Böyük Britaniya kral ailəsi ətrafında növbəti ciddi siyasi və hüquqi qalmaqal yaşanır. Rəsmi London York hersoqu şahzadə Endryunun Böyük Britaniya taxtına varislik hüququnun ləğvi ilə bağlı qanun layihəsi hazırlayır.
Məlumata görə, bütün hərbi rütbələri, fəxri titulları və krallıq statusu əlindən alınsa da, Endryu taxt varisliyi hüququnu doğuşdan qazandığı üçün hüquqi baxımdan hələ də siyahıda qalır və hazırda varislik ardıcıllığında səkkizinci yerdədir. Hökumət yeni qanunvericilik təşəbbüsü ilə bu hüququ da onun əlindən almağa çalışır.
Böyük Britaniyanın müdafiə naziri Luke Pollard bildirib ki, Endryunun gələcəkdə kral olmasının qarşısını almaq üçün belə bir addımın atılması “doğru qərar” hesab olunur. Hazırlanan qanun layihəsi onun yalnız taxt varisliyini deyil, həm də monarxın vəzifələrini icra edə bilmədiyi hallarda onu əvəzləmək səlahiyyəti verən “Dövlət müşaviri” statusunu da ləğv edə bilər.
Qanunun qüvvəyə minməsi üçün sənədin Böyük Britaniya kralı üçüncü Çarlz tərəfindən təsdiqlənməsi tələb olunur.
İctimai rəy sorğuları da şahzadənin əleyhinədir. Son nəticələrə əsasən, britaniyalıların 82 faizi onun taxt varisləri siyahısından çıxarılmasını dəstəkləyir. Qeyd edək ki, bu tip qanunvericilik addımı sonuncu dəfə 1936-cı ildə, VIII Eduard taxtdan könüllü şəkildə imtina etdikdən sonra onun və nəslinin varislik hüququnun məhdudlaşdırılması məqsədilə atılmışdı.
Qalmaqalın əsas səbəblərindən biri isə Endryunun adı uzun illərdir qlobal pedofiliya şəbəkəsinin rəhbəri kimi tanınan amerikalı maliyyəçi Cefri Epşteyn ilə əlaqələrdə hallanmasıdır. 2001–2011-ci illərdə Böyük Britaniyanın ticarət elçisi kimi fəaliyyət göstərən Endryunun Epşteyn ilə yaxın münasibətləri və müxtəlif iddialar təhlükəsizlik strukturlarında ciddi narahatlıq yaradıb.
Epşteyn işində əsas fiqurlardan biri sayılan britaniyalı sosial fiqur Qisleyn Maksvell isə 2020-ci ildən həbsdədir. Onun son onlayn məhkəmə iclasında suallara cavab verməkdən imtina etməsi və xarici görünüşündə nəzərəçarpacaq dəyişikliklərin müşahidə olunması beynəlxalq mediada yeni müzakirələrə səbəb olub.
Eyni zamanda, Epşteynin ABŞ-ın Nyu-Meksiko ştatında yerləşən məşhur Zorro rançosu ilə bağlı da yeni detallar üzə çıxıb. ABŞ Federal Təhqiqat Bürosuna təqdim olunan məlumatlara əsasən, milyarder bu fermada gizli kremasiya sobası inşa etdirmişdi. İddialara görə, həmin qurğu tövlənin daxilində yerləşdirilib.
ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə qeyd olunur ki, ərazi 15 il ərzində nəzarətdə saxlanılsa da, yalnız 2019-cu ilin iyulunda obyektlə bağlı şübhələr rəsmi şəkildə qeydə alınıb. Ranço ərazisində ən azı iki meyitin basdırıldığına dair iddialar da hazırda araşdırılır.
Böyük Britaniyada monarxiyanın reputasiyasına ciddi təsir göstərə biləcək hüquqi proseslərlə paralel olaraq, ABŞ-də illərdir müzakirə olunan Epşteyn işi yenidən beynəlxalq gündəmin mərkəzinə qayıdır./Musavat.com