Xəbər verdiyimiz kimi, mayın 7-də Sabunçu Rayon İcra Şöbəsinin əməkdaşları Hacı Qalib Salahzadənin adı keçən iş üzrə icra hərəkətlərini həyata keçirmək üçün Bilgəh qəsəbəsinə gəliblər.
Medianews.az musavat.com-a istanadla xəbər verir ki, icraçılar Azərbaycan vətəndaşı Seymur İsrafil oğlu Quliyevə məxsus olan, illər öncə zəbt olunmuş özəl mülkiyyəti zəbtdən azad edərək boşaltmalı, yolun üzərindəki darvazanı götürülməsini təmin etməli, torpağı qanuni sahibinə qaytarmalı idilər.
İçracılar əraziyə gəlsələr də, icra işi faktiki olaraq yarımçıq qalıb. Səbəb isə 20 sot torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən olmamasıdır. Akt tərtib olunaraq qərara alınıb ki, müvafiq mütəxəssis dəvət edilməklə ərazinin sərhədləri müəyyən olunsun və məhkəmə qərarı icra edilsin. İcra işi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Xatırladaq ki, Seymur Quliyevə məxsus özəl ərazidə 2 və 3 mərtəbəli 2 villa olub. Həmin villalar Hacı Qalib tərəfindən sökülüb.

Uzun illər ərazi Hacı Qalib Salahzadəyə məxsus olduğu bildirilən “Şəbəkə” restoranının dayanacağı kimi istifadə olunub. Ərazi Hacı Qalib Salahzadənin gəlini, iş üzrə cavabdeh Xatirə Allahşükür qızı Salahzadənin əmlakına bitişik olduğundan ora yol da bağlanıb. İş üzrə son qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımov tərəfindən 2025-ci ildə verilib. Məhkəmə ərazinin boşaldılması, Seymur Quliyevə təhvil verilməsi üçün icra vərəqəsi də verib. Qərarda açıq şəkildə göstərilir ki, cavabdeh Xatirə Salahzadə həmin torpaq sahəsini boşaltmalı, mülkiyyətçiyə təhvil verməli və əraziyə maneəsiz gediş-gəlişi təmin etməlidir. Darvaza, şlaqbaum və özbaşına tikilmiş hasar sökülməlidir.
Məhkəmə qərarına əsasən, Seymur Quliyevin torpağına giriş-çıxışı əngəlləyən dəmir darvaza, şlaqbaum və digər parklanma avadanlıqları yalnız iddiaçıya məxsus əraziyə düşən hissə üzrə cavabdeh Xatirə Allahşükür qızı Salahzadə tərəfindən sökülməlidir. Bununla yanaşı, ictimai avtomobil yolundan Seymur Quliyevin torpaq sahəsinə zəruri keçidin verilməsi də birbaşa cavabdehin vəzifəsi kimi müəyyən edilib.

Qərarda zəruri keçidin konkret ünvan, ölçü və istiqaməti də dəqiqliklə göstərilib. Keçid Bilgəh qəsəbəsi, Salahzadə küçəsi, döngə 21, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda əks olunan formada təmin edilməlidir. Məhkəmə təkcə fiziki maneələrin aradan qaldırılması ilə kifayətlənməyib. Qərara əsasən, cavabdeh Xatirə Salahzadədən 16 min 200 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Qərarın bu hissəsi Xatirə Allahşükür qızı Salahzadə tərəfindən icra olunub. Tələb olunan məbləğ Sabunçu Rayon İcra və Probasiya şöbəsinin hesabına köçürülüb. Bundan əlavə, tikinti-texniki ekspertizaya görə çəkilmiş 100 manat xərc də tərəflər arasında bölünüb. Məhkəmə qərarı 5 oktyabr 2025-ci ildə qanuni qüvvəyə minib, icra sənədi isə 6 noyabr 2025-ci ildə verilib. Hüquqi baxımdan qərarın icrası üçün heç bir maneəə olmasa da, 6 aydır ki, icra baş tutmur.