Türkiyənin İstanbul şəhərində Beşiktaş rayonunda baş verən yol mübahisəsi silahlı insidentlə nəticələnib.
Medianews.az xəbər verir ki, iddiaya görə, işdənkənar olan polis əməkdaşı mübahisə etdiyi sürücünün qarşısını kəsərək havaya atəş açıb.
Hadisə aprelin 7-də saat 18:36 radələrində TEM şossesinin Hərbi Akademiyalar tuneli ərazisində qeydə alınıb. Məlumata görə, polis əməkdaşı S.Z. tıxacda hərəkət zamanı başqa bir sürücünün ehtiyatsız hərəkət etdiyini iddia edərək onunla mübahisə edib. Tərəflər arasında yaranan gərginlikdən sonra digər avtomobil hadisə yerindən uzaqlaşıb.
Lakin bir müddət sonra tərəflər Fatih Sultan Mehmet körpüsünün Etiler qovşağında yenidən qarşılaşıblar. İddiaya əsasən, 35 CEJ 043 dövlət nömrə nişanlı avtomobildə olan Fatih A. və Samet D. maşından düşdükdən sonra polis əməkdaşı S.Z. havaya bir dəfə atəş açıb.
Hadisə yerinə çağırılan polis əməkdaşları tərəfləri bölməyə aparıblar. İstanbul Baş Prokurorluğunun göstərişi ilə “Silahla hədələmə”, “Birdən çox şəxsi hədələmə” və “Təhqir” maddələri üzrə araşdırma başladılıb.
Məlumata görə, hadisə zamanı işdənkənar olan polis əməkdaşı ifadəsində yanında həyat yoldaşı və uşağının olduğunu, onların təhlükədə ola biləcəyini düşündüyü üçün havaya atəş açdığını bildirib.
Digər tərəfdən, hadisədə iştirak edən sürücü polis əməkdaşının onu hədələdiyini iddia edib. Sürücü bildirib ki, polis vəsiqəsini göstərən şəxs ona “Sənə həyatında ala biləcəyin ən ağır cəzanı verəcəyəm” deyərək təzyiq göstərib.
Sürücü həmçinin qeyd edib ki, polis əməkdaşı sonradan yenidən qarşısını kəsib, təhqirlər səsləndirib və avtomobildən düşərək havaya atəş açıb.
Hazırda hadisə ilə bağlı təhlükəsizlik kameralarının görüntüləri araşdırılır.
Medianews.az