. 2025-ci ildəki 1.4 milyon barellik orta göstərici artıq 1.1 milyon barelə qədər daralmışdı.

Mifik məqsədlərə milyardlar sovruldu

İranın mifik “müqavimət oxu” strategiyası, mövcud potensialı üstələyən və çağdaş qlobal trendləri nəzərə almayan, kor-koranə yürüdülən xarici siyasət, qonşu ölkələrə təzyiq siyasəti min bir əziyyətlə satılan neftin xalqın rifahına yox, dini-siyasi rəhbərliyin məchul, xəyallardan qaynaqlanan məqsədlər uğrunda xərclənirdi. Suriyada Bəşər Əsəd rejiminə, Hizbullah, Həmas, müxətlif proksi qüvvələrin təbliğat şəbəkəsinin saxlanması məhz İranın neft gəlirlərinin böyük hissəsinin izafi xərclənməsinə səbəb oldu.

13 il müqavimət göstərən və İrana milyardlarla dollara başa gələn Bəşər Əsəd rejimi 12 günə süqut etdi. 2024-cü il sentyabr ayında İsrailin Livan və Suriyada Hizbullaha “peycer hücumu” təşkilatı sarsıtdı və Tehrandan asılılığı azaltdı. Həmas liderlərinin öldürülməsi, 2023-25-ci illərdə təşkilata qarşı həbi əməliyyatların uğurla nəticələnməsi İranın “müqavimət oxu” strategiyasını puç etdi. İran ağır geosiyasi nokauta düşdü.

2025-ci ilin fevral ayında açıqlanmış rəsmi rəqəmlər İranın çox tab gətirmyəcəyini göstərirdi. İran həm də iqtisadi cəbhədə ağır məğlub olmuşdu. 11 milyard dollar neft gəliri ya korrupsiyalaşmış hesablarda dondurulub, ya da tamamilə ayrı-ayrı ciblərə axıb. Parlamentin büdcə hesabatında deyilirdi ki, 2025-ci ilin səkkiz ayı ərzində satılan 21 milyard dollarlıq neftin cəmi 13 milyardı dövlət xəzinəsinə daxil olub. Yerdə qalan 8 milyard dollar kölgə iqtisadiyyatında itib-batıb.

Təbiət İrana böyük sərvət bəxş edib, ölkənin neft ehtiyatlarının 20%-i, qazın isə 30%-i qonşu ölkələrdə birgə istismar edilən yataqlarda yerləşir. Lakin sanksiyaların boğduğu investisiyalar və qocalmış, dağılan infrastruktur səbəbindən İran öz payına sahib çıxa bilmir. Qonşu dövlətlər bu yataqlardan gündəlik 2.16 milyon barel neft və 609 milyon kubmetr qaz çıxararkən, İran cəmi 583 min barel neft və 498 milyon kubmetr qazla kifayətlənir. Mövcud bazar qiymətləri ilə hesabladıqda bu geri qalmanın İrana vurduğu illik ziyan düz 40 milyard dollar təşkil edir.

Sanksiyalar buxov kimi necə işlədi

2015-ci ilin iyul ayında İranla BMT TŞ-nin 5 daimi üzvü və Almaniya arasında "Hərtərəfli birgə fəaliyyət planı" (nüvə sazişi) imzalandı. Bu il ərzində iqtisadiyyat hələ də əvvəlki ağır sanksiyaların təsiri altında idi və ümumi daxili məhsul (ÜDM) təxminən 1.3% kiçilmişdi. Lakin cəmiyyətdə və bazarlarda böyük bir nikbinlik var idi. İnflyasiya yavaşımağa başladı, milli valyuta (rial) stabilləşdi, çünki hamı sanksiyaların tam götürüləcəyi 2016-cı ili gözləyirdi.

2016-cı ilin yanvarında sanksiyalar rəsmən aradan qaldırıldı. Dondurulmuş milyardlarla dollar vəsait sərbəst buraxıldı və ən əsası, İran qlobal bazarlara yenidən neft satmaq hüququ qazandı. Dünya Bankının məlumatlarına görə, 2016-cı ildə İran iqtisadiyyatı fantastik bir rəqəmlə – 13.4% böyüdü. Bu, həmin il üçün dünyada ən yüksək iqtisadi artım göstəricilərindən biri idi.

2017-ci ildə artım tempi normal səviyyəyə, 3.8%-ə düşdü. Nüvə sazişinin gətirəcəyi vəd edilən xarici investisiya seli isə baş tutmadı.

