Medianews.az
Ququş Trampı köməyə çağırdı -
202 baxış

Ququş Trampı köməyə çağırdı - VİDEO

İranın məşhur müğənnisi və aktrisası Ququş ABŞ-ın Los-Anceles şəhərində iranlı mühacirlərin keçirdiyi mitinqdə çıxış edib.

Medianews.az-ın məlumatına görə, 75 yaşlı sənətçi İranda iki həftədir davam edən etiraz aksiyalarına dəstək verib. O eyni zamanda iranlıları devrilmiş şahın mühacirətdə yaşayan oğlu Rza Pəhləvinin rəhbərliyi altında birləşməyə çağırıb.

Çıxışında Ququş ABŞ Prezidenti Donald Trampı “İranın amansız rejimini məhv etmək üçün” köməyə gəlməyə də səsləyib.

Xatırladaq ki, Pəhləvilər sülaləsi 1925-1979-cu illərdə İranı idarə edib. Rza Pəhləvi ikinci və sonuncu İran şahı Məhəmmədrza Pəhləvinin böyük oğludur.

Rza 1960-cı il oktyabrın 31-i Tehranda doğulub. 1967-ci ildən şahzadə sayılır. 1978-ci ildə ABŞ Hərbi Hava Qüvvələrində hərbi təlim keçmək üçün İranı tərk edib. Bir neçə ay sonra, 1979-cu ildə islam inqilabı nəticəsində monarxiya devrilib, Məhəmmədrza Pəhləvi ailəsinin qalan üzvləri ilə birgə ölkədən qaçıb. O vaxtdan Rza Pəhləvi ailəsi ilə birgə ABŞ-da yaşayır. Hazırda Los-Anceles şəhərində məskunlaşıb. Cənubi Karolina Universitetində politologiya üzrə ali təhsil alıb. 

İran İslam Respublikası 1979-cu ildə, inqilab dalğasında yaradılıb. Dövlət başçısı səlahiyyətlərini Üləmalar Məclisinin seçdiyi ali rəhbər həyata keçirir. 1989-cu il iyunun 3-dən bu postu 1939-cu il təvəllüdlü Əli Xamneyi tutur. Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq səsverməsində 4 il müddətinə seçilir. 2024-cü il iyulun 28-dən 1954-cü il təvəllüdlü Məsud Pezeşkian prezidentdir. 290 nəfərlik ölkə parlamenti (İslam Şurası Məclisi) 4 ildən bir majoritar sistemlə (dairələr üzrə) seçilir. İndiki parlament 2024-cü ilin yazında formalaşıb.

İranda islam respublikası qurulandan sonra Ququşa həm müğənni, həm də aktrisa kimi fəaliyyət göstərmək yasaq olunub.

2000-ci ildə mühacirət edən Ququş həmin vaxtdan ABŞ-da yaşayır.

Medianews.az

Bizə qoşulun