Medianews.az
Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçilib
82 baxış

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçilib

Nyu-York şəhərində Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyaya tərəf dövlətlərin 24-cü iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) 2027-2030-cu illər üzrə üzvlüyünə seçilib.

Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Kəskin rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 20 ölkədən olan namizədlər Komitədə mövcud 12 vakant yer uğrunda mübarizə aparıb. Azərbaycan Respublikası tərəfindən namizədliyi irəli sürülmüş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov səsvermənin ilk mərhələsində Komitəyə üzv seçilib.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsi 1979-cu il əlaqədar Konvensiyanın icrasına nəzarət edən əsas müqavilə qurumudur. Komitə qlobal miqyasda seçilən 23 müstəqil ekspertdən ibarət olmaqla, Konvensiyaya tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir.

Xatırladaq ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CEDAW) ilə yanaşı son iki həftə ərzində BMT insan hüquqları üzrə müqavilə qurumlarından olan İnsan Hüquqları üzrə Komitə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə namizəd olan Azərbaycan nümayəndələri hər üç komitəyə seçilməklə maksimum nəticə göstərməyə nail olmuşdur.

Bununla yanaşı, ölkəmiz əvvəlki illərdə keçirilmiş seçkilərin nəticəsinə uyğun olaraq İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsil olunur.

Qeyd edilən seçkilərdə qələbələr Azərbaycan nümayəndələrinə BMT insan hüquqları üzrə mövcud olan 10 müqavilə qurumundan 5-də təmsil olunmaq imkanı yaratmaqla, müqavilə qurumlarında təmsilçilik baxımından ölkəmiz bütün BMT üzvləri arasında Çin Xalq Respublikası ilə ikinci və üçüncü yerləri bölüşür. Bu bir daha ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun, beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi etimadın növbəti bariz nümunəsidir.

Bizə qoşulun