Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev iki aya yaxındır ev dustağıdır. Nə yeyib, nə içdiyini bilmədiyimiz kimi, nə daşınıb-düşündüyündən də xəbərimiz yoxdur. Bildiyimiz bircə odur ki, o danışmasa da, hamı ondan danışır.
Oktyabrın 14-də Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçiləndən sonra çoxlarının dilindən qıfıl götürüldü. İndi hamı Mehdiyevin bəd əməllərindən danışır. Bu əlli beş gündə onun xeyirinə söz deyən bir adam görmədim. Əmin olun ki, bunu görmək heç kimə qismət olmayacaq.
Onu yaxından tanıyanlar, hətta tanımayanlar da pis adam olduğunu deyir. Vaxtilə tabeliyində işləyən insanlar iddia edir ki, savadlı kadrların düşməni olub. Həmişə yaxın qohumlarını, dostlarını, əlaltılarını qabağa çəkib. Alçaltmadığı, aşağılamadığı adama vəzifə verməyib.
İndi bildinizmi vaxtilə dəstək verdiyi, kömək etdiyi adamlar Ramiz Mehdiyevi niyə söyürlər? Çünki əlində səlahiyyət olanda hamısını alçaldıb. Ətrafında heç vaxt şəxsiyyətli, ləyaqətli adam görmək istəməyib. Buqələmun xislətli insanlarla işləməyə üstünlük verib. İndi isə əkdiklərini biçir...
Yaşının irəliləmiş olması heç kimi məsuliyyətdən azad etmir. Buna görə də Ramiz Mehdiyevin personası ətrafında baş verənlərə görə zərrə qədər də məyus olmuram. Əksinə, düşünürəm ki, ona bu da azdı...
Ramiz Mehdiyev 1994-1995cim illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri, 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. Qismətinə 9 il Heydər Əliyev kimi böyük şəxsiyyətlə işləmək düşüb. Bu, həmin Heydər Əliyevdir ki, 1992-ci ildə ölkənin 91 nüfuzlu ziyalısı İsgəndər Həmidovun qəzəbindən qorxmayaraq onu Bakıya dəvət elədi. Bu, həmin Heydər Əliyevdir ki, bir cağırışı ilə milyonlarla insan "Azadlıq" Meydanına axışdı. Bu həmin Heydər Əliyevdir ki, vaxtilə etimad göstərdiyi, irəli çəkdiyi adamların heç biri ona dönük çıxmadı...
Ramiz Mehdiyev azsaylı məmurlardandır ki, 16 il İlham Əliyev kimi uzaqgörən siyasətçi, qətiyyətli liderlə işləmək şansı olub. Əcəba, o, doğrudanmı bu 25 ildə Heydər və İlham Əliyev kimi siyasət dahilərindən heç nə əxz edə bilməyib?
Görünən odur ki, heç nə əxz etməyib. Yoxsa, bu günə qalmazdı...