Ukraynada davam edən müharibədən yayılan yeni görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub.
Medianews.az xəbər verir ki, kadrlarda Rusiyaya məxsus olduğu iddia edilən FPV dronlarının hücum təhlükəsindən qorunmağa çalışan ana və uşağın meşəlik ərazidə gizləndiyi əks olunub.
Məlumata görə, hadisə Ukraynanın Kramatorsk şəhərində qeydə alınıb. Görüntülərdə ana və uşağın açıq ərazidə hücum riskindən yayınmaq üçün ağacların arasında sığınacaq axtardığı görünür.
Kadrlarda müharibənin ən ağır nəticələrindən birinin mülki insanların gündəlik həyatı üçün yaratdığı təhlükə olduğu bir daha diqqətə çatdırılıb. Sosial mediada yayılan görüntülər çoxsaylı istifadəçilər tərəfindən “ürək parçalayan mənzərə” kimi qiymətləndirilib.
Yerli mənbələrin bildirdiyinə görə, son dövrlərdə FPV dronlarının mülki ərazilərdə istifadəsinin artması bölgədə yaşayan insanların həyatını daha da təhlükəli vəziyyətə salıb. Xüsusilə cəbhə xəttinə yaxın yaşayış məntəqələrində sakinlər gündəlik fəaliyyətlərini belə böyük risk altında davam etdirməyə məcbur qalırlar.
Medianews.az