Medianews.az
Qafqaz Birliyi üçün şans -
77 baxış

Qafqaz Birliyi üçün şans - ZAMİN HACI

7 iyun parlament seçkisi yaxınlaşdıqca Rusiyanın Ermənistana təzyiqləri şiddətlənir. Çiyələkdən badımcana, mineral sudan konyaka qədər demək olar bütün kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyublar. Bu, rusların köhnə və gülünc təzyiq üsullarından biridir. Dəfələrlə, az qala hamıya tətbiq ediblər. Türkiyədən və bizdən pomidor almayıblar, Moldovadan şərab, Gürcüstandan su və sairə. Həmişə də məhsullarda “qurd” nədənsə Rusiyanın imperiya siyasətinə qarşı çıxılan anda “aşkar edilib”.

Anekdot dövlətdir, nə demək olar ki. Hərçənd, bunun özü hardasa təkamül və irəliləyişdir, bir rus şovinist şərhçinin də dünən söylədiyi kimi, qabaqlar Rusiya xoşu gəlməyən dövlətlərə desant çıxarardı. Separatçı anklavlar yetişdirərdi, tank sürərdi, əsgər basardı, qan su yerinə axardı. İndi pomidor-xiyarı əzişdirirlər, mineral su “axıdırlar”. Hər bir halda insan öldürməkdən yaxşıdır. Əlbəttə, rusların “xiyar müharibəsinə” məcbur olmağında qəhrəman Ukrayna xalqının neçə ildir davam edən azadlıq savaşının böyük rolu var, bunu yalnız qanmazlar inkar edir. Başqa cəbhələrə atmağa Putinin gücü qalmayıb, məsələnin sadə səbəbi budur. Paşinyanın dilini uzun edən, arxasında duran dolayısı ilə ukraynalılardır.

Ermənistana qarşı əsas şantajlardan biri təbii qazın ixracıdır, bunu Putin şəxsən dilinə gətirib. Deyir sizə qazı Avropadan ucuz satırıq: “Ora kubu 600 dollara, Ermənistana isə 170 dollara”. Halbuki, iqtisadi baxımdan tamam yalan məlumatdır, ermənilər rus qazını yekunda kubu 350 dollara alır, avropalılar isə 450 dollara. Yəni, arada cəmi 100 dollarlıq ucuzluq var, ta Putinin dediyi 430 dollarlıq fərq yoxdur. Avropa Birliyi, ABŞ Ermənistanı Rusiyanın caynağından qoparmaq üçün genişmiqyaslı əməliyyata başlayıblar, məncə, biz – Türkiyə və Azərbaycan hansısa yolla Paşinyana dəstək verməliyik. Çünki onun hökuməti bütün keçmiş işğalçı erməni siyasətindən imtina edib, səhvlərini etiraf edib, Azərbaycanla bütün sahələrdə barışıq, iqtisadi-siyasi əlaqələrə tərəfdardır. Təzəlikcə erməni parlamentinin spikeri Alen Simonyanın bir intervüsünə baxdım, azərbaycanlıları elə müdafiə edirdi, heç Biləcəridən mənim “seçdiyim” deputatlardan o cür münasibət görməmişəm.

Son 200 ildə Ermənistanda heç vaxt belə sülhpərvər, qonşularla dinc yanaşı yaşamaq istəyən hökumət olmayıb. (Hətta guya dinc yaşadığımız SSRİ dönəmində də ermənilər Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdilər. Yerevanda uydurma soyqırım abidəsini də məhz Sovet hökuməti tikdirmişdi). Məsələn, biz hazırda Ermənistana dizel yanacağı satırıq, niyə qaz da satmayaq? Ən azı rusların bir şantajından canları qurtarar. Bu ilin ilk 3 ayında biz xaricə təxminən 2 milyard dollarlıq qaz satmışıq. Qazımızı alan 7 ölkə içərisində İtaliyadan Suriyaya qədər hər cürəsi var, o cümlədən, Yunanıstana kubmetrini 433 dollardan 253 milyon kub qaz satmışıq. Yunanıstanı ona görə xüsusi vurğulayıram ki, prinsipcə, bu dövlətin xarici siyasəti Türkiyə və Azərbaycana qarşı həmişə neqativi ilə seçilib. Onlara qaz satırıqsa, niyə ermənilərə də satmayaq? Hədiyyə eləmirik ki, kimsə bu qazı almalıdır. Sözgəlişi, Gürcüstana 3 ayda 791 milyon kub qaz satmışıq, özü də kubu 121 dollardan. Hətta qardaş Türkiyə belə bizim qazı daha baha alır: kubunu 256 dollara. Halbuki, bizim Türkiyə ilə heç bir sərhəd anlaşılmazlığımız yoxdur.

Əgər biz Ermənistana Rusiyanın qaz şantajının həllində yardım əlimizi uzatsaq, bu tarixi addım olar, yaxın gələcəkdə ümumi Qafqaz evinin təməli üçün də perspektiv açar. Xatırladım ki, 1918-ci ildə dövlətimizi quran babalarımız da ilk vaxtlarda əslində Qafqaz birliyi qurmaq fikrində olmuşdular. O zaman alınmadı, bir daha cəhd edək. Avropa Birliyi kimi Qafqaz Birliyi yaradılsın. Güc birlikdədir. Niyə bizim aramıza həmişə it-qurd girməlidir?

Zamin HACI

Bizə qoşulun