Medianews.az
Saytların çökməsinə səbəb olan şirkət -
330 baxış

Saytların çökməsinə səbəb olan şirkət - “Cloudflare” nə vaxt yaranıb, hansı xidmətləri göstərir?

Noyabrın 18-i Azərbaycanın bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.

Məlumatlara əsasən, buna səbəb qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin şəbəkəsində baş qaldıran genişmiqyaslı texniki problemlərdir. Yəni yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.

Medianews.az bildirir ki, "Cloudflare" mərkəzi ofisi ABŞ-da yerləşən nəhəng texnologiya şirkətidir. 2009-cu ildə təsis olunub. Şirkətin dünyanın ayrı-ayrı ölkələrində də ofisləri var.

Şirkət əsasən veb saytların təhlükəsizliyi, sürəti və etibarlı işləməsi üçün xidmətlər təqdim edir.

Həmin xidmətləri belə sıralamaq olar:

CDN (Content Delivery Network) – məzmunu istifadəçiyə ən yaxın serverdən çatdıraraq saytların daha sürətli açılmasını təmin edir.

DDoS hücumlarına qarşı qoruma – veb saytları çoxsaylı kiberhücumlara qarşı müdafiə edir.

DNS xidməti – sürətli və etibarlı domen adı sistemi xidmətləri göstərir.

SSL sertifikatları – HTTPS təhlükəsiz bağlantılarla istifadəçi məlumatlarını qoruyur.

WAF (Web Application Firewall) – zərərli trafiki süzgəcdən keçirir və tətbiq səviyyəsində qoruma təmin edir.

“Cloudflare” həmçinin "Zero Trust" təhlükəsizlik modeli, analitika, və süni intellekt əsaslı təhdid aşkarlama kimi müasir həllər də təklif edir.

Dünyada milyonlarla sayt, o cümlədən dövlət-hökumət portalları, iri şirkətlərin, media qurumlarının onlayn resursları “Cloudflare”dən istifadə edir.

Nailə Qasımova,
Medianews.az

 

Bizə qoşulun