Medianews.az
“91-lər”in nümayəndəsi Heydər Əliyev haqqında elə şeylər danışdı ki… -
107 baxış

“91-lər”in nümayəndəsi Heydər Əliyev haqqında elə şeylər danışdı ki… - SENSASİON MÜSAHİBƏ

Tarixi şəxsiyyət, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində onun silahdaşlarının, tanınmış ictimai-siyasi xadimlərin müsahibələri, xatirələri böyük maraqla qarşılanır. Heydər Əliyevə müraciət edərək, ölkənin ağır dönəmində onu hakimiyyətə gəlməyə çağıran məşhur “91-lər”in nümayəndəsi, professor, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Musavat.com-a müsahibəsində sensasion məqamlardan bəhs edib.

- Şahlar müəllim, Heydər Əliyevi necə xatırlayırsınız?

- Heydər Əliyevi düzgün tanımaq və yaxud düzgün tanıtmaq ziyalıların borcudur. Mən elə bilirəm ki, Heydər Əliyevi biz hələ yaxşı tanımırıq. Bunu nəyə görə deyirəm? Heydər Əliyevin 100 illiyində, 365 gün təbliğat getdi, hamı kommunist Heydər Əliyevi göstərirdi, bir dənə demokrat Heydər Əliyevdən, yəni 1992-ci il noyabrın 21-dən sonra olan Heydər Əliyevdən o, 365 gündə bir dəfə də bəhs edilmədi.

- Çox maraqlı yanaşmadır… Sizcə tarixi şəxsiyyəti daha geniş auditoriyaya, tam şəkildə tanıtmaq üçün nə etmək lazımdır?

- Fərdlərin də burada rolu çox böyükdür, deyək ki, Elşad Paşasoyun, ya Şahlar Əsgərovun. Gərək kütlənin səviyyəsini qaldıraq ki, kütlə başa düşsün. Türkiyənin baş naziri olmuş Bülənt Ecevit Heydər Əliyevi hədsiz dərəcədə düzgün təsvir edib. Deyib ki, Heydər Əliyev min ildə bir dəfə doğulan dahilərdəndir. Və bir başqa jurnalist, 1992-ci ildə “Sobesednik” jurnalının jurnalisti deyirdi ki, Heydər Əliyev haqqında çox şey məlumdur. Amma Heydər Əliyev haqqında hər şey məlum deyil. Ona görə mənim aləmimdə elə dəyərlər var ki, bu, ümummilli dəyərdir. O dəyərləri istər iqtidar olsun, istər müxalifət olsun, hamı sevir. Misal üçün, Kür çayı, Kəpəz dağı milli dəyərdir. Əgər milli dəyərdirsə, hamımızındır. İndi Heydər Əliyev milli dəyərdir. Əgər Heydər Əliyevin əleyhinə danışan bir adam varsa, deməli, biz Heydər Əliyevi düzgün başa anlada bilməmişik.

image (21).jpg (360 KB)

- Hesab eləmirsinizmi ki, burada məsuliyyət elə özünü Heydər Əliyevçi adlandıran bəzi şəxslərin də üzərinə düşür?

