Medianews.az
Piyadalar probleminin həlli üsulları
45 baxış

Piyadalar probleminin həlli üsulları

Deputatlar yaz sessiyasında bir-birindən maraqlı təkliflər, qanun projeləri ilə çıxış etməkdədir. İlk növbədə Ağcabədinin deputatı Tahir Rzayevin çıxışı diqqətimizi cəlb etmişdir. Sitat: “Bizə adi görünən vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişin tətbiqi əhəmiyyətli ola bilər. Yolu keçən hər bir adama görə maşının saxlanılması xeyli vaxt alır və tıxaca səbəb olur. Yaxşı olar ki, hər kəs üçün yol bağlanmasın, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra keçidə icazə verilsin. Bu həm yol mədəniyyətidir, həm də sürücülərin rahatlığı, tıxacların müəyyən qaydada aradan qaldırılması üçün vacibdir”.

Möhtəşəm təklifdir. Doğrudan da, bəzən görürsən hansısa zəhmətkeş yolu keçir, deputatlar, rəislər, prokurorlar, nazirlər isə maşını saxlamağa məcburdur. Hər kəs üçün yolu bağlamaq olmaz. Müəyyən adamları seçmək lazımdır. Sənətkar bunu vaxtilə yazmışdır: “Hamımız bərabərik, bəziləri isə daha çox bərabərdir”.

Hətta ola bilər qanun qəbul olunsun ki, deputat iclasa tələsəndə yolu keçən fəhləni maşınla vurmağa ixtiyarı çatır. Bu da fəlsəfi məsələdir. Hesab edək sən qatar maşinistisən, yol ayrıcına çatanda görürsən ki, qatarı sağdan sürsən relsi süpürən 5 fəhləni vuracaqsan, soldan getsən şpalların üstündə yemək-içmək (iftar da ola bilər) süpürləyən deputat köməkçisini. Lokomotivi hardan sürməlisən? Əlbəttə, fəhlələr tərəfdən. Burada ictimai faydalılıq əmsalı nəzərə alınır. Bir deputatın aylıq qazancı rəsmən 10 min manatı keçirsə, fəhlə isə 1 manata eşşək kimi çalışırsa, kimin həyatı daha dəyərlidir? Ritorik sualdır, cavab lazım deyil. Özü də bunu mən yazmamışam, Sabir yazıb: “Fəhlə, sən də özünü bir insanmı sanırsan? Pulsuz kişi, insanlığı asanmı sanırsan?”.   

Sözgəlişi, bu təklifləri irəli sürən deputat müəllimin özü də ədəbiyyat adamı imiş, tərcümeyi-halında yazılıb ki, Sovetin vaxtında Ağcabədi raykomunda 2-ci katib vəzifəsində çalışmış və eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yəqin Anar müəllimə üzvlük haqqını vaxtlı-vaxtında ödəyir, yoxsa üzvlükdən çıxarardılar.

Qayıdaq mövzuya, yəni, keçid məsələsinə. Deputatın təklifindəki “8-10 nəfər toplaşsın, sonra maşınlar dayansın, bunlar keçsin” hissəsinin tətbiqatı da olduqca maraqlı alına bilər. Təsəvvür elə, gəlmisən yolun qırağına, lakin səndən başqa 7 adamı da yığmaq lazımdır, əks halda küçəni keçmək mümkün deyildir. Otur, gözlə. Bəlkə həmin gün, həmin yerə axşama qədər heç 3 nəfər də yaxınlaşmadı?

Çox gərgin vəziyyət yaranar. İnsanlar yolu keçmək üçün qruplaşmağa məcbur olar. Xalqın cəmiyyətə çevrilməsi, sosiallaşma artar. Gör nə qədər uzaqgörən təklifdir... Bəlkə də adam müxalifətçidir, xalqın birləşməsini, toplu şəkildə küçələrə axışmasını arzulayır. Ay xətakar...

Ancaq yolu keçmək üçün biz 7-8 nəfər yığışsaq buna da polis imkan verməyəcəkdir. Post patrul xidməti və Çevik Polis Alayından söhbət gedir. Yəni, yol polisi bizi yolu keçmək üçün 8 nəfər olmağa vadar edəcək, o biri polislər isə bu cür icazəsiz toplaşdığımız, asayişi və sabitliyi pozduğumuz üçün dağıdacaq.

Gördüyümüz kimi, hardan baxsan təpik camaata dəyir. Bizim evdə oturmağımız da, küçəyə çıxıb yol keçməyimiz də ziyandır. Hökumətə və deputatlara. Məncə Trampın da xoşuna gəlmirik.  

O üzdən, deputatlar qanun qəbul eləsin, hər keçidin qabağında dərin çalalar qazılsın, yolu keçən piyadalar ora düşsün. Sonra ekskavatorla üstünü ört, bitsin, getsin.

Hazırda bəzi səkilərdə belə çalalar var, açıq kanalizasiya lyukları da çoxdur. Lakin ekskavator məsələsi həll edilməlidir.

Onsuz deputatı da yolu piyada  keçənlər seçmir.

Bizə qoşulun