Litvada yeni kabinetin yolu açılıb.
Medianews.az bildirir ki, iyunun 30-da prezident Gitanas Nauseda parlamentin razılığını alaraq Mindauqas Sinkyaviçyusu baş nazir təyin edib, ona hökumət qurmaq üçün 15 gün vaxt verib.
1984-cü il təvəllüdlü Mindauqas Sinkyaviçyus Sosial Demokrat Partiyasının sədridir. 2016-2017-ci illərdə iqtisadiyyat və innovasiyalar naziri olub.
Konstitusiyaya görə, Litva hökuməti 141 yerlik parlamentə seçkinin nəticələri əsasında formalaşır. 2024-cü ilin oktyabrında keçirilmiş parlament seçkisində qalib gələn Sosial Demokrat Partiyası Neman Şəfəqi Partiyası və Demokratların Litva Uğrunda İttifaqı ilə koalisiyaya girib, dekabrda Gintautas Palutskas baş nazir kürsüsünə oturub.
Adı korrupsiya qalmaqallarında hallandığına görə Gintautas Palutskas 2025-ci ilin iyulunda istefa verib, həmçinin Sosial Demokrat Partiyasının sədrliyindən gedib, sentyabrda İnqa Ruginenenin baş nazirliyi ilə yeni kabinet qurulub.
2026-cı il iyunun 6-da Neman Şəfəqi Partiyası koalisiyadan çıxarılıb və hökumətin bir daha yenilənməsi zərurəti yaranıb. İyunun 18-də Sosial Demokrat Partiyası, Demokratların Litva Uğrunda İttifaqı, Kəndlilər və Yaşıllar İttifaqı koalisiya sazışi imzalayıb. İyunun 23-də baş nazir İnqa Ruginenenin istefası rəsmiləşib, hökumət dəyişikliyi prosesi başlayıb.