Medianews.az
Qiyməti 4 manatdan başlayır -
69 baxış

Qiyməti 4 manatdan başlayır - Asılılıq yaradır

Burun tutulması zamanı geniş istifadə olunan damar daraldıcı damcıların uzun müddət istifadəsi asılılıq və ciddi sağlamlıq problemləri yarada bilər.

Bu barədə rusiyalı LOR cərrahı Alesya Şapovalova açıqlamasında bildirib.

Həkimin sözlərinə görə burun damcılarından ardıcıl olaraq maksimum 5-7 gün istifadə etmək olar və gün ərzində istifadənin sayı 3-4 dəfəni keçməməlidir. "Bu preparatların uzun müddət istifadəsi orqanizmdə öyrəşmə yaradır və vəziyyəti daha da ağırlaşdıra bilər", - deyə o qeyd edib.

Şapovalova izah edib ki, damar daraldıcı damcılar burun selikli qişasındakı damarları daraldaraq şişkinliyi azaldır və nəfəs almanı müvəqqəti rahatlaşdırır. Lakin uzunmüddətli istifadə zamanı damarlar preparata reaksiya vermir, selikli qişada ödem artır və burun tutulması daha da güclənir. Bundan əlavə, bu dərmanlar burun selikli qişasına toksik təsir göstərə bilər.

Həkim bildirib ki, bir çox insan damcıların tez təsir göstərməsinə aldanır, lakin zaman keçdikcə bu təsir qısalır və damcılardan istifadə tezliyi artır. "Bu, insanın damcısız nəfəs ala bilmədiyi qapalı bir dövr yaradır", - deyə o vurğulayıb.

Mütəxəssis burun tutulmasını aradan qaldırmaq üçün alternativ üsulların da olduğunu deyib. Onun sözlərinə görə, burunu duzlu məhlulla yumaq, otağı tez-tez havalandırmaq, açıq havaya çıxmaq və yüngül fiziki hərəkətlər nəfəs almanı yüngülləşdirə bilər.

Damcılardan asılılığın qarşısını almaq üçün həkim istifadə sayının tədricən azaldılmasını, uşaq damcılarına keçidi və damcını yalnız bir burun dəliyinə damızdırmağı tövsiyə edib. Həmçinin dəniz suyu əsaslı preparatların və bitki tərkibli vasitələrin daha təhlükəsiz alternativ olduğu bildirilib.

"Əgər insan burun damcılarından imtina edə bilmirsə və davamlı ehtiyac hiss edirsə, mütləq həkimə müraciət etməlidir", - deyə Alesya Şapovalova fikrini yekunlaşdırıb./Milli.az/

Bizə qoşulun