Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İzmirdə fəaliyyət göstərən bir qadın vəkilin sosial media hesablarında paylaşdığı videolarla bağlı rəsmi istintaq başlandığını açıqlayıb.
Medianews.az xəbər verir ki, nazir bildirib ki, paylaşımlar hüquq peşəsinin ləyaqətinə uyğun hesab edilmədiyi üçün məsələ hüquqi müstəvidə araşdırılır.
Y.Tunçun sözlərinə görə, sözügedən vəkil barəsində İzmir Baş Prokurorluğu tərəfindən istintaq başlanıb. Eyni zamanda, vəkilin peşə qaydalarını pozub-pozmadığını müəyyənləşdirmək məqsədilə İzmir Vəkillər Kollegiyası tərəfindən intizam prosesi də başladılıb.
Ədliyyə naziri açıqlamasında Vəkillər Qanununun müddəalarına diqqət çəkərək bildirib ki, hüquq peşəsi ictimai xidmət xarakteri daşıyır və vəkillər məhkəmə sisteminin əsas elementlərindən biri olan müstəqil müdafiəni təmsil edirlər. Tunç vurğulayıb ki, vəkillər yalnız hüquqları müdafiə etməklə kifayətlənməməli, eyni zamanda cəmiyyətdə ədalətə olan inamı da gücləndirməlidirlər.
Nazir qeyd edib ki, hüququn ciddiliyini sarsıdan, yanlış şərhlərlə ictimaiyyəti çaşdıran davranışlar ədalətə olan inama zərər vurur. Onun sözlərinə görə, Vəkillər Qanununun 34-cü maddəsi vəkillərin peşələrini dürüstlük, şərəf və məsuliyyətlə icra etməsini, peşənin nüfuzuna xələl gətirəcək davranışlardan isə çəkinməsini tələb edir.
Yılmaz Tunç bildirib ki, sosial mediada yayılan və geniş narazılığa səbəb olan paylaşımların hüquq peşəsinin ləyaqətinə uyğun olub-olmadığı həm prokurorluq, həm də vəkillər kollegiyası tərəfindən ayrıca qiymətləndiriləcək. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq hüquqi və intizam tədbirlərinin görüləcəyi qeyd olunub.
Hadisə ilə bağlı istintaq davam edir.
Medianews.az