- Əlbəttə, belələri çox olub, çox. Heydər Əliyev kimdir? Heydər Əliyev tarixi şəxsiyyətdir. Tarixi şəxsiyyətlər kimdir? Tarixi şəxsiyyətlər...Məsələn, İosif Stalin tarixi şəxsiyyətdir, çünki SSRİ-ni qurub. Mustafa Kamal Atatürk tarixi şəxsiyyətdir, çünki imperiyadan sonra Türkiyə Cümhuriyyətini qurdu. Şarl de Qoll tarixi şəxsiyyətdir, müharibədən sonra dövlət qurub. Konrad Adenauer və s. Bunlar tarixi şəxsiyyətlərdir. Heydər Əliyev də bizim dövlətimizi qurdu. Heydər Əliyevdən qabaq Əbülfəz Elçibəy vardı, Elçibəydən qabaq Ayaz Mütəllibov vardı, Mütəllibovdan qabaq Əbdürrəhman Vəzirov vardı. Onların heç biri dövlət qurmadı. Heç qurmaq təsəvvürləri də yox idi. Heydər Əliyev gələn kimi başladı dövlət qurmağa, quracağı dövlətin prinsiplərini əvvəlcədən bəyan elədi. Heydər Əliyev dahidir. Dahi kimdir? Dahi o şəxsdir ki, onun bu gün dediyi sözlər dünən üçün də düzdür, gələcək üçün də düzdür. Yəni onun dediyi sözlər köhnəlmir. Heydər Əliyevin 500-dən çox aforizmi var. O aforizmlər Heydər Əliyevi tarix boyu yaşadacaq. Deyək ki, Makedoniyalı İsgəndəri və onun müəllimi Aristoteli götür. Makedoniyalı İsgəndər yer kürəsinin yarısını tutmuşdu. İndi ondan ortada heç nə qalmayıb. Amma Aristotel heç yeri tutub eləməmişdi, amma elmdə dahi olduğuna görə bu saat da əvvəlki kimi böyük hörmətlə anılır. Əsərləri onu bu gün də yaşadır. Heydər Əliyev qeyri-adi şəxsiyyətdir. Sanki Yer adamı deyil. Niyə? Biz elm adamı, vətəndaş olmaqla yanaşı, ata, ana, babayıq. Deməli, hamımız uşağımıza toy eləyirik. İstəyirik toyumuza qohum-əqrəba, dost-tanış gəlsin. Heydər Əliyev iki övladının toyunu özü eləyib. Sevilin toyuna beş adam çağırıb, beş qonağı olub. Beş adamın iştirakı ilə qızı Sevili köçürüb. İlham Əliyevin toyunu Moskvada edib, 50 nəfərlə, qonaqların 10-20-si Bakıdan gedib. Sanki o, Yer adamı deyil, tamamilə başqa bir insandır, Ecevit deyən kimi, min ildə bir doğulan şəxsiyyətdir. Övladına toy edəsən, amma cəmi 5 adam çağırasan. Bu, mümkün deyil, təsəvvür etmək olmur. Amma Heydər Əliyevdə bu, mümkündür. Çünki o, Yer adamı deyildi.

- Yəni bu, şöhrətin fövqündə dayanmağın məntiqi nəticəsi idi, yoxsa…

- Tamamilə düz deyirsən. O, şöhrətin müvəqqəti olduğunu bilirdi. O, yerə təpik vuranların, çapan çalanların istənilən cəmiyyətdə olduğunu bilirdi. Ona görə o, həmişə Azərbaycan dövlətinin qurulmasını, Azərbaycan dövlətinin inkişaf etməsini və xalqın savadlanmasını istəyirdi. Çünki ancaq savadlı xalq, ancaq qüdrətli dövlət öz şəxsiyyətlərini yaşada bilər. Qüdrətin olmasa, yaşada bilmirsən. Məsələn, Moskva üçün Heydər Əliyev Mütəllibovdan sonra Azərbaycanın ikinci böyüyüdür. Amma elə deyil. Mütəllibov Konstitusiya qəbul etmədi, dövlət qurmadı. Heydər Əliyev isə Konstitusiya qəbul elədi, dövləti qurdu.

- Maraqlı məqamlara toxundunuz. Zamanında bildirilirdi ki, Əbülfəz Elçibəy də, əslində, prezident olmaq istəmirmiş, amma tərəfdaşlarının təkidindən sonra namizədliyinin irəli sürülməsi ilə razılaşıb. Ayaz Mütəllibovla müsahibələrimizin birində ona sual ünvanlamışdım ki, hərəkat adamları yaxşı tanımaya bilərdilər, amma axı, sizin təcrübəniz, keçdiyiniz yol Heydər Əliyevi tanımağa imkan verirdi. Elə isə niyə o ağır günlərdə Azərbaycanın taleyini Heydər Əliyevə etibar etməklə bağlı bir qərar vermədiniz, yalnız məlum faciələr baş verəndən sonra Elçibəy bu qərarı qəbul etməli oldu?..