2018-ci ilin may ayında ABŞ Prezidenti Donald Tramp birtərəfli qaydada nüvə sazişindən çıxdığını elan etdi və "maksimum təzyiq" kampaniyasını başlatdı. Sanksiyaların yenidən tətbiq edilməsi ilə 2018-ci ilin sonunda İran iqtisadiyyatı 3%-dən çox kiçildi. Xarici şirkətlər təcili olaraq ölkəni tərk etdi. Neft gəlirləri yenidən kəsildiyi üçün xarici valyuta qıtlığı yarandı. Rial il ərzində dollar qarşısında dəyərinin təxminən 70%-ni itirdi. İnflyasiya yenidən nəzarətdən çıxdı və yoxsullaşma dalğası əvvəlkindən daha şiddətli şəkildə geri döndü. Bur bir daha göstərdi ki, ölkə sanksiyalardan tamamilə asılıdır.

İranı hakim elita taladı, bitirdi

Bütün bu illər ərzində itirilən sadəcə resurslar deyil, həm də itirilmiş onilliklərdir. İqtisadçıların hesablamalarına görə, son 30 ildə ölkənin məhrum olduğu iqtisadi imkanların – xarici investisiya, bank xidmətləri və ixrac gəlirlərinin ümumi dəyəri 3 trilyon dollardır. Bu, İranın hazırkı illik ÜDM-indən on dəfə böyükdür.

Bununla paralel olaraq, kütləvi kapital axını müşahidə olunurdu. 2015-ci ildən 2025-ci ilin yazına qədər olan dövrdə düz 145 milyard dollar ölkədən qanunsuz yollarla çıxarılıb. Bu məbləğ həmin illərin ümumi neft gəlirlərinin 40%-nə bərabərdir. İranın real özəl sektoru xarici ticarətin cəmi 15%-ni təmin edir. Bu göstərir ki, ölkəni talan edənlər elə rejimə sadiq olan şəxslər və xüsusi imtiyazlı bürokratlar, siyasətçilər, hərbçilər və onların nəzarət etdiyi şəbəkələrdir.

Bu iqtisadi tənəzzülün ən ağır zərbəsi isə birbaşa sadə vətəndaşların üzərinə düşür. Bu gün İranda inflyasiya İkinci Dünya müharibəsindən bəri ən yüksək tarixi həddə çatıb. 2025-2026-cı illərin müstəqil hesabatlarına görə, ümumi inflyasiya 60 faizi keçsə də, sadə xalqın gündəlik həyatına təsir edən ərzaq inflyasiyası 100-110 faizi üstələyib. Milli valyuta olan tümən ABŞ dolları qarşısında dəyərini sürətlə itirir. Hökumətin isə maaşları inflyasiyadan dəfələrlə az – sadəcə 20 faiz civarında artırması, insanların qazancının sürətlə əriməsi və maaşların sadəcə quru çörək almağa belə zorla yetməsi deməkdir.

Qarşısıalınmaz bahalaşma və iqtisadi daralma ölkədə kütləvi kasıblaşma dalğası yaradıb. Hazırda İran əhalisinin təxminən 36-40 faizi (30 milyondan çox insan) yoxsulluq həddindən aşağı şəraitdə yaşamağa məcburdur. Ölkədə cəmiyyətin sütunu sayılan "orta sinif" demək olar ki, tamamilə məhv olub. Əvvəllər normal həyat tərzi sürən ailələr indi sadəcə qida ehtiyaclarını ödəmək və ayaqda qalmaq üçün mübarizə aparırlar. Əməkhaqqı alan şəxslər belə "işləyən yoxsullar" ordusuna çevrilib, çünki qazandıqları pul artan xərclərin çox kiçik bir qismini qarşılaya bilir.

İqtisadi çöküşün digər fəlakətli tərəfi isə ölkənin qlobal inkişafdan qoparaq dərin texnoloji geriliyə məhkum edilməsidir. Sanksiyalar və xarici investisiyaların yoxluğu səbəbindən İran qlobal innovasiyalardan və müasir avadanlıqlardan təcrid olunub. İnternetə tətbiq edilən sərt senzura, infrastrukturun köhnəlməsi və məcburi "yerli istehsal" siyasəti sənayeni keyfiyyətsiz və onilliklər öncənin texnologiyası ilə işləməyə məcbur edir. Bu daxili boğulma mühiti və iqtisadi ümidsizlik eyni zamanda güclü "beyin axınına" səbəb olur – ölkənin ən savadlı mütəxəssisləri və gəncləri xaricə üz tutur ki, bu da İranın gələcək bərpa və inkişaf potensialını kökündən sarsıdır.

Bu gün Türkiyə iqtisadiyyatı həcmcə İran iqtisadiyyatından təxminən 4 dəfə böyükdür. İslam inqilabı ərəfəsində hər iki ölkənin adambaşına düşən gəlir səviyyəsi bir-birinə çox yaxın olub. 1980-ci ilin məlumatlarına görə, İranda bu rəqəm təxminən 2,374 dollar, Türkiyədə 2,169 dollar olub. 1979-cu ildə isə İranda adambaşına düşən gəlir 2,352 dollar, Türkiyədə 2,013 dollar olaraq qeydə alınıb ki, bu da İranın təqribən 17% üstünlüyü deməkdir.

Zaur İbrahimli,
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri

Bizə qoşulun