Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Məhərrəm Süleymanov küçəsində kollektorun ətrafı uçub-dağılıb, içərisi torpaq və tullantılarla dolub.
Medianews.az "Yeni Sabah"-a istinadla xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Sakinlərdən biri bildirib ki, martın 28-dən etibarən su həyətlərdə yığılıb qalıb: "Evlərin hamısı suyun içindədir. Suyun səviyyəsi təxminən metr yarıma qədər qalxıb. Artıq 10-12 gündür ki, çəkilmir. Hamısı kanalizasiya suyudur. Dəfələrlə məlumat vermişik, hətta şəkillərini də təqdim etmişik ki, kollektorun təmir olunması lazımdır. Bizə deyirlər ki, hələ maşınımız yoxdur".
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə tullantı su xəttində təmir işlərinin aparılması üçün qazıntı işləri görülməlidir.
Qurumdan qeyd olunub ki, qazıntı işlərinin aparılması üçün müvafiq quruma müraciət edilib. İcazə alındıqdan sonra qazıntı işləri aparılacaq və xəttin təmir-bərpası həyata keçiriləcək.