Medianews.az
“Bilmirəm uşağımın yasını saxlayım, yoxsa...” -
125 baxış

“Bilmirəm uşağımın yasını saxlayım, yoxsa...” - Övladının dəfnində canlı yayım açan ata

“Uşaqların 3-ü reanimasiyadadır. Həkimlər deyir ki, 10-15 günə evə buraxılacaqlar. Digər uşaqlar isə evdədir. Mən uşaqlarımdan heç birin kiməsə “pay” verməmişəm”.

Medianews.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında son günlər gündəmə çevrilən və uşaqlarının 1-ni övladlıq verdiyi iddia edilən 9 uşaq atası Kamil Cəbrayılov deyib. O bildirib ki, uşaqların xəstəxanada olması onu xeyli borca salıb:

“Müxbir xanım mənə sual verəndə əsəbdən elə cavab verdim. Boş söhbətlərdir. 2 gün əvvəl Sumqayıt şəhər prokukrorluğundan çağırmışdılar. İzalahat yazdırdılar və dedilər ki, özümüz zəng edib məlumat verəcəyik. Pulum filan yoxdur, məcburam sabahdan işə çıxım. Sağ olsunlar, Sumqayıt Şəhər Uşaq Xəstəxanası da, 2 saylı Kliniki Uşaq Xəstəxanası da övladlarımın müalicəsini təmənnasız edir. Amma ərzaq filan alıb aparmaq gündəlik 40-50 manata başa gəlir. Bunun üçün də məcbur qalıb, ondan-bundan borc alıram”.

K.Cəbrayılovın sözlərinə görə, övladlarından birini “pay verməsi” ilə bağlı yayılan məlumatlar polis tərəfindən araşdırılıb:

“Yenə təkrar edirəm, mən heç bir uşağımı kiməsə övladlıq filan verməmişəm. Polis də gəlib araşdırıb. Kanallar qalmaqal yaratmasın. Elə göstərirlər elə bil mən düşmənəm. Elə bil Xocalı faciəsini törətmiş adamlardan biriyəm. Bilmirəm uşağımın yasını saxlayım, yoxsa belə şeylərlə məşğul olum”.

Qeyd edək ki, Sosial şəbəkədə canlı yayım açaraq övladının dəfn prosesini göstərən və səhifədə “kart var, tıklayın” sözləri ilə məşhurlaşan doqquz uşaq atasının bir övladını pay verməsi ilə bağlı səsləndirdiyi fikir birmənalı qarşılanmayıb.

Xatırladaq ki, aprelin 3-də Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 6 uşaq dəm qazından zəhərlənib və onlardan biri vəfat edib.

Uşaqların atası Kamil Cəbrayılovun bu məsələ ilə bağlı etdiyi hərəkətlər cəmiyyətdə ciddi narazılıq doğurub. Onun TikTok-da “9 uşaq atası” adlı səhifəsi var. K.Cəbrayılov övladının dəfnində canlı yayım açıb və onun cənazəsi ilə bir neçə video çəkərək sosial şəbəkələrdə paylaşıb. 

Ailənin ümumilikdə 9 övladı olub.

Bizə qoşulun