İstanbulda 32 yaşlı qadın keçmiş sevgilisi tərəfindən silahlı hücuma məruz qalıb.
Medianews.az xəbər verir ki, gicgah nahiyəsindən yaralanan qadın xəstəxanaya yerləşdirilib, hadisədən sonra qaçan şübhəli isə polis tərəfindən saxlanılıb.
Hadisə mayın 7-də gecə saat 01:45 radələrində Fetihtepe məhəlləsində baş verib. İddiaya görə, Kadir K. küçədə keçmiş sevgilisi Esin A. ilə qarşılaşıb. Tərəflər arasında başlayan mübahisə qısa zamanda silahlı insidentə çevrilib.
Məlumata görə, Kadir K. üzərindəki tapança ilə Esin A.-ya atəş açıb. Gicgah nahiyəsindən yaralanan qadına hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Həkimlər onun həyati təhlükəsinin olmadığını bildiriblər.
Polisin araşdırması zamanı məlum olub ki, şübhəli hücumu həyata keçirmək üçün Bursadan İstanbula gəlib.
Hadisə yerində araşdırma aparan polis əməkdaşları üç boş giliz aşkarlayıb. Təhlükəsizlik kameralarına düşən görüntülərdə qadının qaçmağa çalışdığı, şübhəlinin isə onu təqib etdiyi görünür.
Hücumdan sonra taksi ilə hadisə yerindən uzaqlaşan Kadir K. Beyoğlu İctimai Təhlükəsizlik Bürosunun əməkdaşları tərəfindən qısa müddətdə saxlanılıb. Bildirilir ki, onun əvvəllər də üç cinayət qeydiyyatı olub.
Şübhəli polis bölməsindəki prosedurlardan sonra “adam öldürməyə cəhd” maddəsi ilə məhkəməyə göndərilib.
Medianews.az