- Yaxşı sualdır. Əslində bu sualda elə cavab da var. Heydər Əliyevi Bakıya 91 adam çağırdı. Elçibəy Heydər Əliyevi çağıran 92-ci adam oldu. Nəinki çağırdı, Heydər Əliyevin dalınca təyyarə göndərdi. Azərbaycanda kütlənin intellektual təbiəti elədir ki, düzgün qərara, düzgün həllə gedib çıxa bildi. Mənim məqaləm də var. Elçibəy 92-ci Heydər Əliyevçidir. 91-i müraciətə imza atanlardır, 92-ci Elçibəy. Elçibəy gördü ki, bu proseslər çox dərindən gedir, Qarabağ dərdi elə görünən kimi deyil, dərindədir. Ətrafına baxdı, Azərbaycana baxdı, o saat başa düşdü ki, bu problemləri, bu dərin işi həll edə bilsə, Heydər Əliyev həll edəcək. Və onun dalınca təyyarə göndərdi. O da tarixi şəxsiyyətdir. Heydər Əliyevin dalınca təyyarə göndərməsi onu tarixi şəxsiyyət edir.

- Maraqlı cavabdır. Amma Ayaz Mütəllibov o zaman bu barədə heç düşünmədiyini etiraf etmişdi…

- Dövlət haqqında düşünməyib də, iqtisadiyyat haqqında düşünüb. Dövlət haqqında, Azərbaycanın gələcəyi haqqında düşünən hər bir adam bu barədə düşünməli idi. Bizim milli qəhrəmanımız, tarixçi alimimiz Ziya Bünyadovun təkidi ilə 1991-ci ildə “91-lər” bir yerə yığıldılar, müraciətə qol çəkdilər və Heydər Əliyevi çağırdılar. Burada bir məqama toxunmaq istəyirəm. Tarixi saxtalaşdıranlar nədən istifadə edir: Heydər Əliyevi xalq çağırdı. Gəlin tarixə baxın, görün xalq harada çağırdı? Torpağı əkməsən, məhsul verərmi? Xalqın yaddaşına salmalısan ki, sənin belə bir oğlun var. Xalqın yaddaşında Heydər Əliyev şəxsiyyətini əkirsən, xalq onu müdafiə edir. Fərdlər, Xəlil Rza Ulutürk, Ziya Bünyadov, Sirus Təbrizli digər “91-lər”, Əbüfəz Elçibəy çağırdı Heydər Əliyevi. Nə xalq? Xalq Vəzirovu, Mütəllibovu Moskvadan niyə çağırmadı? Xalqda o potensial yoxdur. Çünki xalqın yaddaşı var, yaddaşı güclüdür, fərdin yaddaşından çoxdur. Amma xalqda ideya yoxdur. İdeya fərddədir.

- Şahlar müəllim, bu gün o, ağır tarixin bir parçasının xatırlandığı, Şuşanın işğal olunduğu gündür. Şükürlər olsun ki, artıq Şuşa 6-cı ildir azaddır, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin prezidentliyi, Ali Baş Komandanlığı ilə Şuşa və bütün işğaldakı ərazilərimizdə bayrağımız dalğalanır. Amma mən o dövrü xatırlayıram, ən çətin dönəmlərdə, beynəlxalq təzyiqlər altında, çadır şəhərciklərindən tutmuş, ali tribunalara qədər hər yerdə, Heydər Əliyev gözlərində ümid işığı, qətiyyətlə, inamla deyirdi ki, bir gün gələcək biz mütləq Şuşaya və bütün işğaldakı ərazilərimizə qayıdacağıq. Sizcə, bu, inam, əminlik onda haradan idi?    

- Bu, böyük bir elmi konfransın diskussiyasının materialıdır. Heydər Əliyev həm də tarixçi olduğuna görə, tarixin gedişatını, tarixi proseslərin inkişafını yaxşı bildiyinə görə, başa düşürdü ki, Ermənistan dövlətinin “qüdrəti” göründüyü kimi deyil, ondan qat-qat azdır. Onları  siyasi dairələr, Moskva, diaspora “qüdrətli” edir. Necə qüdrətli edir? Moskva onlara silah verir, Azərbaycanda isə silahı yığışdırır ki, qoy ermənilər qalib gəlsin. Yəni ermənilərin qələbəsinin obyektiv olmadığını Heydər Əliyev bilirdi. Ermənilərin qələbəsinin şişirdilmiş olduğunu, erməni təbliğatında yalanın çox olduğunu bilirdi. Və Azərbaycanı da tanıyırdı. Azərbaycan ziyalılarını tanıyırdı. Ondan sonra Azərbaycan tarixini bilirdi ki, axı, bu güc ermənlərdən çox-çox üstündür. Çox maraqlı sualdır. Bu haqda geniş bir diskussiya getsə, yaxşıdır. O zaman çox detallar açılar.

