“Qızıl top”un beşqat sahibi və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz hücumçusu Kriştiano Ronaldo karyerasını 2026/27 mövsümündən sonra başa vura bilər.
Publika.az xəbər verir ki, bu barədə Ben Ceykobsun "talkSPORT" üçün hazırladığı yazıda qeyd olunur.
Portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı klubuyla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Bildirilir ki, Ronaldo “cəngavərlər” ilə yeni sözləşmə imzalamağı planlaşdırmır və karyerasını davam etdirmək üçün başqa klub axtarmayacaq.
O, 2025-ci ilin payızında açıqlamasında futbolda cəmi bir neçə ilinin qaldığını demişdi. Qeyd edək ki, 2027-ci ildə Kriştianonun 42 yaşı tamam olacaq. Onun əsas hədəflərindən biri 1000 qol həddinə çatmaqdır və portuqaliyalı ulduz bu göstəriciyə doğru inamla irəliləyir. Hazırda portuqaliyalı superulduzun hesabında 960 qol var.
Bu arada, Səudiyyə Ərəbistanı çempionatında Ronaldo karyerasını bitirəcəyi halda azarkeş marağını necə qoruyub saxlamaq yolları üzərində düşünülür. Yerli klublar Avropadan təxminən 50 ulduz futbolçunu potensial namizədlər siyahısına daxil ediblər. Bu futbolçular arasında Məhəmməd Salah, Robert Levandovski, Kazemiro, Bruno Fernandeş və Vinisius Juniorun adları xüsusilə önə çıxır.
Qeyd edək ki, cari 2025/26 mövsümündə Ronaldo “Əl-Nəsr”in heyətində keçirdiyi 20 oyunda 17 qol vurub və 3 məhsuldar ötürmə edib.