Həbsxanada cəza çəkən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2022-ci ilin aprel ayından bəri ilk dəfə olaraq ona qarşı keçirilən məhkəmə iclasında iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə yerli televiziya kanalları məlumat yayıb.
Bu gün Tbilisi məhkəməsi 2007-ci ilin noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması ilə bağlı işə baxıb.
Xatırladaq ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib və bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb. O bunlardan ikisinə görə qiyabi olaraq üç və altı il müddətinə həbs cəzasına məhkum edilib.
2021-ci ilin oktyabrında Saakaşvili gizlicə Gürcüstana gəlib və saxlanılıb. Sonradan ona qarşı sərhədi qanunsuz keçməklə bağlı ittiham elan edilib. 2022-ci ilin may ayında səhhətinin pisləşməsi səbəbindən o, Tbilisidəki özəl klinikaya köçürülüb və 2025-ci ilin noyabr ayına qədər orada qalıb. Klinikada olarkən Saakaşvili bəzən videobağlantı vasitəsilə məhkəmə iclaslarına qoşulub.
2025-ci ilin martın 12-də Saakaşvili büdcə vəsaitlərinin mənimsənilməsinə görə doqquz il, martın 17-də isə sərhədi qanunsuz keçməkdə ittiham olunaraq dörd il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Saakaşvilinin ümumi cəzası 12 il 6 aydır və 2034-cü ilin ortalarında bitir. Həmçinin 2025-ci il noyabrın 6-da Gürcüstan Baş Prokurorluğu Saakaşviliyə qarşı sabotaj və hökuməti devirməyə çağırışlar ittihamı ilə yeni bir iş açıldığını bəyan edib.