“Xəzərdə baş verən zəlzələlərin ardıcıl şəkildə müşahidə olunması qeyri-adi hal deyil. Ümumiyyətlə, Xəzər regionu geoloji, tektonik və seysmik baxımdan mürəkkəb ərazi hesab olunur. Bu bölgə seysmik ocaqlar, qırılmalar, geoloji pozuntular və onların qovşaqları ilə zəngindir”.
Medianews.az bildirir ki, bu sözləri “Yeni Sabah”a seysmoloq Qulam Babayev deyib. O, Xəzər dənizində son günlər ardıcıl qeydə alınan zəlzələlər barədə danışıb:
“Xüsusilə Cənubi Xəzər hövzəsi tektonik baxımdan aktiv zonadır və burada baş verən proseslər tektonik plitələrin hərəkəti, sıxılma və gərginliyin boşalması ilə bağlıdır.
Son günlər Xəzər dənizində müşahidə olunan zəlzələlər də belə bir təbii geodinamik prosesin tərkib hissəsidir. Bu hal seysmik sürü, yəni bir-birinə yaxın zamanlarda baş verən zəlzələlər silsiləsi kimi qiymətləndirilə bilər. Bu, təhlükəli və ya fövqəladə bir proses kimi yox, normal seysmik aktivliyin təzahürü kimi dəyərləndirilməlidir. Hazırkı vəziyyəti panika doğuran və ya dağıdıcı zəlzələlərin əlaməti kimi təqdim etmək düzgün olmaz”.
Seysmoloq deyib ki, bu proses qısa zaman aralığında ard-arda baş verən zəlzələlər seriyasıdır:
“Bu təkanlar bir-biri ilə bağlıdır. Çünki Xəzər dənizi seysmik ocaqlarla zəngin ərazidir və burada baş verən proseslər bir-birinə təsir edə bilir. Qırılmalar, tektonik pozuntular və ocaqlar eyni böyük aktiv zonanın hissələri olduğundan, bir sahədə baş verən gərginlik boşalması qonşu sahələrə də ötürülə bilər. Elmdə bu proses “stres transferi”, yəni gərginliyin paylanması adlanır”.
Q.Babayevin fikrincə baş verən təkanlar əlaqəli xarakter daşıyır, lakin təşviş üçün səbəb yoxdur:
“Bakı və Abşeron üçün ümumiyyətlə, risk hər zaman mövcuddur. Ancaq hazırkı vəziyyətə görə təşvişə və panikaya əsas yoxdur. Xəzər dənizində silsilə şəklində baş verən zəlzələlər əsasən orta və kiçik maqnitudalıdır. Azərbaycanda hiss olunan zəlzələlərin baş verməsi ümumilikdə qaçılmaz geodinamik prosesdir. Görünən odur ki, Xəzərdəki bu seysmik aktivlik müəyyən müddət, ən azı ilin ortalarınadək davam edə bilər. Bununla belə, böyük və dağıdıcı zəlzələnin baş vermə ehtimalı çox aşağıdır”.
Mütəxəssis qeyd edib ki, bombaların zəlzələ yaratdığı iddiası elmi cəhətdən əsassızdır:
“Bombaların və raketlərin zəlzələyə səbəb olub-olmaması fikri tez-tez səsləndirilsə də, elmi baxımdan real görünmür. Çünki zəlzələlər kilometrlərlə dərinlikdə baş verir və onların enerji miqyası çox böyük olur. Bombaların və raketlərin yaratdığı enerji isə bununla müqayisə edilə biləcək səviyyədə deyil. Nəzəri olaraq səthə yaxın sahələrdə kiçik titrəyiş və ya zəif təkan yarana bilər. Ancaq onların dağıdıcı zəlzələ yaratması praktik baxımdan son dərəcə zəif ehtimaldır. Bombaların və raketlərin isə bu cür zəlzələlərə səbəb olması elmi baxımdan inandırıcı deyil”.