- Həm də Azərbaycan ordusunun potensialına da yaxşı bələd idi, eləmi?

- Bəli. Həzi Aslanov sovet dövləti naminə necə qəhrəmanlıqlar etdi. Mehdi Hüseynzadə…Saymaqla qurtarmaz e…Rus dövlətinin maraqlarından ötrü belə  qəhrəmanlıqlar edildiyini bilirdi. Düşünürdü ki, görün insanlar öz dövlətinin qələbəsi üçün nələr edə bilər.

- Sözlərinizdən belə qənaətə gəlmək olar ki, sovetlərin ən yüksək hakimiyyət orqanlarında təmsil olunmağa nail olmuş bir şəxs xalqının böyük imkanlarına bələd idi…

- Bəli. Onun o zirvəyə qalxmasının qarşısı həmişə alınıb. Amma Heydər Əliyev buna nail oldusa, demək çox qüdrətlidir və bu xalqın potensialı böyükdür. Biz gedib Moskvada Elmi Tədqiqat İnstitutunda seminarda çıxış edəndə hesab edirdik qoltuğumuzun altında qarpız var. Amma bu şəxsiyyət dünyanın yarısına sahib olan dövlətin başında duranlardan biri idi.

- Heydər Əliyevlə görüşünüzdən indiyə qədər heç mətbuata açıqlamadığınız bir məqam qalıbmı? Onun sizə dediyi söz, məsləhəti, bir xatirəsi barədə nə deyə bilərsiniz?

- Vallah, var, deyiləsi söz də var. Mən sizə bir görüşümüzü danışım. Baş tutmayan bir görüşümüz var, o mənim ürəyimdə bir yara kimi qalıb. 28 may 2002-ci il idi. Şəhidlər Xiyabanında tədbir keçirilirdi, əklilqoyma mərasimi idi. Bütün deputatlar, nazirlər və bütün səfirlər oradaydı. Uzaqdan baxırdıq ki, tədbirdən sonra Hacıbala Abutalıbov abidənin yanında Heydər Əliyevə nəsə deyir. Sonra Heydər Əliyev geri qayıdanda təqribən 70 metrlik məsafədən, durduğum yerə baxdı, məni gördü. İstiqamətini dəyişdi. Bizə tərəf gələndə, 10 metrlikdən baxdım ki, ətrafında Anar Rzayev, Rəbiyyət Aslanova digərləri…Gəldi, mənə yaxınlaşanda soruşdu ki, kefin necədir? Dedim cənab prezident, Təhsil haqqında qanun hazırdır, sizin məsləhətinizə ehtiyacım var. Fatma Abdullazadəni çağırdı, dedi, Murtuz Ələsgərov və Şahlar müəllimlə mənim görüşümü təşkil elə! Bu, mənim ən sevincli günüm idi. Amma o görüş təşkil olunmadı, mənim ürəyimdə ən ağır niskilə döndü ki, bizim təhsil qanunumuzla bağlı Heydər Əliyevin məsləhətlərini eşidə bilmədik. Onun məsləhətlərini, ictimai məsləhətlərini çox almışdım, amma konkret maddələrlə bağlı fikirlərini öyrənə bilmədim. Bax, o görüş mənim yadımdan çıxmır. 28 may 2002-ci il. Yəni vəfatından bir il qabaq. Bu faktı mən indi açıq deyirəm. Abel Məhərrəmovu rektor təyin edəndə demişdi ki, filosof Şahlar da universitetdədir? Abel müəllim deyib, cənab prezident, bəli, o da bizim universitetdədir. Deyib oğul, sən bilmirsən, o filosofdur.  Bax, bu qədər…

Musavat.com

Bizə qoşulun