Medianews.az
Fermerləri qumara sürükləyən dəstə çökdürüldü –
49 baxış

Fermerləri qumara sürükləyən dəstə çökdürüldü – 14 nəfər saxlanıldı (VİDEO)

Türkiyənin Bursa şəhərində fermerləri qumara cəlb edərək borclandıran və əmlaklarını ələ keçirdiyi iddia edilən cinayətkar təşkilata qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Medianews.az xəbər verir ki, əməliyyat nəticəsində 14 şübhəli saxlanılıb.

Məlumata görə, Bursa Vilayət Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi Yenişehir Baş Prokurorluğu ilə koordinasiyalı şəkildə təxminən 3 ay davam edən araşdırma aparıb. İstintaq zamanı şübhəlilərin qəhvəxana adı altında fəaliyyət göstərən məkanlarda gizli qumar təşkil etdiyi müəyyən edilib.

Araşdırma zamanı dəstə üzvlərinin vətəndaşları, xüsusilə də fermerləri qumara həvəsləndirmək üçün qadınlardan istifadə etdiyi ortaya çıxıb. İddiaya görə, qumarda böyük məbləğdə pul itirən şəxslərə yüksək faizlə borc verilib, daha sonra isə onlar veksel və borc sənədləri imzalamağa məcbur ediliblər.

Borcunu ödəyə bilməyən şəxslərin isə ofislərdə saxlanıldığı, ölümlə hədələndiyi və fiziki zorakılığa məruz qaldığı bildirilib. İstintaq çərçivəsində dəstənin bəzi qurbanların evlərini, torpaq sahələrini və digər aktivlərini ələ keçirdiyi də müəyyən olunub.

Hadisə ilə bağlı ən diqqətçəkən məqamlardan biri isə xüsusi qayğıya ehtiyacı olan bir uşağın fiziki zorakılığa məruz qalması olub. İddiaya görə, borcunu ödəyə bilməyən şəxsin ailə üzvü olan uşağa hücum edilib.

Polis mayın 5-də xüsusi təyinatlıların dəstəyi ilə əvvəlcədən müəyyən edilən ünvanlara eyni vaxtda əməliyyat keçirib. Əməliyyat zamanı əvvəlcə 6 nəfər saxlanılıb, sonradan saxlanılanların sayı 14-ə çatıb. Şübhəlilərdən birinin hərbi xidmətdə olduğu Amasiyada tutulduğu və Bursaya gətirildiyi bildirilib.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı sənədsiz tapança, patronlar, nasoslu ov tüfəngləri, zərərçəkənlərə imzaladıldığı iddia edilən çoxsaylı borc sənədləri və qeydlər olan dəftərlər aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə göndəriləcəyi bildirilib.

Medianews.az

Bizə qoşulun